Qubad Ibadoğlu: «Dövlətinin maliyyə resursları imkan verir ki, həm «Baku Cristall Hall» zalının tikintisini reallaşdırsın, həm də əmək haqlarının artımını qüvvəsində saxlasın»
Azərbaycan hökuməti “Eurovision” üçün “Baku Cristall Hall” zalının tikintisini reallaşdırmaq üçün 3 məxfi sərəncam imzalayaraq əvvəlcədən müxtəlif layihələr, təqaüd və maaşların artırılması üçün nəzərdə tutulan vəsaiti bu istiqamətə yönəldib. Nəticədə yuxarıda deyilən məqsədlər üçün ayrılan 50 milyon vəsait “Eurovision”a qurban verilib. Amma maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın maliyyə imkanları həqiqətənmi bu qədər kasaddır ki, müsabiqə üçün tikilən kompleksə vəsait əhali üçün kifayət qədər önəmli olan sahələrdən kəsilərək ayrılıb?
Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, Azərbaycan dövlətinin maliyyə resursları imkan verir ki, həm “Baku Cristall Hall” zalının tikintisini reallaşdırsın, həm də əmək haqlarının artımını qüvvəsində saxlasın. Bu baxımdan Q.Ibadoğlu hesab etmir ki, hökumətin əmək haqlarının artırılması üçün nəzərdə tutulan vəsaiti investisiya xərclərinə yönəltməsi büdcə qıtlığından irəli gələn məsələdir: “Bu, daha çox hakimiyyətin siyasətindən qaynaqlanan məsələdir. Hakimiyyət alıcılıq qabiliyyətinin məhdudlaşdırılmasına yönələn qərarlarla göstərir ki, o heç də sosial addımlara yönəlik siyasət yürütmək niyyətində deyil. Eyni zamanda bu vəsaitin bu formada xərclənməsi heç də büdcə ilə bağlı qəbul olunan qərarlara uyğun deyil”.
Q.Ibadoğlunun sözlərinə görə, büdcə vəsaitləri üzərində icra hakimiyyətinin qeyri-məhdud səlahiyyətlərə sahib olması nəticədə bu cür mənzərə yaradır. Nəticədə parlament və Hesablama Palatasının da büdcənin xərclərinə münasibəti formal xarakter daşıyır: “Siyasi məqsədlər üçün büdcə vəsaitlərinin xərclənməsi hakimiyyətin maraqlarına daha uyğun siyasətdir. Burada dövləti maraqlar nəzərə alınmır. Halbuki xarici ölkələrdə bu cür qərarlar qəbul olunarkən vergi ödəyicilərinin rəyi nəzərə alınır. Vergi ödəyicilərinin narazılığı ilə qarşılanan xərcləmələr dərhal müzakirəyə çıxarılaraq dayandırılır. Azərbaycanda isə bu müşahidə olunmur. Düzdür, Azərbaycanda dövlət büdcəsini daha çox neftdən gələn gəlirlər təşkil edir. Amma hər bir halda bu vəsaitlər də xalqın sərvətidir”.
Hikmət


