Birdən-birə Xocalı faciəsinə bu qədər can yandırmalarına, pul və göz yaşı tökmələrinə anlam verməyə çalışıram. Alınmır. Açığı, heç indi ağlabatan bir versiyam da yoxdur. Gözləyək. Yaxınlarda çıxar qoxusu.
Bəli, mən bunların Xocalı ağrısının, Xocalı kədərinin, Xocalıya ədalət istəmələrinin səmimiyyətinə inanmıram. Çünki inanmaq üçün səbəbim yoxdur. Inanmamaq üçün səbəbim daha çoxdur.
Çünki mən hər gün büdcədə Xocalı genosidi törədib, neft pullarını qanına qəltan edib, sonra da Xocalı soyqırımına görə üzülən bir zehniyyətin səmimiliyinə heç vaxt inanmaram. Dünyadan Xocalıya ədalət istəyən bir zehniyyət bəs o ədaləti bu gün öz vətəndaşlarına niyə istəmir? O ədaləti öz vətəndaşlarına niyə tanımır? Sən öz vətəndaşlarına qarşı adil deyilsənsə, ədalətli deyilsənsə, dünyadan bunu tələb edərkən nə qədər gülünc göründüyünün doğrudanmı, fərqində deyilsən?
“Xocalıya ədalət!” deyirsən, bəs seçkidə xocalıların səsini niyə ədalətli saymırsan?
Əgər o sevimli sözlərinizlə desək, dünya birliyi bu ədalətsizliyə hələ də dözürsə, bunun tək səbəbi var: çünki sən özün də ədalətsizsən! Vəssalam.
Iki fotonun arasında səmimiyyət fərqi
Burdan “Taksim”ə – Xocalı mitinqinə gedən deputatların fotolarına baxıram. Baxıram və düşünürəm: məsələn, Mübariz Qurbanlı.
Bu adam ötən il Bakının mərkəzindəki 2 aprel mitinqinə də getmişdi, əlbəttə, iştirakçı kimi yox, müşahidə üçün. Poqonsuz polis kimi. Kənarda bir kafedə oturmuşdu, polis öz vətəndaşlarına qan uddurur, yerlərdə sürüyür, ağzını-burnunu qırır, Mübariz müəllim isə qarşısındakı çaydanmı, yoxsa pivədənmi, indi dəqiq xatırlamıram, hortuldada-hortuldada zövqlə bu mənzərəni seyr edirdi. Onun həmin gülümsəyən fotoları indi də qalır.
Yaxşı, öz vətəndaşlarını öz polislərinin əli ilə döydürüb bundan zövq alan bir zehniyyətin Taksim meydanındakı Xocalı mitinqində üzünə qondurduğu kədərin səmimiliyinə, saxta olmadığına mən necə inanmalıyam? 2 apreldəki o foto nədir, 26 fevralda Taksim meydanındakı foto nə?
Axı bilməyə nə var ki, həmin fotoların hansında daha səmimidir Mübariz müəllim.
Mitinq Bakıda pisdir, “Taksim”də yaxşı?
Ən əsası, axı bu gün Türkiyədə, digər ölkələrdə Xocalı mitinqlərinə uça-uça gedənlər nə tez unutdular dünənəcən “Mitinqlər 90-cı illərdə qalıb” bəyanatlarını?
Bəs bunlar özləri demirdilərmi, mitinqlərin vaxtı keçib?
Özləri demirdilərmi, mitinqlər bir mübarizə vasitəsi kimi çoxdan köhnəlib?
Bunlar deyildimi “müxalifət yeni mübarizə vasitələri tapmalıdır” deyə yeri-göyü inlədən?
Bunlar deyildimi, “mitinqlər populizmdir, ictimai sabitliyə zərbə vurmağa hesablanıb” deyə səhər-axşam baş-beynimizi aparan?
Amma indi Taksimə mitinqə gedirlər.
Doğrudan da, yalançının yaddaşı olmur.
Üstəlik, Bakıda mitinqi qadağan edib, başqa ölkələrdə mitinq keçirməyə belə həvəsli olmaq da bunların nə qədər saxtakar, riyakar olduqlarının göstəricisidir. Bilirəm, durub deyəcəklər ki, bu, Azərbaycanın ümummilli işidir. Bəli, amma mənim üçün korrupsiya da, ən azı Xocalı qədər ağır dərddir.
Mənim üçün tayfabazlıq da, regionçuluq da, milli iradənin çeynənməsi, hüququn yerlərdə sürünməsi, ölkədə Respublikaçılığın kökünün qazınıb, yerində monarxiya qurulması da Xocalı qədər üzücüdür, ağrılıdır, dözülməzdir. Elə isə bu dərdlərimizə də ağlamağa niyə qoymursunuz bizi.
Niyə qoymursunuz bu dərdlərimizi də meydanlardan açıq-açıq bağıraq?
Niyə “Taksim”də mitinq yaxşıdır, amma Bakıda pis?
Niyə “Taksim”də keçirilən mitinq 90-cı illərdə qalmır, amma Bakıda vaxtı keçmiş mübarizə üsulu olur?
Niyə, niyə, niyə?
Bir daha Koroğlu heykəli haqqında
Təkcə Xocalı məsələsi də deyil.
Elə Koroğluya qoyduqları heykələ görə sosial şəbəkələrdə, KIV-də qınaq, kinayə hədəfinə çevrilmələrinin səbəbi də bunların səmimiyyətsizliyidir, o heykəlin qoyulmasının keçmişə sayğıdan qaynaqlanmadığının hər kəsə bəlli olmasıdır.
Bəli, sən Gəncədə, oğlunun gözü qarşısında onun anasını aşağılayan, döyən polis rəisinin müavini Koroğlunu cəzalandırmazsansa, Alı kişinin oğlu Koroğluya nə qədər istəyirsən heykəl qoy, kimsə sənin xoşgörünə inanmaz, inana bilməz.
Hər şey bu qədər bəsitdir.
Əlbəttə ki, anlayana…

Bəs deyirdiniz, mitinqlər 90-cı illərdə qaldı?
•
•