Avrozonadakı böhran Azərbaycanı da vuracaq

Azərbaycanın ən böyük ticarət tərəfdaşı Italiyada ciddi böhran gözlənilir

Məhəmməd Talıblı: «Italiyadakı böhran bu ölkənin Azərbaycanın neft və neft məhsullarının alışına mənfi təsir edə bilər»

Avropa iqtisadiyyatının yenidən böhranla üzləşəcəyini proqnozlaşdıran Avropa Komissiyası hətta bu ilin yekununda ÜDM-in azalacağını da vurğulayıb. Böhranın bu dəfə vuracağı ölkələrin siyahısına gəlincə, bunlar ilk növbədə Italiya, Ispaniya və Yunanıstan olacaq. Avropa Komissiyası yalnız Almaniya, Latviya, Litva və Polşada ÜDM-in müəyyən dərəcədə artacağını vurğulayıb.
Azərbaycanın neftini ixrac etdiyi əsas ölkələrdən biri Italiyadır. Bəs Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutan Italiyanın böhranla üzləşməsi bizim iqtisadiyyata nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblının fikrincə, bu il yaşanması gözlənilən böhran Italiya ilə yanaşı digər Avropa ölkələrinə də təsir edəcək. Bunlar əsas böhranla üzləşən ölkə ilə sıx əlaqə saxlayan dövlətlər olacaq: “Italiyanın hansı ölkənin iqtisadiyyatında payı böyükdürsə, həmin ölkə böhrandan təsirlənəcək. Azərbaycanın neft və neft məhsullarının ixracatında Italiya böyük yer tutur. Italiyanın böhranla üzləşməsi o demək olacaq ki, bu ölkənin sənaye istehsal sahəsində durğunluq yaşanacaq. Bu sahələrdə durğunluğun və düşüşün yaşanması isə ona gətirib çıxaracaq ki, enerji daşıyıcılarına tələbat aşağı düşəcək. Məhz bu məqam Azənrbaycanın neft ixracına, daha sonra isə hasilatına təsir edə bilər ki, nəticədə ölkəyə gələn neft pulları da azalacaq”.
M.Talıblı hesab edir ki, Italiya iqtisadiyyatındakı durğunluğun Azərbaycan iqtisadiyyatından təsirsiz keçməsi üçün yeni ölkələr aranmalıdır. Azərbaycan düşünməlidir ki, Italiyadan neftə olan tələb azalarsa, hasilatın azalmaması üçün Italiyaya azalan ixracatı başqa ölkələrə yönəltsin. Belə olan halda Italiyada baş verən böhran Azərbaycan üçün tam təsirsiz sovuşa bilər.

Xəyal