Avropadan Lukaşenko rejiminə yeni qadağalar

Belarus hakimiyyətinin daha 21 rəsmisi “qara siyahı”ya salındı

Avropa Birliyi Belarus hakimiyyətinə qarşı sanksiyaların genişləndirilməsi haqda qərar verib. Quruma üzv ölkələrin xarici işlər nazirlərinin fevralın 27-də Brüsseldə keçirilən toplantısında qəbul olunan qərarla Aleksandr Lukaşenko rejiminin yüksək səviyyəli rəsmiləri sərt qadağaların hədəfi olub. Onların Belarusda insan haqlarının pozulmasına görə məsuliyyət daşıdığı vurğulanır.

Avropa Birliyinin mətbuat xidmətindən yayılan açıqlamaya görə, yeni sanksiyalarda Lukaşenko rejiminin 21 rəsmisi Belarusda vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında və demokratik ənənələrin inkişafının qarşısını almaqda günahlandırılır. Onların Avropa Birliyinə üzv ölkələrə səyahəti qadağan olunub və həmin rəsmilərin bu ölkələrdəki bütün varlıqları dondurulub. Qadağalarla üzləşənlər əsasən hüquq-mühafizə orqanlarının rəhbərləri və məhkəmə sisteminin şəffaf işləməsinə maneələr törədən yüksək səviyyəli məmurlardır. Onların adları bu gün Avropa Birliyinin rəsmi orqanında yayımlanacaq buraxılışda bilinəcək.

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri bu ilin martında Belarus sahibkarların qurumun “qara siyahı”sına salınması və Aleksandr Lukaşenko hakimiyyətinə yönəlik sərt tədbirlərin müzakirə olunması haqda da razılıq əldə ediblər. Əlavə edək ki, Avropa Birliyi indiyədək ölkədə fundamental azadlıqların və insan hüquqlarının pozulmasında iştirak edən Belarusun 200-dən çox fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Lukaşenko rejimi isə Avropa Birliyinin bütün ittihamlarını rədd edir.

azadliq.info