Arzu Rəhimov Səfər Əbiyevlə toqquşur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi nazirin adamlarını işdən çıxarmağa başlayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müdafiə naziri Səfər Əbiyevin kadrlarını işdən çıxarmağa başlayıb. Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Arzu Rəhimov hərbi komissarlarla tanışlıq iclasında onların nəzərinə çatdırıb ki, yeni qaydalarla işləməli olacaqlar. Onun müəyyənləşdirdiyi qaydaları qəbul etməyənlər isə xidmətlərini orduda davam etdirə bilərlər. Bu iclasdan sonra Arzu Rəhimov Səfər Əbiyevin kadrlarını “vurmağa” başlayıb.
Oxucuların diqqətinə çatdıraq ki, Ilham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi barədə fərman imzalayıb. Bu fərmana əsasən Respublika Hərbi Komissarlığı ləğv edilib. Əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti yaradılıb. Beləliklə də hərbi komissarlıqlar faktiki olaraq müdafiə nazirinin nəzarətindən çıxarılıb. Lakin hərbi komissarların əksəriyyəti Səfər Əbiyevə yaxın şəxslərdir. Çünki bu sahəyə təyinatlara nə qədər qəribə olsa da, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov nəzarət edir. Bu, nazir müavininin Səfər Əbiyevlə kirvə olmasından irəli gəlir.
Indi Arzu Rəhimovun hərbi komissarlıqlarda “təmizləmələrə” başlaması Səfər Əbiyevlə aralarında ziddiyyətlərin başlanmasına səbəb ola bilər. Lakin nəzərə alsaq ki, Arzu Rəhimov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxsdir, bu halda Səfər Əbiyevin onunla mübarizədə böyük çətinliklərlə üzləşəcəyini söyləmək olar.

Azad