
Minlərlə müxalifətçi soyqırım qurbanlarını vətənpərvər şüarlarla yad etdi
Əli Kərimli: “Xocalı faciəsini törədənlər cinayətkar kürsüsündə oturmalıdır, dövlət başçısı kürsüsündə yox”
İctimai Palatanın çağrışı ilə fevralın 26-da minlərə insan Xocalı soyqırımını anmaq üçün Bakıda yürüş keçirdi. Saat 12-də başlanan yürüş böyük bir məsafəni əhatə etdi. “AMAY” ticarət mərkəzinin yaxınlığından başlayaraq “Ana Harayı” abidəsi önünə qədər davam edən yürüş müxalifətin 2005-ci ildən bəri ən uzunmüddətli aksiyası sayıla bilər.


Məzlumluq duyğusunu yox edən göstəri
Yürüş öz xarakterinə görə bu çağa qədər olan anım tədbirlərindən fərqləndi. Yürüşdə səslənən şüarlar tam başqa atmosfer yaratmışdı.
Minlərlə insanın yürüş boyunca “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ”, “Xocalı”, “Azərbaycan” şüarları genosidlə bağlı insanlarda yaranan məzlumluq, əzginlik hislərini dağıdırdı. Hər kəsin sifətində əzmkralıq, torpaqları geri qaytarmaq üçün intiqam duyğusu hiss olunurdu.

.jpg)
Polisdən çıxmayan iş
İP tərəfdarları şüarlar səsləndirdikdən sonra Azərbaycanın himnini oxudular. Onların bu izdihamlı hərəkətlərinə kənardakılar da biganə qalmırdı, çox sayda insan yol boyu yürüşə qoşulurdu. İlk dəfə idi ki polis müxalifətçilərin yürüşünü tam sakit və müdaxiləsiz izləyirdi.
Yürüş “Ana Harayı” abidəsi önündə başa çatdı. İP liderləri abidə önünə əklil qoydular. Burada da himn oxundu. Sonra İP liderləri İsa Qəmbər və Əli Kərimlinin qısa çıxışları oldu.

.jpg)
Qisas
Müsavat başqanı İsa Qəmbər çıxışında Azərbaycan dövlətinin və xalqının Qarabağı azad etməyə qadir olduğunu vurğuladı. İ.Qəmbər qeyd etdi ki, Xocalının qisası alınacaq: “Biz Şuşamızı, Xocalımızı azad eləyək, insanlarımız öz torpaqlarını qayıtmalıdır və orada xoşbəxt yaşaya bilsin. O gün Xocalının qisası alınmış olacaq, şəhidlərimizin ruhu şad olacaq. Azərbaycan xalqımız buna qadirdir. İnanıram ki, Qarabağı azad edəcəyik. Tanrı Azərbaycanı qorusun”.


Bütün dünya erməni faşistlərini tanımalıdır
AXCP sədri Əli Kərimli isə dedi ki, Xocalı qətliamını törədənlər, insanlığa qarşı bu vəhşilik cavabsız qalmamalıdır. Amma bu cəza erməni vəhşiliyinin təkrarı olmamalıdır: “ Biz o vəhşilikləri eləmək istəmirik, istəmərik də. Onların cinayətinin birinci cəzası o olmalıdır ki, bütün dünya bu cinayətkarların, bu terroçuların, faşistlərin əsl sifətini görməlidir, bütün dünya Xocalı faciəsini bilməlidir. Bu cinayəti törədən insanlar dövlət rəhbərləri yox, Haaqa tribunalı qarşısında oturan cinayətkarlar olmalıdırlar. Onlar beynəlxalq cinayət məhkəməsi qarşısında məsuliyyət daşımalıdırlar”.

Ən böyük cəzamız…
“…Və ən nahayət bizim o cinayətkarlara ən böyük cəzamız və bu narahat ruhlara ən böyük məlhəmimiz Qarabağın azadlığı olar. Qarabağı qaytarmaq, onun üzərində Azərbaycanın suverinliyini təmin etmək bütün şəhid ruhlarının bizdən tələbidir.
Allah milətimizə o gücü, o cəsarəti versin ki, bir gün bu abidənin qarşısında hesabat verək ki, milətimiz qalibdir, dövlətimiz inkişaf edir. İnşallah, o gün yetişəcək və biz daha alnı açıq şəkildə bu abidənin qarşısına gələ biləcəyik”.
Natiq


