Mitinqi Azərbaycan Kültür Dərnəyi təşkil edib
Cəmil Ünal: “Bu gün işğal altında olan Qarabağ min illik Türk yurdudur”
Xocalı faciəsi fevralın 26-da Türkiyənin paytaxtı Ankarada da izdihamlı mitinqlə anılıb. Aksiyanı Azərbaycan Kültür Dərnəyinin təşkil edib. Bu barədə məlumatı Kültür Dərnəyinin sədr müavini İsa Yaşar Tezəldən almışıq.
Sədr müavini bildirib ki, Ankarada yerləşən Abdi İpekçi parkında təşkil edilən aksiyaya Türkiyə ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələrinin və media nümayəndələrinin təmsilçiləri qatılıb. Aksiya təşkilatçılarının iştirkaçılara və media təmsilçilərində payladığı bildirişdə Qarabağ münaqişəsi, olayların tarixi keçmişi və hazırki durumuyla bağlı məlumatlar öz əksini tapıb.
Mitinqdə çıxış edən Azərbaycan Kültür Dərnəyinin başçısı Cəmil Ünal bildirib ki, Qarabağ deyə bilinən geniş coğrafiya dünya birliyinə Dağlıq Qarabağ olaraq izah edilsə də, əslində bu torpaqlar Azərbaycan ərazisinin 20 faizini təşkil edir: “Qarabağ min illik Türk yurdudur. Bu gün işğal altındadır. 20 il əvvəl bu gün rus hərbi birləşmələrinin dəstəyiylə ermənilər Xocalıda günahsız insanların üzərinə pulemyot və tanklarla hücuma keçdi. 613 nəfər vəhşicəsinə öldürüldü”.
Çıxışı tez-tez şüarlarla kəsilən Cəmil Ünal deyib ki, Qarabağ probleminə görə əsas məsuliyyəti ermənilər daşımadığı kimi, münaqişəni həll etmək üçün formalaşdırılmış ATƏT-in Minsk qrupunun həmsədrləri də dəyişməlidir və bu təklifi vermək Azərbaycan hakimiyyətinin vəzifəsidir. Dərnək rəhbəri qrupun həmsədrləri olan Fransa, ABŞ və Rusiyanın “erməni sevdasından vaz keçə bilməyən dövlətlər” olduğunu söyləyib.
Abdi İpəkçi parkında keçirilən və hər ilki aksiyalardan daha kütləvi xarakter alan Xocalını anma mitinqinə qatılanlar, xüsusən də gənclər Türkiyə və Azərbaycan bayraqlarının müşaiyətilə iki ölkənin himnini oxuyublar. Aksiya iştirakçıları “Qarabağ Türkdür, Türk qalacaq”, “Nə mutlu Türküm diyənə”, “Hamımız Türkük, ermənilər harada?”
“Tək millət, iki dövlət, Xocalıya ədalət”, “Dünya yatma, Xocalının unutma” şüarları səsləndiriblər.
Kültür Dərnəyi həmçinin, Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisinin tanımasını tələb edir. “Türkiyə cəmiyyəti Xocalı qətliamını bir soyqırım olaraq tanıyıb artıq. Bizim tələbimiz bu soyqırımı Türkiyə parlamentinin tanımasıdır. Türkiyə parlamenti bu addımı atmalı, daha sonra Xocalı soyqırımını dünyanın başqa dövlətlərində rasmən tanınmasına nail olmalıyıq”, – deyə Kültür Dərnəyinin sədr müavini İsa Yaşar Tezəl əməkdaşımızla söhbətində deyib.
İnformasiya şöbəsi