ABŞ-dan Bəşər Əsədi dəstəkləyənlərə sərt xəbərdarlıq

Hillari Klinton:“Ölkədə zorakılıq nə qədər davam edərsə, onların şərəfi bir o qədər ləkələnəcək”

ABŞ dövlət katibi Hilari Klinton Afrika ölkələrinə səfəri çərçivəsində Mərakeşdə olub. Mərakeşli həmkarı Səadəddin əl-Osmani ilə görüşdə tərəflər Suriyada baş verənləri müzakirə ediblər. Görüşdən sonra mətbuat konfransında çıxış edən Klinton bildirib ki, suriyalı iş adamları və hərbçilər Bəşər Əsədə qarşı çıxmalıdırlar. Onun sözlərinə görə, ölkədə zorakılıq nə qədər davam edərsə, onların şərəfi bir o qədər ləkələnər.

“Əsəd rejimini dəstəkləyən suriyalılara müraciətlə bildirmək istəyirəm ki, rejimin təşkil etdiyi zorakılıqlarda, hərbi qüvvələrin əməliyyatlarında iştrak etməyərək ölkənin qəhrəmanları səviyyəsinə yüksələ bilərsiniz. Əsəd Suriya xalqını inandırmağa çalışır ki, rejimə qarşı çıxanlar terrorçular və ekstremistlərdir. Bu, qətiyyən belə deyil. Suriyalılar daha yaxşı gələcək üçün birləşməlidirlər. Biz Suriyada zorakılığa son qoymağa çalışan tərəfdaşlarımızla məsləhətlər aparmağa davam edirik. Rejimin dəyişməsi üçün əlimizdən gələni edirik. Hazırda məsələnin hüquqi tərəfləri təhlil edililir. Bu çətin bir prosesdir. Lakin mən təhlillərin nəticələrini və qərarın nə olduğunu öyrəndikdən sonra bu barədə şərhlərimi davam etdirəcəm” – deyə ABŞ rəsmisi vurğulayıb.