Ilham Əliyevin əmisi oğlunun sifarişi ilə həbs olunan Böyükağa Abdullayev Zakir Qaralova məktubunda nə yazıb?
Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişi ilə həbs olunduğunu bildirən və hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Böyükağa Abdullayev baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Həmin müraciətin surəti redaksiyamıza daxil olub. Böyükağa Abdullayev müraciətində bildirir ki, onun həbsi sifarişlə həyata keçirilib və qanunsuzdur.
“Sizdən xahiş edirəm ki, mənim barəmdə tərtib edilən ittiham aktını nəzərdən keçirəsiniz. Bu zaman mənim qanunsuz olaraq həbs olunduğumu görəcəksiniz. Prokurorluq orqanlarında çalışan bəzi şəxslər əsassız, absurd fərziyyələrlə bir insanın taleyinin üzərindən xətt çəkdiyinin şahidi olacaqsınız. Bəlkə də bir insan kimi bu sizi ağrıdacaq. Çünki həqiqətən də barəmdə tərtib ittiham cəfəngiyyatdan başqa bir şey deyil”.
Böyükağa Abdullayev daha sonra yazır: “Haqqımda tərtib olunmuş ittiham haqqında göstərilir ki, istintaqla müəyyən edilməmiş nəqliyyat vasitələrilə 15 min 750 ton torpaq sataraq külli miqdarda nağd pul əldə etmişəm. Indi mən sual edirəm: Əgər nəqliyyat vasitələri istintaqla müəyyən edilməyibsə, əldə etdiyimiz pulların mənsəbi müəyyənləşdirilməyibsə onda mən hansı əsasla həbs olunmuşam? Necə ola bilər ki, ”satılan” torpaq bəllidir, amma nəqliyyat vasitələri yox? Niyə bu araşdırılmayıb? Yox əgər bunlar müəyyənləşdirilibsə nə üçün ittiham aktında göstərilməyib? Istintaqa müəyyən edilməmiş hallar sübut kimi qəbul edilə bilərmi? Başqa bir sual: Əgər iş materiallarında maliyyə-mühasibatlıq sənədləri yoxdursa, itidai istintaq məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə necə qərar çıxara bilər? Ibtidai istintaq bütün bunları öz çirkin niyyətini həyata keçirmək üçün edib. Istintaqın bu kimi əsasız, qanunsuz hərəkətləri prokuror andına sığmayan, prokurorun şərəfinə, prokurorluq orqanlarının adına ləkədir”.
Böyükağa Abdullayev sonda ümid etdiyini bildirib ki, baş prokuror bu məsələni nəzarətə götürərək işə ədalətlə yanaşacaq.
Hikmət