Onlara çatmayan çörək… (FOTOLAR)

Çox olmasa da büdcədən əqli və fiziki qüsurlu insanlara, onların mövcudluğuna vəsait ayrılır. Ancaq araşdırmalar göstərir ki, vəsait ünvanına çatmır.
“Mənə bir məmməd ver, mənə də bir məmməd ver!”, – bağlı darvazanın ara-bərəsindən iki cüt göz baxırdı. “Neynəyəcəksən bir məmmədi?” “Çörək alacam…”. Göy-Göldəki 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evinin önündəydik…
İnternat evinin mühasibi Nigar Şərifovanın sözlərinə görə, orada 115 nəfər yaşayıb. Ötən ilin oktyabrından isə onların sayı artıb. Buna da səbəb Buzovnadakı 9 saylı internat evinin təmirə dayanmasıdı. Buzovnanın 23 sakini də 115 nəfərə əlavə olub: “Hazırda 138 nəfər üzvümüz var. Ərzaq təminatında heç bir problemimiz yoxdur. Dövlət bizi hər şeylə təmin edir…”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin (ƏƏSMN) saytında isə əlillərin sayı 119 nəfər göstərilib.
Göy-Gölün Qırıxlı kəndində yerləşən internat evinə ötən il 423.522 manat, o cümlədən “dərman-sarğı ləvazimatları və materialların alınması” maddəsinə 18500 manat, ərzaq məhsullarının alınmasına 121.800 manat smeta təsdiq olunub. 2012-ci ildə internata 481.822 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınmasına 18500 manat, ərzaq məhsullarının alınması maddəsinə isə 178.000 manat vəsait nəzərdə tutulub.
İnternat evinin sakinləri ilə söhbətdən sonra məlum oldu ki, həmin gün günortaya düyü və borş yeyiblər. Bəziləri onlara ət verildiyini desə də, digərləri bunu inkar edirdi…


Mühasibin sözlərinə görə, internatı “Sabir” MMC ərzaqla təmin edir: “Əlillərə ət məmulatlarından mal əti, əgər siyahıya salınıbsa, quş əti və balıq əti (konservləşdirilmiş də ola bilər – A.F.), üç cür şorba bişirilir. Düyü, qarabaşaq, makaron yarması verilir”.
Hazırda ölkədə əqli və fiziki qüsurlu insanların, eləcə də uşaqların yaşadığı bir neçə internat evi var. Bu internat evlərinin beşi Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyinin balansındadı. Bunlar: Saray 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evi, Şağan 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evi, Buzovna 9 saylı, Şamaxı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evi və Göy-Göl 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evidir.
Buzovnadakı internat evində isə təmir gedirdi. Həyətə qoyulan lövhədə internat evinin adı dəyişdirilərək istirahət evi kimi göstərilmişdi. İnternat evinin direktoru Ədilə Əliyeva hazırda təmir getdiyini, xəstələrin isə ölkədəki digər internatlara köçürüldüyünü dedi: “Burda indi xəstə yoxdu. Onları Bilgəhə, Gəncəyə və Şamaxıya köçürüblər”.
Direktor təmir işlərini ƏƏSMN-nin apardığını, yerlərə paylaşdırılan əlillərin də tibbi və ərzaq xərclərini nazirliyin qarşıladığını söylədi.
İnternat evinin və özünün fotosunu çəkməyə icazə verməyən xanım “ola bilsin ki, bu idarənin adı da dəyişdirilsin… Buranın nəyini çəkəcəksiniz? Hər tərəf dağıntıdır. Aprel-may aylarında gələrsiniz, çəkərsiniz”, – dedi.
ƏƏSMN-nin saytında 217 yerlik internat evində 207 nəfər ruhi-əsəb əlilinin yaşadığı deyilir.
Şağanda yerləşən 3 saylı internat evinin keçmiş direktoru Qətibə Əsədova hazırda Saraydakı 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün olan internat evinə direktor təyin olunub. Onun təyinatından 3 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də direktor stulu boşdur. Direktoru əvəz edən Vüsal adlı şəxs bildirdi ki, o, direktor əvəzi olsa da suallara cavab verə bilməz.
ƏƏSMN-nin mətbuat xidmətindən Şağanda və Buzovnada yerləşən internat evlərinin onların tabeçiliyində olduğu, ancaq maliyyələşməni Bakı Baş Maliyyə İdarəsinin (BBMİ) həyata keçirdiyi bildirildi. Vəsaitlə bağlı BBMİ-ə müraciət etdikdə isə onlar suallarımızı Maliyyə Nazirliyinə (MN) ünvanlamağı məsləhət gördülər.


Maliyyə Nazirliyinin mətbuat xidməti isə suallarımızı cavablandırmadı.
Saray 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinə 2011-ci ildə 578.318 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınması maddəsinə 36000 manat, ərzaq məhsullarının alınması maddəsinə 147.000 manat smeta təsdiq olunub. 2012-ci ildə  isə 737.274 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınması maddəsinə 36000 manat, ərzaq məhsullarının alınması maddəsinə isə 235.000 manat vəsait nəzərdə tutulub. Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir.
405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır.  
Şamaxı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evinə 2011-ci ildə 313.876 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınmasına 5000 manat, ərzaq məhsullarının alınmasına 134.900 manat smeta təsdiq olunub. 2012-ci ildə isə 340.894 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınmasına 6000, ərzaq məhsullarının alınmasına 132.000 manat vəsait nəzərdə tutulub. İnternat evi 100 nəfər üçün nəzərdə tutulub. Nazirliyin saytında orada 96 nəfərin yaşadığı bildirilir.
İnternat evinin direktoru Çingiz Mehrəliyev bildirdi ki, hazırda Buzovnadan müvəqqəti yerləşdirilənlərlə birlikdə internatda 147 nəfər sakin var: “2011-ci ilin oktyabr ayında Buzovnadan 38 nəfər əqli və fiziki qüsurlu əlil Şamaxıya köçürülüb. Buranı saxlamaq çətindir. Xəstələrə də qarabaşaq, makaron, mal və qoyun əti verilir. Toyuq verilmir. Əti hər gün veririk. Bizə ərzağı “Kamran – A” və “Yasamal” şirkətləri gətirir”.
İnternat evində yaşayan bəzi əlillər onlara verilən yeməklərin yaxşı olmadığını dedilər. Anlaqlı olan bu insanların sözlərinə görə, səhər yeməyi zamanı verilən yağ normadan az olur: “Anlaqlı xəstələrə şəkər tozu şirin çay üçün verilə bilər. Anlaqsızlara o da verilmir. Şor verilir ki, o da 1 çay qaşığı ola, ya olmaya. Balıq da veriləndə konservası olur. O da bir tikə… Ət də verilsə həftədə 2 dəfə olar. Meyvə də verilmir”.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, əlillərin gündəlik ərzaq xərci Şamaxıdakı internat məktəbində 2 manat 50 qəpik, Göy-Göldəki internat evində 3 manat 50 qəpik, Saraydakı internat evində 5 manat 20 qəpik təşkil edir. Bu isə o deməkdir ki, əlillərə ayrılan aylıq yemək xərci uyğun olaraq 75 manat, 105 manat və 156 manatdır.
“Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manata  bərabərdir. Bu halda Şamaxı və Göy-Göldəki əlillərin qidasına ayrılan vəsaitin onların fiziloji mövcudluğu üçün hökumətin müəyyənləşdirdiyi həddən də az olduğunu görə bilərik.  Bu onu göstərir ki, xüsusi həssas qrupa daxil olan və qida rasionu müxtəlif vitaminli məhsullardan olmalı olan əlillərə ayrılan vəsait onların sadəcə fiziki mövcudluğu üçün nəzərdə tutulub”, – Samir Əliyev dedi.

Göy-göldəki internat evini ərzaqla “Sabir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təmin edir. Cəmiyyətin sədri Zakir Məmmədov internata hər gün 200-250 manatlıq ərzaq verdiyini dedi: “Olur ki, həftədə 1 dəfə, elə də olur ki, 3 gündə 1 ərzaq aparılır. Bu, onların tələbinə baxır”.
“Ərzaqların çeşidi çörəkdən tutmuş, qənd, çay, kartof, soğan, düyü, yarma və sairədi. Bir də Maliyyə Nazirliyinin göstərişləri var ki, hər rüb bazar qiymətlərinə uyğunlaşdırılmış ərzaqlar verilməlidi. Mən indi başqa yerdə işləyirəm deyə, o vəziyyəti görüb qiymətləndirirəm. Ordakı əlillərin də sayı azdır. 80-90 nəfər. 250 manatla nə almaq olar? Ərzağa aylıq 7000 – 8000 manat vəsait ayrılır. Özü də hər il tenderdə iştirak edirəm. Qiymət məni o qədər də narahat etmədiyinə görə uduram. Bir də ki, oranın direktoru Arzu xanım (Söhbət Arzu Həmzəyevadan gedir) bizim yaxın adamdı. Kömək edirəm də. Yoxsa Maliyyə Nazirliyinin rüblük verdiyi qiymətlə bazar qiyməti heç cür uyğun gəlmir. Bankın pulu, 2 faiz vergi, sosial fond, mühasibin pulu, maşın pulu da çıxıldıqdan sonra yerdə 100-200 manat pul qalır”, – dedi Z.Məmmədov. Onun sözlərinə görə, 10 ilə yaxındır müəssisəsi qeydiyyatdan keçib və 3-4 ildir ki, tenderin qalibi olur.
Sahibkar illik müqavilənin bəzən 75000, 80000, bəzən də 82000 manat civarında olduğunu söylədi: “Bu il 80000 manatlıq müqaviləmiz var”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Ekspert Qrupunun açıqlamasına görə, bu halda büdcə vəsaitlərinin yayındırılmasından söhbət gedir: “Bu ondan qaynaqlanır ki, tender qanunvericiliyində boşluqlar var. Əvəlla, şirkəti araşdırıb görsəniz ki, müəssisə rəhbərliyinə hər hansı formada yaxınlığı var və bu, tender qanunvericiliyinin pozulmasıdı. Çünki tender qanunvericiliyi maraq ziddiyyətlərini inkar edir. O ki qaldı bir müəssisənin ərzaq təminatına 178.000 manat vəsait ayrılsın, ancaq müqabilədə 80000 göstərilsin bu, təkcə tender qanunvericiliynin pozulması deyil. Birbaşa büdcə qanunvericiliynin, büdcə sistemi haqqında qanunun tələblərinin pozulması, büdcə korrupsiyasıdır. Elə məsələlər var orda qanuna əməl edilmir, ancaq sizin dediyiniz bu məsələdə qanunda boşluqlar var. Tender qanunverciliyi prosesin özünün açıqlığına, şəffaflığına təminat vermir.  

Aytən Fərhadova,
Fotolar Abbas Atilay və Əhməd Muxtarındır