Üstündən günlər keçdi, amma mən hələ də şəhərin mərkəzindəki bir qəssabxanadan qaçan, ölümdən qurtulmaq istəyən, həyat mücadiləsi verən o inəyi unuda bilmirəm.
Nə insanlar vardı həyatımda – unutdum. Heç həyatımda olmamışlar kimi, mən heç onları tanımadım, heç adlarını eşitmədim, üzlərini heç görmədim, heç badə toqquşdurmadım, heç çörək kəsmədim, heç bağrıma basmadım, heç sevinclərimi, hüznlərimi paylaşmadım sanki, sildim həyatımdan, sildim hafizəmdən hər birini, unutdum.
Amma o inəyi unuda bilmirəm günlərdir.
Zalıma qarşı, boğazına çəkiləcək bıçağa, ayaqlarına bağlanacaq kəndirə qarşı verdiyi savaşı, həyat mücadiləsini unuda bilmirəm.
Çünki insan olsun, ya heyvan, fərq etməz – bir canlının əlini-qolunu sallayaraq asanca təslim olmaması gərəkdiyinin isbatıdır bu.
Insan olsun, ya heyvan, fərqi yoxdur, sonunadək dirəşməli olduğunun…
Hətta qurtuluşu olmasa belə, ölümdən, zülmdən qaçışı olmasa belə, sonunadək mübarizəsini sürdürməyə, boynundakı, əlindəki, ayaqlarındakı kəndirləri, zəncirləri qırıb savaşmağa məcbur olduğunun simgəsidir bu.
Anlayanlar üçün o inəyin qaçışında, qurtuluş arzusunda, özgürlüyünə qovuşmaq ehtirasında öyrəniləcək nə hikmət vardır, dərs alınacaq nə ibrət vardır, bir bilsəniz…
Inək deyib keçməyin…
Bundan sonra “belə gəlib, belə də gedəcək” deyə bu zülm, bu işgəncə qarşısında ağ bayraq qaldıran…
Hər şeydən əlini çəkib, ümidini kəsib, aqibəti ilə barışaraq, taleyinə razı olaraq müticəsinə bu demokratiya, özgürlük, rifah qəssablarının bıçağı altına uzanan…
Başına gələnlər, gələcəklər qarşısında təpkisiz qalan, olanlarla, olacaqlarla razılaşan, etirazını içinə gömən, qorxusuna yenik düşən hər kəs üçün bir utanc abidəsidir o inək. Bir üzqaralığıdır. Bir dərsdir. Bir görkdür.
Bəlkə də günlərdir unuda bilməməyimin səbəbi də budur.
Bundan sonra da unutmayacam yəqin ki. Istəsəm belə, unuda bilməyəcəm. Bu ölkədə ədalətin, haqqın, hüququn, həqiqətin boğazına bıçaq çəkməyə hazır olan qəssab kimi bir rejim qarşısında səssiz qalan, təslim olan hər insanı görəndə o inəyi xatırlayacam.
Zülmə qarşı, işgəncəyə qarşı mübarizənin bir gözəlliyi, bir özəlliyi də budur – insan olsun, ya inək, fərq etmir, unudulmursan, əbədilik qazanırsan.
Həmişəlik ehtiramla xatırlanırsan.
Sevgi ilə, sayğı ilə anılırsan.
Ən əsası isə: bəlkə özün qurtula bilmirsən amma, başqalarının qurtuluşu üçün bir yol, bir cığır açırsan.
Çin tənqidlərinə cavabım
Dünənki yazımla bağlı bir neçə oxucu email və facebook üzərindən iradlarını göndəriblər. Çini kiçik görməyimi, onu Azərbaycanla tərəzinin eyni gözünə qoymağımı haqsızlıq kimi dəyərləndiriblər. Çinin iqtisadi cəhətdən sürətlə böyüməsini, Qərbin “qorxulu röya”sına çevrilməsini qəribsəməyimi qınayıblar.
Öncəliklə diqqətlərinə görə hər birinə buradan təşəkkürlərimi göndərir, amma iradlarını da əsla paylaşmadığımı bildirmək istəyirəm.
Çin bu gün dünyada totalitarizmin son qalalarından biridir. Tək partiya ilə yönəldilir. Hansı ki, çağdaş dünyada bundan böyük bir ayıbın, bundan rəzil bir durumun olduğunu düşünmək çox çətindir. Kapitalizmə, sümürücülüyə qarşı duruşunu isə digər avtoritar, totalitar ölkələrə himayəçiliyinin, onlara dəstəyinin içində çoxdan əritmiş, yox etmişdir.
Çində söz azadlığı yoxdur. Ictimai rəy və xalq iradəsi xor görülür. Istənilən sərbəst toplaşma qan içində boğulur. Həbsxanalar siyasi düşüncələrindən, müxalif fikirlərindən, tənqidi mövqeyindən dolayı həbs edilənlərlə doludur.
Bütün bunları göz önünə alaraq, Çindəki idarəetmə modelini, hakim zehniyyəti alqışlarla qarşılamaq, müdafiə etmək, ona sayğı duymaq mənim dünyagörüşümlə tərs düşər.
Üstəlik, hüququn və azadlıqların işləmədiyi istənilən ölkənin doğrudan da böyüdüyünə, gücləndiyinə, belə bir böyümə, güclənmə varsa belə, onun “kitayski” olmadığına, davamlı, sarsılmaz olduğuna, bundan həmin ölkə insanlarının çoxluğunun faydalana, yararlana bildiyinə məni kimsə inandıra bilməz.
Diqqətinizə görə bir daha təşəkkür!

Necə insanlar unutdum, amma o inəyi unuda bilmirəm
•
•