…Amerika yazıçısı Uinston Qrumun eyni adli romanı əsasında çəkilmiş 6 Oskar mükafatlı “Forrest Qamp” filmi maraqlı bir süjet üzərində qurulub. Filmin, eləcə də romanın əsas qəhrəmanı Amerikanın XX əsr tarixinə damğasını vuran bir ailənin üzvüdür. Bu ailə müharibələr zamanı şəhid verir, siyasi kataklizmlər vaxtı isə yenə də ön cəbhədə olaraq zülmün qarşısına silahsız çıxmaqla haqq-ədalətin tərəfində dayanıb zindanlara düşür.
Film ekranlara çıxan zaman unudulmuş romana da həyat verdi, hətta insanlar film qəhrəmanının həyatdakı prototipini də tapdılar. Filmin süjet xəttinin, respublikaçı senator Con Makkeynin həyat hekayəsinə daha yaxın olması partiyanın işinə də yaradı. Konqresə seçkilər ərəfəsində ekranlara çıxan və milyonların qəlbini fəth edən bu film tamaşaçıları, yəni amerikalılar, Makkeynin partiyasının qələbəsini də təmin etdilər.
Beləliklə, senatorun əsir düşməsi və o zaman atasının Sakit okean donanmalarının birində komandan olması, ona və partiyasına dividendlər qazandırdı.
Bəli, Makkeynlər ailəsi nəinki Amerika üçün simvolik bir ailədir, həm də mübarizə rəmzidir.
Bu möhtəşəm ənənələri olan ailələr, istər Amerikada, istərsə də dünyanın müxtəlif ölkələrində haqq-ədalət uğrunda çarpışmaqdan usanmırlar, varlıqlarını çətin anlarda göstərməyi bacarırlar, hər şey yoluna düşənə qədər vuruşurlar.
Azərbaycanımız üçün XX əsr ən faciəli bir əsr olaraq tarixə düşdü… Əsrin əvvəli və sonu erməni xəyanəti ilə üzləşən xalqımız 1937-ci ilin repressiyası zamanı və faşizmə qarşı mübarizədə üst-üstə bir milyondan çox insanını itirdi.
Məhz bunun nəticəsini indi hiss edirik. Bəli, Azərbaycan bir qrup klan hakimiyyətinin zülmü altındadır. Kimdir onlar? XX əsrdə başımıza gələn bütün müsibətlərdən(!) faydalanaraq “sağ-salamat” çıxanların törəmələri…
1937-də üzə duranlar, daha sonra Vətənin müdafiəsindən yayınanların uşaqları Azərbaycana son 100 ildə çəkmədiyi məşəqqətləri yenidən yaşatmaq niyyətindədirlər. Lakin onların nəzərə almadıqları bir şey var – XX əsrdə vətənin azadlığı uğrunda canlarından keçən o möhtəşəm nəsil tamamilə məhv olmayıb, yaşayır və bu gün də zülmün, istidbadın qarşısındadır. Taleyinə şəhid və məhbus həyatı yazılmış qəhrəman kişilərin yadigarları bu gün yenə ayaqdadır…
Arzuman Məcidli… Gənclər onu oğlu Elnura görə tanıyır, biz isə onun oğlunu Arzuman bəyə görə tanıyırdıq. Elnur hazırda Azərbaycanın, bəlkə də dünyanın ən gənc siyasi məhbusudur. 19 yaşlı bu gənc məhkəmə zamanı, hər kəsi özünə heyran buraxdı – əlləri qandalda, özü dəmir barmaqlıq arxasında olan yeniyetmə gülümsəyərək atasına hər şeyin qaydasında olduğunu bildirir və oxumaq üçün kitab sifariş verirdi…
Istər-istəməz getto (faşizm işğalı altında olan yəhudi məskənləri) haqqında filmlər yada düşür, yeganə fərq isə… zaman və övladın ataya təskinlik verməsidir. Elnur sanki atasından öncə tutulduğu üçün sevinirdi. Belə mübarizə örnəyi varmı başqa bir xalqda?..
Istər Arzuman bəy, istərsə də bu gün digər vicdan məhbusları təsadüfi insanlar deyil. Onların hər biri Azərbaycanın müstəqilliyi uğrunda mücadilə vermiş nəslin nümayəndələridir. Həbsdə olan digər vicdan məhbusu Məhəmməd Məcidlinin atası, Çərkəz Məcidli dissident şair olub, sovet quruluşu zamanı təqiblərə davam gətirməyərək infarktdan dünyasını dəyişib. Hazırda Məhəmməd bəy mahiyyətcə eyni olan bir rejimin vicdan əsiridir. Qarabağ qazisi Babək Həsənov, Azərbaycanın müstəqilliyinə səs vermiş 25 millət vəkilindən biri Arif Hacılı da zindandadır, amma mübarizəni elə orda davam etdirirlər.
Siyasi məhkəmələr tarixi, eyni vaxtda bu qədər insanın siyasi ittihamlara bu qədər qürurla, mətanətlə cavab vermələrinin bir daha şahidi olmayacaq…
…Bəzən mənə elə gəlir ki, dünyanın bizə paxıllığı tutur, azadlığı ən çox haqq edən bir xalq üzərində eksperiment aparırlar, onu sındırmaqla məşğuldurlar(!)…
Lütfən söyləyin, azadlığı Xəlil Rza kimi sevən ikinci bir şairı hansı xalq yetişdirə bilib, bu fani dünyada:
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram, dalıram Azərbaycana!
…Və mən inanıram ki, bir gün dünya məhz Elnur və Arzuman Məcidlinin mübarizəsindən bəhs edən daha möhtəşəm “Forest Qamp”a şahidlik edəcək…

Məhbus atası Arzuman Məcidliyə
•