Əli Əhmədovun AXCP sədri haqda dediklərini siyasilər hansı qüvvəyə alternativ kimi baxıldığının görsənişi sayırlar
Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın vəziyyətinə dair tənqidlərə cavabında o qədər arqumentsiz olur ki, hətta bir sıra hallarda özünü təkzib etdiyini belə, nəzərə ala bilmir. YAP-ın icra katibi Əli Əhmədovun «Yeni Azərbaycan» qəzetinə verdiyi müsahibə də bu cür “özünüinkar” janrındadır. Əli Əhmədov müsahibəsində son zamanlar nüfuzlu beynəlxalq KİV-də Azərbaycandakı neqativ hallarla bağlı məqalələrin artmasına AXCP sədri Əli Kərimlini səbəbkar görür. «Azərbaycana qara yaxmaq indi müxalifətin ideologiyasına çevrilib. Bu sahədə daha çox “çalışan” isə Əli Kərimlidir. Narahatlıq doğuran budur ki, Əli Kərimlinin “çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir. Onun ölkənin imicinə xələl vurmağa yönəlmiş bəyanatları, uydurduğu yalanlar qəribə bir asanlıqla ayrı-ayrı ölkələrin mətbuat səhifələrinə yol tapır və beləliklə də, Əli Kərimlinin təqdimatında təhrif olunmuş, tanınmaz hala salınmış Azərbaycan xarici ölkələrdə müzakirə predmetinə çevrilir», – deyə YAP-ın sədr müavini bildirir.
Maraqlıdır ki, hakimiyyət təmsilçiləri, o cümlədən Əli Əhmədov Azərbaycan müxalifətinin və müxalifət liderlərinin cəmiyyətdə nüfuzu, tərəfdarı olmadığı, beynəlxalq aləmin onları tanıyıb-saymadığı haqda danışmağı çox sevirlər. Bəs onda nə əcəb Əli Əhmədov az qala, bütün dünyanı Azərbaycan iqtidarının üzərinə AXCP sədri Əli Kərimlinin qaldırdığını etiraf edir?
“Qərb Əli Kərimlini sanballı lider olaraq qəbul edir”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli hesab edir ki, Əli Əhmədovun açıqlamasını doğrudan da etiraf kimi qəbul etmək olar. Azərbaycanda müxalifətin zəif olduğunu, xalqdan dəstək ala bilmədiyi deyənlərin yanıldığını qeyd edən İ.İbrahimli bildirdi ki, müxalifət və onun liderlərindən biri olan Əli Kərimli həm ölkə daxilində, həm də xaricdə nüfuz və təsir imkanlarına malikdir: «Azərbaycanda müxalifət həmişə olub, indi də var. Əli Əhmədovun etirafları da təsdiqləyir ki, Əli Kərimli Azərbaycanda avtoritarizmə qarşı siyasi mübarizənin aparılmasında mühüm rol oynayır və onun mövqeyinə beynəlxalq birlik də istinad edir. Bir müddət əvvəl «Washington Post» qəzetində Əli Kərimlinin məqaləsinin dərci, eyni zamanda Avropa mətbuatının AXCP sədrinə bir siyasi lider, ölkədə birinci şəxs kimi istinad etməsi onu göstərir ki, Qərb onu sanballı lider olaraq qəbul edir».
İ.İbrahimlinin fikrincə, xarici mətbuatda Ə.Kərimlinin, AXCP-nin mövqeyinə istinad olunması hansı qüvvənin hakimiyyətə alterantiv gözündə görüldüyünü də nümayiş etdirir. AXCP-nin də daxil olduğu İctimai Palataınn hazırda cəmiyyətdə böyük nüfuza sahib olduğunu deyən İ.İbrahimli bildirdi ki, demokratik qüvvələrin nüfuzunun hər ötən gün artması hakimiyyəti narahat edir: «Hakimiyyətdəkilər hətta özlərini gülünc vəziyyətə salmaqdan çəkinməyərək, Əli Kərimliyə qarşı absurd ittihamlar səsləndirirlər. Onlar çox gözəl bilirlər ki, Azərbaycanı dünyada gedən demokratikləşmə prosesindən kənarda saxlaya bilməyəcəklər. Bu ittihamlar həm də hakimiyyətə Əli Kərimlinin alternativ təşkil etdiyinin etirafıdır. Hakimiyyətin bu anti-təbliğatı AXCP sədrinin nüfuzunu cəmiyyətdə daha da artıracaq».
“Hakimiyyət özünü inkar edir”
İP üzvü Mahal İsmayıloğlu isə hesab edir ki, hakimiyyətin məsilələrə bu cür primitiv formada yanaşması ölkə reallıqlarını əks etdirmir. Ə.Kərimliyə ünvanalanan tənqidlərin reallıqdan uzaq olduğunu deyən M.İsmayıloğlu vurğuladı ki, əgər ölkə demokratik normalara cavab vermirsə bunun məsuliyyətini Ə.Kərimli və demokratik qüvvələr daşımır: «Əli Kərimlinin ölkədə demokratik normaların qorunmadığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, insan haqlarının pozulduğunu vurğulaması məqbul haldır və bütün dünyada bu praktikadan istifadə olunur. Bu cür yanaşma ilə hakimiyyət özünü inkar edir. Çünki adama sual verərlər ki, bəs hanı sənin elan etdiyin beynəlxalq nüfuz, analoqu olmayan inkişaf?».
Xəyal