İctimai Palata Xocalı konfransı keçirdi (VİDEO)

Müxalifət soyqırımla bağlı hakimiyyətə hansı təklifləri verdi?

İctimai Palata faciəyə qiymət verdi, ermənilərdən intiqam almağın yolları müzakirə olundu

Xocalı faciəsinin 20 illiyini Ictimai Palata (IP) xüsusi konfransla yad etdi. Konfransa IP üzvlərilə yanaşı, alimlər, ictimai fəallar və Ziyalılar Forumunun təsisçiləri də qatılmışdı.

Erməni qətliamlarında bənzərlik

 

Konfransda əvvəlcə professor Cəmil Həsənli məruzə ilə çıxış etdi. O bildirdi ki, Xocalı soyqırımı elə yeganə hadisələrdəndir ki, onu kitablardan yox, canlı şahidlərdən öyrənmək olar. Baş verən faciənin XX əsrin sonlarında bəşəriyyətin mədəniləşdiyi haqda iddiaları puça çıxardığını söyləyən tarixçi alim bir detalı da açıqladı. Onun sözlərinə görə 1905, 1918-ci illərdə törədilən erməni qətliamları xaraktercə Xocalı soyqırımı ilə çox bənzərdir: “Bunların hamısında cəsədlərin üzərində intiqam elementləri, insanların diri-diri oda atılması, cəsədlərin təhqir edilməsi var”.

Zəngin tarixi materiala biganəlik

Cəmil Həsənli 1918-ci il mart qırğınlarını o çvaxtkı milli hökumətin yüksək səviyyədə sənədləşdirdiyini, lakin bu sənədlərdən təəssüf ki, ermənilərin ifşası üçün istifadə olunmadığını dedi.
Xocalını “Yer üzündən silinmiş yaşayış məntəqəsi” adlandıran tarixçi alim dedi ki, Balkanlarda törədilən qətliamlara görə Miloşeviç məsuliyyətə cəlb olunduğu kimi, Xocalının yer üzündən silinməsinə, ayrı-ayrı ailələrin tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyan insanlar da müəyyənləşdirilməli və cəzalandırılmalıdır.

Xocalıdan əsr götürülən uşaqların dilənçi həyatı

IP Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlının məruzəsi isə Xocalı faciəsi zamanı törədilən konkret cinayət halları, qətliamda iştirak edən quldur dəstələri, onları idarə edən mərkəzlərin fəaliyyəti haqda oldu. Q.Muxtarlının sözlərinə görə, mötəbər sənədlər əsasında artıq sübut olunub ki, Xocalıya qarşı əməliyyatda Rusiya kəşfiyyat xidməti yüksək rol oynayıb. Bundan başqa, bütün beynəlxalq qanunların qadağan etməsinə baxmayaraq, Xocalıda dinc insanlara qarşı kimyəvi silahdan istifadə olunub.
Məruzəçi bildirdi ki, Xocalıda əsir götürülən körpə uşaqların üçüncü ölkələrdə dilənçiliyə cəlb edilərək onların topladığı vəsaitlərin Ermənistana göndərildiyi barədə də ciddi sənədlər var.
Q.Muxtarlı maraqlı bir məlumatı da bölüşdü. Onun sözlərinə görə, Xocalıdakı qətliamın dəhşətinə dözməyib intihar edən rus əsgərləri də olub.

Gənclərdə natamamlıq kompleksi yaranmamalıdır

IP üzvü, tarixçi alim Ismayıl Musayev çıxışında gənclərin natamamlıq kompleksi keçirməməsi üçün bir sıra təkliflərlə çıxış etdi. Onun fikrincə, faciəvi günləri çox qabardanda gənclər düşünür ki, xalqın tarixi ancaq əzilməklə, öldürülməklə keçib. Bunun olmaması üçün Azərbaycan xalqının işğalçılara qarşı rəşadət göstərdiyi çoxsaylı döyüşləri də təqdim etmək lazımdır.
I.Musayev Xocalı ilə bağlı IP-in davamlı işlər görməsini vacib saydı. Hakimiyyətin bu il nəhayət, Xocalı ilə bağlı geniş miqyaslı tədbirlərə başladığını deyən çıxışçı iqtidarı qeyri-səmimilikdə suçladı. O bildirdi ki, hətta Xocalı ilə bağlı tədbirdə də vətəndaşlar arasında ayrı-seçkilik aparılır, müxalifətçi müəllim və tələbələri tədbirlərə dəvət etmirlər.

Rusiayalı yazar Xocalı soyqırımı barədə

Daha sonra tədbirdə Xocalı faciəsinə görə Bakıya gələn Rusiya vətəndaşı, yazar Aleksandr Fomenkov çıxış etdi. O, Xocalı faciəsinə həsr etdiyi kitabından şeirlərini iştirakçılar üçün oxudu. Fomenkov hazırkı erməni rəhbərliyini “soyqırımın əsas iştirakçısı” adlandırdı və dedi ki, bu insanlarla Azərbaycan rəhbərliyinin əl verib gülərüz görüşməsi Rusiyada soyqırımın tanıdılması məsələsində çətinlik yaradır. Insanlar haqlı olaraq deyir ki, “sən Roma papasından çox katoliksən”.

Rafiq Əliyev: “Qulağımdan fəryad səsləri hələ də getməyib”

Ziyalılar Forumunun başqa bir təmsilçisi, akademik Rafiq Əliyev dedi ki, soyqırımın canlı şahidlərindəndir: “Ağdam məscidində, mədəniyyət evində analarımızın fəryadı hələ də qulağımdadır. Bu səs 20 ildə bir dəfə də olsun, qulağımdan getməyib”.
Akademik dedi ki, həmin gün insanların ən böyük sevinci öz yaxınlarının dirisini də yox, meyitini tapmaq idi. “O şəhidlərin ruhu, əqidəsindən asılı olmayaraq, hamımızı intiqama çağırır” deyən R.Əliyev əlavə etdi ki, intiqamın yolu ölkəmizin və regionun demokratikləşməsindən, milli dəyərlərimizə sədaqətdən keçməlidir.

Xocalı ilə bağlı saytlar niyə yenilənmir?

Xocalı ilə bağlı saytlar niyə yenilənmir?

Tarixçi, araşdırmaçı alim Nəsiman Yaqublu Xocalı faciəsinin tanıdılması istiqamətində aparılan işləri təqdir etsə də, ciddi çatışmazlıqlara da toxundu. Məsələn, o dedi ki, Qarabağla bağlı ermənilərdən 8 il sonra yaradılan 17 saytın 12-si yenilənmədən qalır, bu isə təbliğatda Azərbaycanın uduzmasını şərtləndirir. Nəsiman Yaqublu bildirdi ki, soyqırımın dünyada tanıdılması mühüm iş olsa da, azərbaycanlılar üçün ən əsas məsələ torpaqları işğaldan azad etməkdir.

Xocalı faciəsindən siyasi rəqiblərə qarşı istifadə olunub

IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də konfransda çıxış etdi. O, Xocalı faciəsinə Azərbaycanın özündə qiymət verilməsinin çətinliyini xatırlatdı. Bildirdi ki, soyqırımı hakimiyyət xeyli dərəcədə siyasi konyunkturanın qurbanına çevirib, bundan ölkənin daxilindəki rəqiblərinə qarşı istifadə edib. Əli Kərimli qeyd etdi ki, o, deputat olan zaman Xocalı soyqırımına görə məsuliyyət daşıyan insanların siyahısını göstərən qərar layihəsinə 17 azərbaycanlının da adı salınmışdı, bunun qarşısını böyük çətinliklə alaraq, siyahıdan çıxarıblar.

AXC parlamentinin qərarı icra olunmalıdır!

Hazırda hakimiyyətin soyqırımla bağlı kampaniya xatrakterli işlərinə toxunan AXCP sədri dedi ki, belə tədbirlərlə faciənin məntiqini anlamaq, onu dünyaya çatdırmaq mümkün deyil. Bunun üçün məqsədyönlü fəaliyyət lazımdır.
Əli Kərimli Xocalı soyqırımı və bu qəbildən olan erməni vəhşiliklərini dünyaya göstərmək üçün 1918-ci ilin mart qırğınlarının sənədlərinin dünyanın müxtəlif dillərinə çevrilib yayılmasını vacib saydı. Bu haqda hələ 1919-cu ildə parlamentin qərarı olduğunu deyən AXCP sədri vurğuladı ki, həmin materialların müxtəlif dillərdə yayılması ermənilərin zaman-zaman özlərini qurban, zərərçəkən kimi göstərməsini ifşa edə bilər.

Natamamlıq kompleksi keçirənlər üçün…

AXCP sədri Xocalı faciəsi ilə bağlı natamamlıq kompleksinin yaranmasına qarşı da çıxış etdi. O xatırlatdı ki, Xocalıda olan 230 nəfərlik, yaxşı silahlanmamış yerli batalyon son nəfəsinə qədər qeyri-bərabər silah və şəxsi heyətlə döyüşüb.
Dövlət vətəndaşlar qarşısında məsuliyyətini anlamalıdır!
Əli Kərimli dedi ki, erməniləri heç bir məsuliyyətdən azad etmədən o zamankı Azərbaycan rəhbərliyinin milləti müdafiəsiz buraxması da tənqid olunmalıdır: “Dövlətin vətəndaşlar qarşısında məsuliyyəti var, bunu bu gün də xatırlatmalıyıq. Bugünkü hakimiyyət də başa düşməlidir ki, Xocalı ilə bağlı işlər ildə bir neçə dəfə kampaniya xarakterli tədbir keçirməkdən ibarət deyil. Xocalının intiqamı alınmalıdır. Necə? Bunun bir yolu var – qalib gəlib torpaqları almalıyıq. O torpaqlar alınmayanadək şəhidlərin ruhu qarşısında bizim hamımız başı aşağıyıq”.

Ictimai Palatanın soyqırımla bağlı təklifləri

AXCP sədri erməni vəhşiliyinin dünyaya çatdırılması üçün  Azərbaycan və Türkiyə hökumətlərinə yönəlik təkliflər səsləndirdi. O dedi ki, iki dövlət arasındakı Strateji Əməkdaşlıq Şurası tərkibində xüsusi işçi qurumlar yaradılmalı, diaspor, lobbi təşkilatları birgə fəaliyyət göstərməlidir.
Əli Kərimlinin IP adından daha bir təklifi Xocalı soyqırımı abidəsinin rəsmi dövlət protokoluna salınması haqda oldu. O bildirdi ki, şəhərin kənarındakı abidə olmasa da, Şəhidlər Xiyabanında Xocalı şəhidlərinə yeni abidə qoyaraq, onu rəsmi protokola əlavə etmək olar.

Faciələri araşdıran mərkəz yaradılmalıdır

IP KŞ-nın üzvü, Müsavat başqanı Isa Qəmbər çıxışında Xocalı ilə bağlı Bakıda yürüş təşkil edilməsini müsbət dəyərləndirdi. Lakin onu da dedi ki, kampaniya xarakterli tədbirlərlə nəticə əldə etmək mümkünsüzdür. O, IP adından təklif etdi ki, hökumət təkcə Xocalı soyqırımını yox, 20 yanvar, 31 mart faciələrini də araşdırmaq üçün mərkəz yaratsın. Bu mərkəzə tarixçilər, etnoqraflar, filosoflar cəlb edilərək tarixi həqiqətlərimiz sistemləşdirilsin.

İntiqam almalıyıq, amma ermənilər kimi yox…

Isa Qəmbər intiqam məsələsinə toxunaraq dedi ki, Xocalı ilə bağlı kadrları o da həyəcansız, sakit izləyə bilmir, onlar hər kəsdə qəzəb hissi yaradır. Lakin ermənilərdən fərqli olaraq, azərbaycanlılar intiqamı pozitiv gücülərilə almalıdırlar: “Biz o qaniçənlər kimi körpələri, qadınları qıra bilmərik. Azərbaycan əsgəri heç vaxt belə addım atmayıb, atmayacaq da”.

Natiq