Pentaqon rəsmisi: «Cavabımız şah və mat olacaq»
Putin Qərbin Iranla bağlı «qorxulu» planından danışdı
Iranın nüvə fəaliyyəti ətrafında yaranmış gərginlik davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Tehran rejiminin nüvə proqramıyla bağlı növbəti hesabatını açıqlayıb. MAQATE-nin baş direktoru Yukiya Amanonun açıqladığı sənəddə Iranın nüvə fəaliyyətlərini davam etdirdiyi və uranın zənginləşdirilməsi prosesini sürətləndirdiyi bildirilib. Hesabatda MAQATE nümayəndə heyətinin bu ilin yanvar və fevral aylarında Irana həyata keçirdikləri hər iki səfər çərçivəsində də bu ölkənin nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımadığını öyrənmək üçün nailiyyət əldə edə bilmədikləri vurğulanıb.
Bu arada “The Wall Street Journal” qəzeti isə bildirib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Fars körfəzində hərbi gücünü artırır. Səbəb isə Iranın Hörmüz boğazını bağlayacağına yönəlik addımlarını öncədən əngəlləməkdir. Qəzetin yazdığına görə, Pentaqon rəsmiləri Konqresi ABŞ-ın regionda hərbi gücünün artırılması və kəşfiyyat tədbirlərinin gücləndirilməsiylə bağlı planının detallarını bildiriblər. Bundan başqa, Pentaqon Iranın sürətli katerlərinə qarşı dayanmaq üçün bölgəyə əlavə hərbi gəmilərin göndərməyi planlaşdırır.
“The Wall Street Journal”a danışan adının açıqlanmasını istəməyən hərbi rəsmi “Əgər Iran ABŞ-a qarşı öz gücünü nümayiş etdirsə, biz buna dərhal cavab verəcəyik. Cavablmız ”Şah və mat” olacaq. Düşmən bizim regionda gücümüzü artırdığımızı və hazır vəziyətdə dayandığımızı bilməlidir” deyib.
Iranın yaxın müttəfiqlərindən biri Rusiyanın baş naziri Vladimir Putin Qərb ölkələrini Tehranın nüvə proqramıyla bağlı mövqeyini sərt tənqid edib. Onun sözlərinə görə, Qərb kütləvi qırğın silahlarına qarşı mübarizə adı altında Iranda rejimi dəyişməyə çalışır. Putin Rusiyanın Iran məsələsində və problemin həlli mövzusunda Qərblə eyni mövqeni bölüşmədiyini söyləyib: “Düzdür, Rusiya Iranın mübahisəli nüvə proqramının həllini tapması məsələsində dünya ictimaiyyəti ilə eyni fikirdədir. Biz bunu ”Buşəhr” Atom Elektrik Stansiyasının inşasının tamamlanması zamanı da göstərdik. Rusiya bu məsələdə bundan sonra da müttəfiqləri ilə əməkdaşlıq edəcək. Ancaq biz Iranda rejim dəyişikliyinin əleyhinəyik”.
Informasiya şöbəsi