Bu gün Zülfüqar Eyvazlının 53 yaşı tamam olur
Bu gün vicdan məhbusu – AXCP Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazlının doğum günüdür. Artıq iyirmi ildir ki, bu tarix – 26 fevral Zülfüqar bəy üçün ağrılıdır. Əqidə yoldaşları Xocalıda baş verən dəhşətli faciədən sonra Z.Eyvazlının ad gününü qeyd etmədiyini deyirlər.
Builki doğum günü isə Zülfüqar bəy üçün xüsusən çətin olacaq. Çünki bu gündə məhbəsdə doğmalarından, dostlarından, mübarizə yoldaşlarından uzaqda olacaq. AXCP sədrinin müavini Gözəl Bayramlı Zülfüqar bəyin fədakar vətəndaş, əqidəli silahdaş, ən əsası isə gözəl insan olduğunu deyir: “Mən özüm şahidəm ki, Zülfüqar bəy Xocalı hadisəsindən bu yana – düz iyirmi ildir ki, ad gününü qeyd etmir. Amma istənilən halda bu gün onun ad günüdür. Mən Zülfüqar bəyi təbrik etmək istəyirəm. Zülfüqar bəy günahsız yerə həbsdədir, vicdan məhbusudur. Zülfüqar bəy Azərbaycanın elə bir vətəndaşıdır ki, öz həyatının rahatlığını heç vaxt düşünməyib. Azərbaycanın azad olması, demokratikləşməsi üçün gənc yaşlarından mübarizəyə qoşulub. Zülfüqar bəy 88-ci ildən – hərəkat dövründən tanıyıram. Həmişə öz sözünü deyən olub. Zülfüqar bəy öz əqidəsinə görə işini itirən cəbhəçilərdəndir. Başqaları kimi rahat həyat seçə, hakimiyyətin yanında yer ala bilərdi. Amma o haqqın yanında olmağı üstün tutdu. Zülfüqar bəy o insanlardandır ki, mübarizəni öz həyat amalına çevirib və bundan heç vaxt yayınmayıb. Öz həyatı deyil, hər bir Azərbaycan vətəndaşının yaxşı yaşaması uğrunda mücacilə aparıb və bu gün də aparmaqdadır. Allah bütün vicdan məhbuslarının, eləcə də Zülfüqar bəyin qapısını açsın. Çox təəssüf ki, bu cür qiymətli insanlar günahsız yerə həbsə atılıblar və bugünə qədər məhbəsdədilər”.
Gültəkin