Kalon rəhbərliyi vicdan məhbuslarına qarşı məkirli plan qurub
16 saylı kalonda özbaşınalıqların ardı-arası kəsilmir. Kalon rəhbərliyi bu müəssisədə saxlanılan vicdan məhbusları – Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlıya qarşı indi də yeni təxribat hazırlayıb.
Əldə etdiyimiz məlumata görə, rəis həbsxananın təsərrüfat üzrə çalışan əməkdaşlarından adıçəkilən məhbusların əleyhinə məcburi izahatlar toplayır. Məqsəd, vicdan məhbuslarının həbsxanada dövlət əleyhinə təbliğat apardığı ilə bağlı rəy yaratmaq və məsələni hətta televiziyalar vasitəsilə ictimailəşdirib bu yolla təzyiqləri artırmaqdır. Qeyd edək ki, Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlı bir müddət əvvəl mətbuata müraciət edərək kalondakı acınacaqlı vəziyyət barədə məlumat vermişdilər. Məhz bu müraciətdən sonra vicdan məhbuslarına qarşı təzyiqlər daha da artıb.