“Xoca” filminin təqdimatı keçirildi

Cümə günü “Nizami” kinoteatrında Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən “Xoca” bədii filmi nümyiş etdirilib. Filmin ssenari müəllifi ANS Şirkətlər Qrupunun prezidenti Vahid Naxışdır. Film Xocalıda qətliam-Bakıda toy kontrastı üzərində qurulub. Belə ki, filmin mərkəzi obrazı, əslən Xocalıdan olan  Ələkbər adlı komandir Bakıda toyuna hazırlaşarkən erməni-rus hərbi qüvvələri Xocalını mühasirəyə almaq planının icrasına başlayır.
Bununla bağlı Ələkbər toyuna gedə bilmir və döyüşə qatılır. Filmdə Xocalı faciəsində çoxsaylı insan itkisinə görə məsuliyyət rus-erməni hərbi birləşmələrinin və o zamankı Azərbaycan rəhbərliyinin də üzərinə qoyulur.
Filmdə erməni-rus hərbi birləşmələrinin əhaliyə tutduğu divan, hərbi texnikanın köməyilə şəhəri darmadağın etmələri səhnələri əksini tapır. Hərbçilər əhalini az itki ilə şəhərdən çıxarmaq istəsələr də, qüvvə azlığından buna nail ola bilmirlər. Digər tərəfdən Xocalıya hərbi kömək göstərilmir. Xocalıda olan əsgərlər əhalinin müəyyən hissəsini şəhərdən çıxara bilsələr də, özləri həlak olurlar. Əsərin əsas qəhrəmanı Ələkbər də bu döyüşlərdə şəhid olur.
Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib. Şirkətin vitse-prezidenti Mirşahin Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı faciəsinin qurbanları ilə bağlı çəkdiyi sənədli süjetləri nəzərdə tutaraq “Çingiz bu filmin sonunu çəkmişdi, Vahid bu faciəyə aparan yolu çəkib”-deyə filmə münasibət ifadə edib. Filmin Bakıda, Şəkidə və ölkənin bir sıra rayonlarında çəkildiyini söyləyib.