İranla Azərbaycan kompromat savaşında

Aydın Mirzəzadə: «Bundan sonra da belə ittihamlar davam edəcək»

Sülhəddin Əkbər: «İranla Azərbaycan arasında gərginliyin artması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir»

Azərbaycanla Iran arasında gərginlik artan xətlə davam edir. Hakimiyyətin dindarları həbs etməsi və onları Iranla əlaqələndirməsi cavabsız qalmayıb və Tehran Bakıya qarşı hücuma keçib. Iranın rəsmi mediası olan “Press TV” Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu və iki deputatını narkotik qaçaqmalçılığını himayə etməkdə suçlayıb.
Məlumata əsasən, Iran polisi Azərbaycana narkotik keçirən dəstənin üzvlərini həbs edib. Həbs olunanlar Azərbaycanın rəsmi şəxsləri ilə əlaqəli olduğunu bildiriblər. “Press TV”nin iddiasına görə, həbs olunanlardan biri narkotik ticarətini Milli Məclisin iki deputatı və Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə həyata keçirdiyini bildirib.
Göründüyü kimi, artıq tərəflər qarşılıqlı ittihamlardan kompromat davasına keçib. Vəziyyətin belə davam etməsi tərəflərə nə vəd edir? Eyni zamanda Azərbaycan tərəfi bu ittihamlarla bağlı Iran tərəfinə hər hansı cavab verəcəkmi?

Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər hesab edir ki, Iranla Azərbaycan arasında gərginliyin artması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Artıq ittihamlar Azərbaycan rəhbərliyindəki konkret şəxslərə yönəlib. Görünür, Iran tərəfində düşünürlər ki, Iran-Azərbaycan münasibətlərinin gərginləşməsində bu iki məmurun xüsusi rolu var.
Ekspertin sözlərinə görə, tədricən gərginlik artarsa, artıq dövlət başçısına və onun yaxın çevrəsinə qarşı da ittihamlar gündəmə gələcək: “Suriya məsələsi kəskinləşdikcə, bu məsələdə Türkiyənin önəmi artdıqca, bu gərginlik artacaq. Digər tərəfdən, Iranın nüvə proqramı ətrafında vəziyyət yenə də gərginləşib. Beynəlxalq birliyin Iranın nüvə proqramı ilə bağlı şübhələri getdikcə artır. Həm Suriya məsələsi aktuallaşdıqca, həm də Iranın nüvə proqramı ətrafında vəziyyət mürəkkəbləşdikcə, bu, Iran-Azərbaycan münasibətlərinə həm birbaşa, həm də Suriya ilə Türkiyə üzərindən dolayısı ilə təsir edəcək”.
“Press TV”nin yaydığı məlumatı qeyri-ciddi adlandıran YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bunu Iranın, onun müəyyən dairələrinin Azərbaycana qarşı son günlər apardığı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirdi. O, bundan sonra da belə ittihamların davam edəcəyini istisna etmədi: “Bütün bunlar o qədər qeyri-ciddidir ki, təcrübəsiz adam belə, bunun əhəmiyyətsiz və heç bir əsaslara söykənmədiyini aşkara çıxara bilir. Təəssüf edirik ki, bizim qonşumuz, ümumi tariximiz, mədəniyyətimiz olan bir ölkə bu gün Azərbaycana qarşı belə, hətta Iranın özünə şərəf gətirməyən bir kampaniya aparır”.

Fizzə