Qazaxıstan müxalifəti növbəti mitinqini keçirdi

Nazarbayev əleyhdarları Astana və Almatı toplaşaraq azad seçki tələb etdi

Qazaxıstan müxalifəti Almatı şəhərində növbəti icazəsiz etiraz aksiyası keçirib. 300 nəfərə yaxın müxalif fəalın qatıldığı etiraz aksiyası Respublika sarayının önündə baş tutub. Təhülkəsizlik qüvvələri saray və şəhərin mərkəzinə gedən yolları mühasirəyə alıb. Həmin istiqamətdə maşınların və insanların hərəkəti dayandırılıb. Mitinq iştirakçıları Qazaxıstanda başa tutmuş parlament seçkilərinin nəticələrinə etirazlarını bildiriblər. Onlar həmçinin Janaozen olaylarının araşdırılmasını tələb ediblər.

Polislər aksiyanı dağıtmaq üçün müxaliflərin birgə hərəkətinə mane olub. Onlar bəzi müxalifət liderlərini və fəallarını həbs ediblər. Həbs olunanlar arasında Qazaaxıstan müxalifətinin liderləri – Qazaxıstanın Ümummilli Sosial-Demokratlar Partiyasının həmsədrləri Bolat Abilov, Amircan Kosanov və Jarmaxan Tuyabay da var.

Paytaxt Astanada da müxalifət tərəfdarlarının mitinqi keçirilib. 500-ə yaxın etirazçının qatıldığı aksiya zamanı parlament seçkilərinin nəticələrinin ləğvi və yeni seçkilərin keçirilməsi tələb olunub. Aksiyanın sonunda müxalifətin qətnaməsi qəbul edilib. Qətnamədə ötən ilin dekabrında Janaozen şəhərində neft şirkətinin işçilərinin tətili zamanı yaranan iğtişaşlarda atəş açılmasını göstəriş verən adamın adının açıqlanması, olaylar zamanı saxlanılanların azad edilməsi, bütün siyasi məhbusların azad edilməsi tələb olunub.

Qeyd edək ki, Almatıda sonuncu icazəsiz mitinq yanvarın 28-də baş tutmuşdu. Azad və ədalətli parlament seçkilərinin keçirilməsi və Janaozen hadisələrinin araşdırılması tələbi ilə keçirilən aksiya zamanı da müxalifət liderləri saxlanmış, onların bəzilərinə 15-18 sutka həbs cəzası verilmiş, bəziləri isə cərimələnmişdi.

İnformasiya şöbəsi