Peterburqda izdihamlı anti-Putin yürüşü (FOTOLAR)

Rusiyanın ikinci paytaxtında keçirilən “Ədalətli seçkilər uğrunda” aksiyasına 30 min insan qatıldı

Rusiyada müxalif fəalların təşkilatçılığıyla ölkənin ikinci paytaxtı və Putin rejiminin əsas sosial bazası hesab olunan Sankt Peterburqda “Ədalətli seçkilər uğrunda” yürüş-mitinqi keçirilib. Yürüşə Moskvadan getmiş rus müxalifətinin liderləri Aleksey Navalnı, Harri Kasparov, Sergey Udalçov və Peterburq müxalifətinin təmsilçiləri qatılıb.

Müxaliflərdən ibarət kolonlar Sankt Peterburqun “Fontanka” meydanından başlayaraq şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra son dayanacaq kimi “Konyuşnı” meydanına gəliblər. Yürüş-mitinqə 30 minə yaxın müxalifət, vətəndaş cəmiyyətinin fəalları, gənc və yaşlı nəslin nümayəndələri qatılıb. Aksiya iştirakçıları əllərində ağ rəngli şarlar və müxalif təşkilatların bayraqlarını tutublar. Yürüş-mitinq zamanı ayrı-ayrı yerlərdə müxaliflər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Aksiyaya qatılmaq üçün Moskvadan gələn müxalif liderlər keçirdikləri mətbuat konfransında prezident seçkilərinin səhərisi yəni, martın 5-də paytaxt Moskvanın mərkəzində on minlərlə insanın qatılacağı daha kütləvi mitinqin planlaşdırıldığını bildirib. Onlar əlavə ediblər ki, müxaliflər martın 8, 9 və 10-da kütləvi aksiyaların keçirilməsi üçün rəsmi dairələrə müraciətlər ünvanlayacaq. Müxalif liderlər Moskvadakı mitinqlərə 500 min, Sankt Peterburqdakı aksiyalara isə 200 min insanın qatılmasına çalışacaqlarını söyləyiblər.

İnformasiya şöbəsi