Bu «bazar»da o özü nırx qoyur
Sığorta sektorunun Azərbaycanda zəif inkişafı onu diqqətdən kənarda qoyur. Yalnız vətəndaşların şikayəti olanda sığorta şirkətləri ilə bağlı problemlər gündəmə gətirilir. Redaksiyamıza şikayət bu dəfə “Bakı Sığorta” ASC-dən gəlib. Şikayətçi Nuranə Mirzəyeva Səbayel Rayon Məhkəməsində “Bakı Sığorta” ASC-yə qarşı iddia qaldırıb.
Hər şey ondan başlayıb ki, “Star” yanacaqdoldurma məntəqəsinin işçisi Musa Cəfərov “Bakı Sığorta” ASC-də sığortalanan Nuranə Mirzəyevaya məxsus Lexus LX-570 markalı, 90 BK 222 dövlət qeydiyyat nişanlı avtomobili 2010-cu ilin aprelin 2-də qaçıraraq zədələyib. Olayla bağlı Binəqədi polisində Musa Cəfərov barəsində cinayət işi başlayıb və o, həbs olunub. Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə M.Cəfərov 5 il azadlıqdan məhrum edilib. Hökmlə müəyyən edilib ki, M.Cəfərovun cinayət əməli nəticəsində N.Mirzəyevaya 28 min 266 manat ziyan vurulub. Ancaq… Elə problemlər də bundan sonra başlayıb.
Sığorta ödənişinin ödənilməsi barədə “Bakı Sığorta” ASC-yə müraciət edilməsinə baxmayaraq bu günə kimi ödənilməyib. Bu barədə Nuranə Mirzəyeva qəzetimizə bildirib: “Biz sığorta şirkətinə gecikdirilmədən məlumat vermişik”. “KERMUR” ixtisaslaşdırılmış vəkil bürosu iddiaçının hüquqlarını müdafiə edərək Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti xidmətinin rəisinə və “Bakı sığorta” ASC-yə müraciət edib. Bu müraciətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün surəti də var, amma sorğuya heç bir cavab verilməyib. Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığı qeyd olunub. MM-in 934-cü maddəsində sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. N.Mirzəyeva bildirdi ki, “Bakı Sığorta” ASC sadalanan qanuni tələblərin heç birinə riayət etməyib.
“Bakı Sığorta” ASC Idarə Heyətinin sədr müavini Mehman Əliyev isə deyir ki, məsələ məhkəməyə çıxıbsa, kimin doğru, kimin doğru olmadığı bu prosesdə bilinəcək. M.Əliyevin sözlərinə görə, onun rəhbərlik etdiyi şirkətdə ödənişlərlə bağlı heç bir gecikmə olmur: “Ola bilər ki, qarşı tərəf sənədlərini şirkətə vaxtında təqdim etməyib. Mən son sənədi götürəndən sonra qərar qəbul edirəm. Qarşı tərəfin şikayətinə gəlincə, o çox şey deyə bilər”.
Iddiaçı “Bakı Sığorta” ASC-nin arxayınçılığını müxtəlif amillərlə əlaqələndirib. Bildirildiyinə görə, “Bakı Sığorta” ASC-nin təsisçisi Murad Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşıdır. Murad Rəhimovun qanunlara saymazlığının səbəbi yalnız bu amil deyil. O, həm də Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın kürəkənidir. Bu baxımdan fevralın 27-də Səbayel Rayon Məhkəməsində işə baxacaq hakim Fuad Hüseynov üçün çətin olacaq.
Yaranmış bu durumu və Nuranə Mirzəyevanın iddiasının perspektivini necə görməsi ilə əlaqədar hakim F.Hüseynovla əlaqə saxladıq. O, məhkəmə başlamadan hər hansı fikir söyləyə bilməyəcəyini dedi: “Əvvəla tərəflər məhkəməyə gəlməli və iş araşdırılmalıdır, bundan sonra məhkəmə qərar verəcək. Indidən telefonla nəsə söyləməyim doğru olmazdı”.
Ramin DEKO


