Milli Məclis Xocalı iclasını Əli Kərimlinin tənqidinə çevirdi

Deputatlar Almaniya hökumətini “yaş yuyub quru sərdi”

Oqtay Əsədov: «Almaniya bizi ona görə  tənqid edir ki, «Eurovision» orada yox, Bakıda keçirilir»

Milli Məclisin 24 fevral yığıncağı Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilsə də, iqtidar təmsilçiləri çıxışlarını Almaniya hökumətinin və AXCP sədri Əli Kərimlinin tənqidi üzərində qurublar.
Belə ki, iclasda çıxış edən Siyavuş Novruzov qətliamdan danışmaq əvəzinə AXCP sədrini hədəf seçib. YAP deputatı iddia edib ki, Əli Kərimli Xocalı soyqırımının dünyaya çatdırılması əvəzinə hakimiyyət əleyhinə kampaniya aparır: «Bu gün Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı kampaniya aparan insanlar, ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərə qarşı antitəbliğat işi aparan adamlar var. Onlar Azərbaycan xalqının deyil, ayrı-ayrı dövlətlərin, millətlərin maraqlarına xidmət edirlər. Bunların hamısını biz adları ilə sadalamalıyıq». YAP deputatı bir az da irəli gedərək, AXCP liderini ölkə maraqlarına qarşı çıxmaqda ittiham edib.
S.Novruz daha sonra Əli Kərimlinin Azərbaycan hakimiyyətini Türkiyəyə dəstək vermədiyinə görə tənqid etməsinə də toxunub: «Əli Kərimli bu gün Azərbaycanın qardaş ölkəyə dəstək vermədiyini yazır. Halbuki, bizim Türkiyəyə verdiyimiz dəstək göz qabağındadır».
S.Novruzovun bu çıxışı zalda bəzi deputatların və media nümayəndələrinin gülüşünə səbəb olub.
Başqa bir YAP-çı deputat Mübariz Qurbanlı isə Almaniyanı hədəf seçib. YAP  deputatı iddia edib ki, Almaniya mediası Azərbaycana qarşı qərəzli yol tutub.
Onun dediklərinə dəstək isə spiker Oqtay Əsədovdan gəlib. Spikerin Almaniyaya yönəlik açıqlması isə qeyri-ciddiliyi ilə diqqəti çəkib: «Almaniya bizi istəmir. Bu ölkənin mediası ona görə Azərbaycanı hədəf seçib ki, «Eurovision» Almaniyada deyil, Bakıda keçiriləcək».
Milli Məclisdə müxalifət adıyla təmsil olunan Qüdrət Həsənquliyev də YAP-çılara qoşularaq, AXCP sədrinin ünvanına tənqidlər söyləyib.
Mehriban Əliyevanın iclasda iştirakını sanki fürsət bilən digər YAP-çılar da Xocalı soyqırımının dəhşətlrəindən danışmaq əvəzinə onu tərifləməklə işlərini bitmiş hesab ediblər.

İnformasiya şöbəsi