Bazar rəhbərliyi hər kvadratmetr üçün 3 manat əvəzinə 8 manat alır
Kassa aparatı üçün hər dükandan 300 manat pul yığılır…
Nərimanov rayonunda “Montin bazarı”nda satıcılar bazar rəhbərliyinin qoyduğu “qanun”u qəbul etmir. Hətta iki gün öncə müdiriyyət onları bazara buraxmamağa cəhd edib, ancaq sonda geri çəkilib.
“Hər ay 150-200 manat veririk”
Satıcılarla rəhbərlik arasında yaranan münaqişə yerpulu üstündədir. Satıcılar deyirlər ki, alver olmaya-olmaya onların yer haqları qaldırılıb: “Hər kvadrat/metr yerpulu üçün 3 manata imza atdırırlar. Ancaq bizdən bu vaxta qədər 8 manat alırdılar. Indi bizə deyirlər ki, Vergilər Nazirliyinə və Sosial Müdafiə Fonduna pul köçürməliyik. Bu günə qədər bu qurumlar hardaydı ki, indi gəliblər pul almağa? Bizdən onlara çatacaq pulu bazar rəhbərliyi niyə alır?”.
Gəlişimizdən xəbər tutan bazar rəhbərliyi çəkiliş aparmağımıza mane olmaq istədi. Əvvəlcə xoşluqla, sonra əsəbiliklə, daha sonra otağa aparmaqla işimizi dayandırmamızı istədi.
Bunların heç biri işə yaramayanda polisə müraciət olundu. Özünü təqdim etməyən polis bizimlə söhbətdə vəsiqə yox, arayış tələb etdi. Onun məqsədinin nə olduğunu anlaya bilmədik. Sonradan işə onun rəisi qarışdı. Məsələni sakitliklə həll etməyi xahiş etdi və bildirdi ki, reportaj üçün başqa zaman seçməyimiz yaxşı olar. Rəisə də gəlişimizin məqsədini çatdırdıq. Aradakı qarışıqlıqdan istifadə edib işimizi davam etdirdik.
“Əksəriyyətimiz banklardan kredit götürüb mal almışıq. Bura hamı çörək dalınca gəlib. Hər ay 150-200 manat bazar rəhbərliyinə veririk. Bu günə qədər nə dedilər, etdik. Bu gün isə qarşımıza elə tələb qoyurlar ki, bunu qəbul edə bilmərik”, – deyir satıcılar.
Bazar rəhbərliyi satıcıların qarşısında öz hesablarına “kassa aparatı” yerləşdirməyi və Vergilər Nazirliyinə və Sosial Müdafiə Fondunda pul ödəməyi şərt qoyub.
Montin bazarı – “Ölü bazar”
“Burada müştəri yoxdur. ”Montin bazarı” artıq “Ölü bazar” adlanır. Illərdir burada alver edənlər var. Insanlara qarşı bu cür sayğısızlıq etmək haqsızlıqdır. Kassa aparatı üçün 300 manat pul istəyirlər, necə ki, qaz, işıq, su idarəsi mənzillərə sayğac yerləşdirib, ona əsasən ödəniş alır. Kassanı da Vergilər Nazirliyi, ya da bazar yerləşdirsin, vergimizi verək. Rəhbərliyin indiyə qədər satıcıların qarşısında qanunsuz tələblər qoyması onlarla dükanın bağlanmasına səbəb olub”, – deyə satıcılar qeyd edirlər.
“Montin bazarı” 2008-ci ildə sökülüb yenidən “müasir” adıyla tikildi. Bir neçə dükan sahibi öz cibinin hesabına obyekt inşa etdi. Bu zaman bazar rəhbərliyi onların hər birindən 1000 manat pul aldı. Ancaq əksəriyyəti dükanı işlədə bilmədi, bəzilər alver olmadığı üçün dükanlarını qıfılladılar, bəziləri isə mal almaq üçün pulları.
Vergilər Nazirliyi dəfələrlə bazara gəlib kassa aparatı olmadığı üçün satıcıların bir qismini cərimələyib.
Satıcılar deyirlər ki, kassa aparatını bazar rəhbərliyi qoymalıdır: “Aparat dükanlara pulsuz verilməlidir. Ancaq pul tələb edirlər. Biz rəhbərlikdən başqa heç nə istəmirik. Yer haqqını azaltsınlar, biz də işləyə bilək”.
Boş dükanlar
“Burada elə bir problem yoxdur. Artıq hər bir iş həll olunub. Kassa aparatı yox idi. Satıcılara başa saldıq ki, bu olmalıdır. Onlar da razılıq verdilər. Indi gedə bilərsiniz” – bu sözləri bazarın müdiri Mətləb deyir. Mətləb müəllim “indi yadınıza düşdü ki, bazara kassa aparatı qoymalısınız” sualına “bəli” cavabını verməklə işini yekunlaşdırdı.
Satıcıların bir qismi artıq mallarını toplayıb bazarı tərk edirlər: “Qazanc yoxdur. Işıq pulu, yer pulu, kassa aparatı pulu bizi boğaza yığıb. Imkansızlıqdan qışda işıqların hamısını yandırmadıq. ”Pletka”nı qoşmadıq ki, əlavə xərcimiz çıxmasın”.
Biz bazarda olanda tək-tük alıcı heç gözə dəyirdi. Onların da əksəriyyəti mallara baxıb getməkdən ibarət idi. Səhər saat 10-da dükanı açan satıcılar axşamüstü, 4-5-də yığışıb gedirlər. Çünki alver yoxdur. Bazarın yarıdan çoxunda isə obyektlər bağlanıb. Çılpaq manikenlər isə əyinlərinə pal-paltarın geyindirilməsi üçün sahiblərini gözləyir, ancaq satıcılar gəlib çıxmırlar ki, çıxmırlar…
Ramin DEKO