İlham Əliyev birdən Rəsulzadəyə heykəl qoysaydı…

Koroğluya qoyulan heykəl yeni bir dastana mövzu oldu. Dörd bir yandan tənqidlər yağır. Gur tənqid selinin içində kövrək iniltilər də eşidirik. Deyirlər, niyə hər şeyi qara görürsünüz? Koroğluya olan ehtiramı yüksək dəyərləndirmək lazımdır…
Kiçik şən atmacaları çıxmaq şərtilə, kim Koroğluya qarşıdır ki? Nə cəmiyyətdə, nə də cəmiyyətin etirazçı kəsimində belə ovqat yoxdur. Bəs Ilham Əliyevin Koroğlu barədə çıxışı və elə o abidə niyə aqressiya doğurdu?
Bəziləri deyir ki, niyə məhz Koroğlu? Heykəl Babəkə, Rəsulzadəyə qoyulmalı idi. Mən belə deməzdim, Koroğluya da heykəl düşür və cəmiyyətdə aqressiya heç də xalq qəhrəmanı ilə bağlı deyil. Inanın, sabah Ilham Əliyev Rəsulzadəyə də abidə qoysa, yenə analoji reaksiyalarla üzləşəcək. Bunun çox incə və aydın səbəbi hakimiyyətin qəsbkar, yalançı və talançı olması ilə bağlıdır.
Xalq büdcənin talan olunduğunu iqtisadçı Zöhrab Ismayıl kimi, rəqəmlərlə, başqa ölkələrlə müqayisə etməklə bilməyə bilər, ancaq o, bu talanı canında, qanında çox rahat hiss edir. Yəni, hər kəs bu heykəllərin, mərmər parkların əslində, xalqın cibindən pul oğurlama tələsi olduğunu dərk edir.
Koroğlunun heykəlinə 5 milyon manat ayırıblar, bu pul sizə balaca görünməsin. Ölkədəki nəhəng evsizlər ordusunun probleminin azalması üçün ipoteka kreditlərinə hökumət Koroğlunun heykəlinə ayırdığından cəmi 4 dəfə çox ayırır. Bu, ədalətsizlik deyil də, bəs nədir?
Koroğluya heykəl lazımdır, özü də indikindən də əzəmətlisi. Ancaq yeni dövrün Koroğluları harda yaşamalıdır, onlara ev lazım deyil? “Koroğlulara ev nəyə gərək, onlar dağa-daşa qalxmalıdır” da deyə bilməyəcəksiniz, çünki ölkənin şimaldan cənuba, şərqdən qərbə bütün dağ-təpələrini Ilham müəllim və onun paşaları özəlləşdirib.
Ən əsası, düşünün ki, sizin evinizi yad birisi işğal edib və o evdə elə sizin varidatınız hesabına müəyyən təmir-bərpa, yenidənqurma işləri aparır. Bundan xoşhal olacaqsınızmı, görülən işlərə valeh olarsınızmı? Heç vaxt!
Eyni vəziyyətdir, ona görə də hazırkı hakimiyyətin ən yaxşı işləri də acı bir hadisə kimi insanlarımızda ikrah yaradır.
Və bir xatırlatma edərək, Koroğlu mövzusuna nöqtə qoyaq. Əliyev hakimiyyəti ən böyük Koroğlu abidəsini 6 il əvvəl Gəncədə yaradıb. O zaman Koroğlu Qasımov adlı polis rəisi öz kabinetində işgəncə vasitəsilə ana ilə oğlunu intim əlaqəyə vadar etmişdi.
Əli Kərimliyə deyəcəyəm ki…
YAP-nın rəhbərlərindən biri Əli Əhmədovun müsahibəsində hamımız üçün “açar” sayılacaq kəlmələr var. O, AXCP Əli Kərimlinin fəaliyyətindən narahatlığını dilə gətirib və deyib: “Əli Kərimlinin ”çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir. Onun ölkənin imicinə xələl vurmağa yönəlmiş bəyanatları, uydurduğu yalanlar qəribə bir asanlıqla ayrı-ayrı ölkələrin mətbuat səhifələrinə yol tapır və beləliklə də, Əli Kərimlinin təqdimatında təhrif olunmuş, tanınmaz hala salınmış Azərbaycan xarici ölkələrdə müzakirə predmetinə çevrilir”.
Əli Əhmədovun bu fikirləri bir sual qarşısında buz kimi əriməyə məhkumdur.
Hörmətli Əli müəllim, lütf edib deyə bilərsinizmi, illərdir, “Azərbaycanda müxalifət yoxdur, Əli Kərimlini böyür- başındakı beş-altı adamdan başqa nə dinləyən var, nə ciddiyə alan”, – deyə söylədiklərinizi nə tez unutdunuz? “Biləcəridən o yana heç kimin tanımadığını” dediyiniz, sözün əsl mənasında Biləcəridən o tərəfə buraxmağa cəsarət etmədiyiniz Əli Kərimli bəs necə oldu ki, sizi bunca əsəbiləşdirə bildi?
Eybinizə kor olmağın tam zamanıdır, Əli müəllim! Sizin yerinizə olsaydım, heç zamanı boşa buraxmazdım.
O ki qaldı ölkənin imicinə xələl vurmağa… Eybi yox, əlbəttə, Əli Kərimli bizə sizdən bir köynək yaxındır, ondan xahiş edərik, daha korrupsiya yolu ilə ölkədəki bankları övladlarının, qohum-əqrəbasının adına keçirməz; onu da xahiş edərik ki, təqaüdçüləri 85-100 manata möhtac edərək, məktəbli övladına Dubayda 45 milyon dollarlıq mülk alıb dövlətimizi düşmən yanında xar eləməsin…
Mütləq bunları deyəcəyəm, Əli müəllim, xatircəm ol.