Koroğlunun heykəli, “Şah Ismayıl” operası və Xocalı intiqamı

Koroğluya bu iqtidarın vurğunluğu nədən qaynaqlanır? Çox qəribə və hətta, təəccüblüdür. Azərbaycanın dörd tərəfində ədalətsizlik və haqsızlıq nərə çəkdiyi bir zamanda Ilham Əliyev qısa zaman kəsimində həm Koroğlunun adına metro stansiyası verir, həm də onun Qıratın üstündə yekə bir heykəlini ucaldır. Bununla nə demək istəyir Ilham Əliyev?
Ya xalqı, özü demişkən, “gözəl vətəndaş” olan Koroğlu kimi ədalətsizliyə, haqsızlığa – yəni rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəyə səsləyir.
Ya da ədalətsizliyə və haqsızlığa qarşı barışmaz olduqlarından özlərini Koroğluya oxşadır.
Sizlər bunlardan hansının məqbul olduğunu götür-qoy edincə, mən Koroğluya olan şəxsi münasibətimi açıqlayım. Etiraf edirəm, Koroğlunun qəhrəmanlığına olan münasibətim əllinin əlliyədir. Yəni, onu həm qəhrəman sayıram, həm saymıram. Sayıram ona görə ki, atasının intiqamını aldı və başına öz ağıldaşlarını toplayıb zülmkarlara qarşı savaşdı. O səbəbdən də qəhrəman hesab edə bilmirəm ki, Koroğlu qarınqulu idi – bir qazan plovu tək yeyirdi, koroğlusevərlər inciməsin deyə, tibbi dildə yazıram, o kişidə androloji problem var idi, ağıl səviyyəsi yetərincə deyildi, legitim hakimiyyətə qarşı qiyam qaldırmışdı və nəhayət, Giziroğlu Mustafabəy onun kürəyini yerə vurmuşdu.
Oxumuşuq ki, qəhrəmanların gözü tox, iti ağlı, bir neçə arvaddan bir neçə uşağı olur və kimsə onun kürəyini yerə vura bilmir. Deyəsən, köşənin mövzusu haçalanır, mətləbə qayıdaq.
Prezident Ilham Əliyev heykəlin qarşısında çıxış edərkən izhar etdi ki, Koroğlu haqsızlığa və ədalətsizliyə qarşı vuruşub. Əcaba, Ilham Əliyev komandasının son 10 il ərzində nə qədər haqsızlıq və ədalətsizlik etdiyindən xəbərsizdirmi? Deyək ki, xəbəri yoxdur, bəs torpaqların 20 faizinin ermənilərin əlində qalmasından necə, bundan da xəbəri yoxdurmu? Təbii ki, var. Bəs o zaman Ali BAŞ Komandan kimi bu böyüklükdə haqsızlığın qarşısını almaq üçün nədən Koroğlu kimi Qıratı minib Misri qılıncını qınından çıxarmır?
Bu gün bu sualın milyonların başında dolaşdığını güman edirəm və ona da əminəm ki, Ilham Əliyevin başında dayandığı rejim torpaqları düşmən əlindən xilas etmək üçün dəliləri Çənlibelə toplamaq iqtidarında deyil. Nədən ki, onun komandasında kimsənin gözü “Şah Ismayıl” ordenində deyil, xan saraylarına bənzər villalarda, milyonluq maşınlarda, daş-qaşdadır.
“Şah Ismayıl” ordeni nədən təsis edilib? Kim cürət edib bu ordeni almaq üçün haqq savaşına girəcək? Yəni bu xalq o qədər qısırlaşdı ki, içindən bir kişi çıxıb atını Qarabağa tərəf sürmək istəmir? Heykəlini qürurla açdığınız Koroğlu gözü çıxarılmış dədəsinin intiqamını yüz qat aldı bəlkə. Bəs siz, cənab Prezident, möhtərəm Ali BAŞ Komandan, Xocalıda gözləri çıxarılmış, başı kəsilmiş, tikə-tikə doğranmış vətəndaşlarınızın intiqamını nə zaman alacaqsınız?
Iki gündən sonra Xocalı faciəsinin növbəti ildönmündə xalq “Xocalı harayı” abidəsinin önünə toplaşıb ağlaşma quracaq. Çarəsiz xalqın ağlamaqdan başqa əlindən nə gəlir ki. Yoxdur axı bu xalqı Xocalı intiqamı üçün səfərbər edən.
Işğaldakı vətən torpaqlarının iniltisini eşidən, Xocalının harayına səs verən də yoxdur. Qınayan olmasa, heç o abidənin önünə belə getməzlər.
Koroğlu zəmanəsi bitdi, Koroğlunun kitabı bağlanıb bu məmləkətdə.
Indi yeni koroğluların dövranıdır. Rüşvətxor, korrupsioner bir rejimin başında dayananlar, xan kimi yaşayanlar – nazirlər, icra başçıları, digər vəzifə sahibləri Koroğlu obrazındadır indi. Qıratın belində, Misri qılınc əlində xalqa zülm edirlər. Özü də heykəlin açılış mərasimində  Koroğlunun “ədalətsizliyə və haqsızlığa qarşı mübarizə apardığını” dilə gətirən prezident Ilham Əliyevin gözləri qarşısında edirlər bunu.