“Kitayski”

“Ingiltərədən taksi alırıq” dedilər. Aldılar. Od qiymətinə. “London taksisi” deyə, xalqa yedirəcəkdilər ki, Ingiltərədən aldıqları taksilərin, əslində, Çin istehsalı, daha dəqiqi, “kitayski” olduğu ortaya çıxdı.
***
Bakının Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsindəki yeraltı keçidi təmirə bağladılar. Oysa 3,3 milyona başa gələn keçid cəmi 4 il əvvəl açılmışdı. Bu heç, nə də olmasa, adətkardayıq.
Amma əsas məsələ odur ki, keçidi tikərkən eskalatorların Almaniyadan alındığını demişdilər. Di gəl, bu yalanı da xalqa yedirmək nəsibləri olmadı, əslində, qurğuların Çin istehsalı, yəni “kitayski” olduğu üzə çıxdı.
***
Yəqin araşdırsaq, bunların Ingiltərə istehsalı, Almaniya brendi, Fransa markası kimi büdcəyə otuzdurub sonra da xalqa sırımağa çalışdıqları hələ nə qədər yeraltı keçid, körpü-mörpü, fontan-montanın əslində “kitayski” olduğu anlaşılacaq.
Və biz də buna əsla və əsla təəccüblənməyəcəyik. Çünki bunların rejiminin özü “kitayski”dir. Avropa Şurasının üzvləridirlər, amma ürəkləri Çin Kommunist Partiyası ilə bir yerdə döyünür.
Görüşdükləri hər Avropa ölkəsi liderinə özlərini “etibarlı tərəfdaş” deyə sırımağa çalışırlar, amma ürəklərinin dərin qatında Çinin idarəetmə modelinə həsəd aparırlar.
Altlarındakı maşın – alman markası. Qollarındakı – Isveç saatı. Gözlərindəki eynəyi soruşsanız – ingilis, boyunlarındakı qalstuku soruşsanız – fransız malı. Ildə bir dəfə ətək-ətək pul töküb keçirdikləri mənasız, düşük “Gül bayramı” üçün çiçəkləri xəbər alsanız – holland zanbaqları. Mindikləri təyyarə – ABŞ istehsalı.
Amma…
Amma qafalarını soruşsanız – “kitayski”. Özlərilə xalq arasına, hüquq, azadlıqlar, Avropa dəyərləri arasına durmadan Çin səddi çəkmək istəyən bir qafa, yəni.
***
Milli Məclis desəniz, bir növ “kitayski” parlamentdir. Bütün dünyada parlament seçkili orqandır, amma bizdə təyinatlıdır. Bir adamın iki dodağının arasından çıxan sözə tabedir. Başıaşağı, üzüyoladır. Prezident Administrasiyasının şöbəsi, YAP-ın rayon təşkilatıdır.
Mobil telefonlarda ən tez “yes”, bunlarda da “lehinə” düyməsi sıradan çıxar.
125 millət vəkili var, amma heç biri millət vəkili deyil.
Bircəciyinin də öz sözü, öz fikri, öz mövqeyi yoxdur. Bircəciyi də ölkədə olub-bitənləri soruşmaz. Bircəciyi də hakimiyyəti sorğulamaz. Hesab istəməz. Aykırı getməz. Müxalif danışmaz. Tənqid söyləməz. Xalqın dərdlərinin tərcümanı olmaz.
Qısası, parlament binası var, düz şəhərin mərkəzində – gözəgəlimli, kənardan baxırsan, “parlament binası elə belə olar” deyirsən, amma gəl gör ki, içində parlament yoxdur.
Varsa, varsa, Ümumçin Xalq Nümayəndələri Yığıncağı var.
***
Hakimiyyətlərini desəniz, o da saxtadır, geydirmədir. “Kitayski”dir.
Guya “xalq hakimiyyəti”dir, amma seçkili deyil. Milli iradə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Xalqdan mayalanmır, xalqdan qidalanmır, bir ailədən, bir ovuc adamın bitib-tükənməyən hakimiyyət ehtiraslarından, sərvət hərisliyindən qaynaqlanır – o qədər.
Tıpkı Çindəki kimi.
Sizsə “London taksisi” adı ilə aldıqları maşınların, Almaniya istehsalı deyə büdcəyə oturtduqları eskalatorların “kitayski” çıxmasına təəccüblənirsiniz hələ də.
Oysa, başdan-başa “Çin malı” bir hakimiyyətlə qarşı-qarşıya olduğumuzu görməmək mümkün deyil. “Kitayski” bir rejimlə üz-üzə olduğumuzun fərqinə varmamaq mümkünsüzdür.
Azadlıqlara, hüquqa, demokratiyaya, çağdaşlığa, modernizmə münasibətdə Çin hakimiyyətində oturanlarla eyni qafaya, düşüncəyə, zehniyyətə sahibdirlər, aralarında olsa-olsa, kiçicik bir fərq var: onlar qıyıqgözdürlər, bunlar qıpıqgöz.
Amma bu fərqə də çox takılmayın, nə də olmasa, gözlərinin də ortaq yanı var – hər ikisi acgözdürlər…
Düzəliş:
Dünənki yazımda “Azərbaycanı sadəcə Prezident Administrasiyası boyda görməklə, Azərbaycanla qardaşlığı sadəcə, Ilham Əliyevlə qardaşlıq kimi qəbul edən bir zehniyyətin tərənnümçüsünə çevrilməklə Hülusi dərinləşdirdi” kimi anlamsız bir cümlə gedib.
Əslində isə o cümlə belə oxunmalıdır: “Azərbaycanı sadəcə, Prezident Administrasiyası boyda görməklə, Azərbaycanla qardaşlığı da sadəcə, Ilham Əliyevlə qardaşlıq kimi qəbul edən bir zehniyyətin tərənnümçüsünə çevrilməklə Hülusi Kılıc Türkiyədən incikliyimizi daha da dərinləşdirdi”.
Əfvinizə sığınıram.