Əli Əhmədov: “Narahatlıq doğuran odur ki, Kərimlinin “çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir”
Fuad Qəhrəmanlı: “Bunları narahat edən Əli Kərimlinin belə bir nüfuza sahib olmasıdır”
Azərbaycan hakimiyyəti demokratiya ilə bağlı ona ünvanlanan çağırışlara yenə də özünəməxsus formada cavab verir. YAP-ın sədr müavini, icra katibi və deputatlarından biri Əli Əhmədovun «Yeni Azərbaycan» qəzetinə verdiyi müsahibə də bu qəbildəndir. Müsahibədə diqqəti çəkən məqam son zamanlar nüfuzlu beynəlxalq KİV-də Azərbaycandakı neqativ hallarla bağlı məqalələrin nəyə görə artığına dair Əli Əhmədovun “tapıntısı”dır. Əli Əhmədov Azərbaycan hakimiyyətinə ünvanlanan tənqidlərin günhanı AXCP sədri Əli Kərimlidə görür.
Əli Əhmədovun Əli Kərimliyə ittihamları
«Azərbaycana qara yaxmaq indi müxalifətin ideologiyasına çevrilib. Bu sahədə daha çox “çalışan” isə Əli Kərimlidir. Narahatlıq doğuran budur ki, Əli Kərimlinin “çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir. Onun ölkənin imicinə xələl vurmağa yönəlmiş bəyanatları, uydurduğu yalanlar qəribə bir asanlıqla ayrı-ayrı ölkələrin mətbuat səhifələrinə yol tapır və beləliklə də, Əli Kərimlinin təqdimatında təhrif olunmuş, tanınmaz hala salınmış Azərbaycan xarici ölkələrdə müzakirə predmetinə çevrilir», – deyə YAP-ın sədr müavini bildirib.
Digər tərəfdən Ə.Əhmədov Azərbaycandakı insan haqları və demokratiya ilə bağlı beynəlxalq mətbuatda gedən müzakirələri Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir. Onun fikrincə, beynəlxalq arenada bu cür müzakirələrin açılmasının baiskarı da AXCP sədridir: «Açığını deyim, Əli Kərimlinin bu cür hərəkətləri, təhrif olunmuş, uydurulmuş Azərbaycan problemlərini xarici ölkələrdə müzakirəyə çıxarmaq cəhdləri nəticə etibarı ilə həmin ölkələrin Azərbaycanın daxili işlərinə qarışmasına zəmin hazırlayır. Hər hansı bir dövlətin Azərbaycanın daxili işinə qarışması isə yolverilməzdir».
AXCP-dən YAP rəhbərliyinə cavab
Bundan başqa, Milli Məclisin 24 fevral toplantısında da bir sıra deputatlar AXCP sədrinin ünvanına oxşar ittihamlar səsləndiriblər. Son zamanlar Ə.Kərimlinin beynəlxalq mediada yer alan yazıları Azərbaycanın mənafeyinə zidd addım kimi dəyərləndirilib.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının sözlərinə görə, belə görünür ki, Ə.Əhmədov və YAP rəhbərliyi müasir dünyada mövcud münasibətlərin xarakterini, mahiyyətini anlamırlar. Məhz bu üzdən də hesab edirlər ki, Azərbaycanı bütün dünyadan təcrid edib, “öz feodal təfəkkürlərinə uyğun idarə etməyə” davam edəcəklər.
Demokratiya və insan haqları heç bir ölkənin daxili işi hesab edilmir
F.Qəhrəmanlının fikrincə, Ə.Əhmədov ən azı onu öyrənməlidir ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə görə demokratiya və insan haqları artıq heç bir ölkənin daxili işi hesab edilmir: «Əgər Əli Əhmədov bunu indiyə qədər anlamayıbsa, bu bir siyasətçi kimi onun problemidir. Belə bir düşüncə və təfəkkürlə onun partiya rəhbərliyində təmsil olunması bir araya sığmır. Əli Kərimlinin gündəmə gətirdiyi, tənqid etdiyi məsələlər Azərbaycanın tərəqqisinə və inkişafına mane olan problemlərdir. Hakimiyyət hesab edir ki, ölkədə insan haqlarını istədikləri kimi poza, söz azadlığını təzyiq altında saxlaya, seçkiləri istədikləri kimi saxtalaşdıra bilərlər, amma bununla bağlı hər hansı məsələ gündəmə gətirilərsə, bu, ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriləcək. Hakimiyyət təmsilçiləri özbaşına əməllərinin, tayfa klan maraqlarına uyğun olan idarəetmə münasibətlərinin tənqid olunmasını Azərbaycanın daxili işlərinə qarışmaq kimi təqdim edirlər. Bu, qətiyyən belə deyil».
Beynəlxalq mediadakı yazılar Əli Kərimliyə həssas yanaşmanı nümayiş etdirir
F.Qəhrəmanlının fikrincə, bu gün Azərbaycanda azad seçkilərin keçirilməsi, insan hüquqlarının təmin edilməsi, söz və mətbuat azadlığının bərqərar olması ölkəmizin inkişafına və tərəqisinə yol açan siyasət olardı. Ə.Əhmədovun başında durduğu YAP isə bunun əksinə bu gün Azərbaycanı bütün dünyadan təcrid etməkdə və ölkəmizin inkişafına mane olan siyasət yürütməkdədir. F.Qəhrəmanlının sözlərinə görə, Ə.Kərimlinin fikirlərinin beynəlxalq mətbuatda işıqlandırılması, əslində AXCP sədrinin təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də demokratik prosesləri uğurla irəli apara biləcək lider kimi qəbul olunduğunu göstərir: «Beynəlxalq mətbuatda gedən yazılar Əli Kərimliyə bir lider kimi olan həssas yanaşmanı nümayiş etdirir və onun nüfuzunun göstəricisidir. Əslində Əli Əhmədovu və onun digər həmkarlarını narahat edən məhz Əli Kərimlinin belə bir nüfuza, reytinqə sahib olmasıdır. Əli Kərimlinin tənqid etdiyi məqamlar Azərbaycanın tərəqisinə xidmət edən məsələlərdir. Əli bəy nə istəyir? Əli bəy seçkilərin saxtalaşdırılmamasını, ölkədə ədalətli məhkəmələrin olmasını tələb edir, insanların əmlak hüquqlarının pozulmamasını istəyir. O zaman Əli Əhmədovun məntiqindən belə çıxır ki, əmlak hüququnun pozulması, seçkilərin saxtalaşdırılması, mətbuatın boğulması Azərbaycanın tərəqqisinə xidmət edir? Əli Kərimlinin bu gün tutduğu mövqe demokratik dünyanın tərəfdar olduğu yanaşmadır».
Azərbaycanı Mozombik, Şimali Koreya ilə bir sıraya qoyan kimdir?
F.Qəhrəmanlı Ə.Əhmədova müraciət edərək vurğuladı ki, əgər YAP Azərbaycandakı neqativ halları işqılandırmağın ölkənin nüfuzuna xələl gətirdiyi fikrində səmimidirsə, o zaman ilk növbədə təmsil etdiyi hakimiyyəti tənqid etməlidir: «Korrupsiyaya görə kim Azərbaycanın adını dünyada ön cərgəyə çıxarıb? YAP-ın müdafiə etdiyi bu hakimiyyət. İnsan haqlarının pozulmasına görə Azərbaycanı Mozombik, Şimali Koreya ilə bir sıraya qoyan kimdir? Əli Əhmədovun təmsil etdiyi bu hakimiyyət. Bu gün Azərbaycan iqtisadiyyatının 60 faizinin kölgə iqtisadiyyatı olmasına görə kim günahkardır? Yenə də YAP-ın təmsil etdiyi hakimiyyət. Azərbaycanı siyasi məhbuslara görə dünyada bərbad imicdə təqdim edən də bu hakimiyyətdir. Bütün qara siyahılarda Azərbaycanın liderliyinin günahkarı olan, son günlər beynəlxalq mətbuatın gündəmindən məhz pisliklərə görə düşməyən bu hakimiyyətin nümayəndəsinin Əli Kərimlini günahlandırması absurddur».
Bunlar təklənmiş vəziyyətdədirlər
Hakimiyyətin bu cür davranışını onun talaş içində olması ilə izah edən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət uzun müddət bu siyasət davam edə bilməyəcəyini anlayır: «Hakimiyyətin indiyə qədər şantaj, korrupsiya yolu ilə Azərbaycanda problemləri konsevləşdirmək siyasəti artıq alınmır. Bu gün Azərbaycan beynəlxalq birliyin təzyiqləri ilə demokratikləşməyə doğru itələnməkdədir və bunun qarşısını almaq mümkün deyil. Ona görə qeyri-rasional, reallığa uyğun olmayan ittihamlar irəli sürməklə çalışırlar ki, özlərini müdafiə etsinlər. Amma artıq bu, əks-effekt verir. Bunlar təklənmiş vəziyyətdədirlər. Təkcə Azərbaycan xalqı və müxalifəti ilə deyil, dünya birliyi ilə də üz-üzədirlər. Əli Əhmədov dərk etməlidir ki, bu siyasətin perspektivi yoxdur. YAP bunu nə qədər tez dərk etsə, həm özünün, həm də Azərbaycanın xeyrinə olar».
Hikmət