Almaniya ilə savaş hakimiyyəti ifşa etdi

Yaxud insan haqlarından danışan almanlar düşməndir, ermənilərin himayəçisi olan Fransa isə dost?

Azərbaycan hakimiyyəti ilə Almaniya arasında gərginlik səngimək bilmir. Rəsmi dövlət qəzeti “Bakinski Raboçi” və hakim YAP-ın orqanı “Yeni Azərbaycan”da Almaniyanın ünvanına müxtəlif ittihamlar səsləndirilməsindən sonra növbə Milli Məclisə çatıb.
Parlamentin dünənki iclasında spiker Oqtay Əsədov başda olmaqla YAP-çı deputatlar Almaniyanı “asıb-kəsib”. Hakimiyyətin Almaniyaya hücumlarının kökündə bu ölkənin KIV-lərinin Azərbaycandakı insan haqları və demokratiyanın pozulması ilə bağlı materiallar yayması dayanır. Azərbaycan hakimiyyəti alman mediasının tənqidlərini həzm edə bilmir və bunun cavabını təhqir, şantajla verir. Lakin Almaniya ənənəvi olduğu kimi ermənipərəstlikdə ittiham olunmur. Çünki elə bu günlərdə Almaniya Bundestaqında Ermənistan işğalçı adlandırılıb. Bundan əlavə, Bundestaq Xocalı ilə bağlı qərar qəbul edib. Ona görə də hakimiyyət Almaniyaya qarşı “rasizm”, “korrupsiya”, “iqtisadi maraqlar” və s. bu kimi “silahlardan” yararlanır. Lakin Almaniya ilə savaş hələ ki,  Azərbaycan hakimiyyətinə heç bir uğur gətirməyib. Hətta Əliyevlər bir məsələdə ifşa olunub. Söhbət hakimiyyətin milli maraqlar və xüsusilə Qarabağ problemindən manipulyasiya etməsinin əyani sübutundan gedir. Təsəvvür edin, həmişə milli maraqlardan, Qarabağ problemindən, bir milyon məcburi köçkündən danışan hakimiyyət erməni soyqırımı ilə bağlı xəsusi qanun qəbul etmiş Fransaya qarşı pıçıltı ilə etiraz etdi. Fransa təkcə ermənilərin maraqlarına xidmət edən qanunla kifayətlənmədi. Bu ölkənin Azərbaycandakı səfirliyi hətta Xocalı ilə bağlı tədbirə belə, gəlmədi. Amma nədənsə Azərbaycan hakimiyyəti bu barədə susur. Xocalı ilə bağlı xüsusi qərar qəbul edən, Ermənistanı işğalçı adlandıran Almaniya isə topa tutulur. Çünki bu ölkə Fransadan fərqli olaraq, Azərbaycanda medal paylamır, insan haqları və demokratiyanın vəziyyətinə diqqət çəkir. Məhz buna görə də Azərbaycan hakimiyyətinin hədəfinə tuş gəlir.
YAPist rejimin vətənpərvərliyi bundan artıq olmayacaq ki…

Hikmət