Ictimai Palata vicdan məhbuslarına mənəvi təzyiqlə bağlı etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti beynəlxalq birliyin və yerli ictimaiyyətin israrlı tələb və çağırışlarına baxmayaraq, siyasi məhbusları hələ də həbsdə saxlayır. Bu azmış kimi, onlara həbsxana şəraitində belə təzyiq göstərir, mənəvi əzab verir. Çalışır ki, siyasi dustaqları mənən alçaldaraq tutduqları mübarizə yolundan döndərsin.
Ictimai Palata bunun konkret nümunəsi kimi, vicdan məhbusu Elnur Isrəfilovu mənəvi təzyiq yolu ilə mövqeyindən geri çəkilməyə məcbur etdikləri haqda xəbərləri göstərir və bu cür hərəkəti rəzillik adlandırır. Ictimai Palata bəyan edir ki, həbsxana şəraitində, köməksiz və müdafiəsiz olan insanlara psixoloji basqı göstərmək, onlara ruhi sarsıntı yaşatmaq heç bir mənəvi ölçüyə sığmır və bu kimi hərəkətlər bütün mədəni dünyanın lənətlədiyi əməllər sırasındadır.
Ictimai Palata həmçinin, vicdan məhbuslarına qarşı müxtəlif təxribatların hazırlandığı haqda məlumatlardan narahatlığını da ifadə edir. Palata bəyan edir ki, hakimiyyət bütün ölkə vətəndaşları kimi, həbsxanada saxlananların da təhlükəsizliyinə cavabdehdir və bu cavabdehliyini dərk etməlidir. Bu baxımdan siyasi dustaqlara qarşı istənilən təxribatın hazırlanması, onların həyatına yarana biləcək təhlükələrə görə birbaşa hakimiyyət məsuliyyət daşıyır. Azərbaycan hakimiyyəti bu məsuliyyətini başa düşməlidir.
Ictimai Palata hakimiyyəti siyasi dustaqlara mənəvi təzyiq və təxribatları dayandırmağa çağırır, insanlığa zidd belə vasitələrlə onları mövqelərindən imtina etmək cəhdindən əl çəkməyi tələb edir.
Palata təəssüflə qeyd edir ki, Azərbaycan vətəndaş cəmiyyətinin bəzi nümayəndələri belə rəzil davranışa qarşı çıxmaq, siyasi məhbusları həqiqətən müdafiə etmək əvəzinə, bu işdə hakimiyyətə yardımçı olmaq yolunu tutublar. Onlar vicdan məhbuslarını mövqelərindən geri çəkilməyə inandırmaq üçün imkanlarından istifadə edirlər.
Ictimai Palata vicdan məhbuslarına mənəvi əzab verən bu cür davranışa görə həm hakimiyyəti, həm də ona kömək göstərənləri sərt şəkildə qınayır, onları insanların heysiyyatı ilə oynamamağa, ictimaiyyətin qəzəbindən çəkinməyə çağırır.
Ictimai Palata ölkə ictimaiyyətini və beynəlxalq birliyi baş verənlərə qarşı sərt etiraza səsləyir. Palata bildirir ki, indi siyasi məhbusları müdafiə etmək, onların azad olunmasına çalışmaq yetərli deyil. Bu insanların həbsxanadan ruhi sarsıntı keçirmədən, mənən alçalmadan azad edilməsi naminə hərəkətə keçmək lazımdır.
İctimai Palata vicdan məhbuslarına qarşı işgəncə və təxribatlara etiraz etdi
•


