Əli Kərimli İsa Qəmbəri təbrik etdi

AXCP sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbəri 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Isa bəy!
Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çağdaş Azərbaycan tarixində öz yeri, çəkisi və rolu olan siyasətçi kimi sizin müstəqilliyin qazanılmasında, dövlətçiliyin bərpasında, 100 illik Müsavat Partiyasının ənənələrinin, ideologiyasının yaşadılmasında, müxalifət sıralarının artmasında, demokratiyanın bərqərar olması uğrunda aparılan mübarizədə xidmətləriniz çoxdur. Ziyalı ailəsində böyümüş bir gənc tarixçi alim kimi hələ 1985-ci ildə heç kimin cəsarət etmədiyi bir addım atdınız. Mənfur Zori Balayanın iftira dolu “Ocaq” kitabına cavab yazdınız və qısa müddətdə geniş ictimaiyyətə tanındınız. 1988-ci ildə Milli Azadlıq Hərəkatının liderlərindən biri olmağınız sizin gələcək aktiv siyasi fəaliyyətinizin başlanğıcı oldu. Bundan sonra AXC-nin yaradıcılarından biri, ilk Idarə Heyətinin üzvü, sədr müavini olaraq kommunist rejiminə qarşı mücadiləniz müxalifət tarixinin şanlı səhifələrindəndir. Lakin siz ardıcıl siyasi yüksəlişinizlə gerçək bir dövlət xadimi olduğunuzu da sübut etdiniz. Bir alim kimi çox istedadlı olsanız da siz həyatınızı siyasətə bağladınız. 1990-cı ildə xalq deputatı seçiləndən sonra ölkə parlamentindəki çıxışlarınız dillər əzbəridir. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçiləndə, həmin ilin may-iyun ayında Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən də ölkədə demokratik idarəetmənin nümunələrini yaratdınız. 1993-cü ilin 4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verdiniz. Lakin əlbəttə ki, sizin adınız XX əsrin əvvəllərində təməlini M.Ə.Rəsulzadənin qoyduğu Müsavat Partiyasının 1992-ci ildə bərpa olunması və onun başqanı seçilməniz, 20 ildir bu təşkilata ləyaqətlə, böyük fədakarlıqla başçılıq etməyiniz Azərbaycanın ən yeni tarixinə əbədi həkk olunub. Bu illərdə antimilli Əliyevlər iqtidarı sizin halal haqqınız olan deputatlıq mandatınızı dəfələrlə əlinizdən alıb. Xalqın iradəsi ilə seçilən millət vəkilini Milli Məclisdə öz yerini tutmağa, seçicilərinə xidmət etməyə qoymayıb. Nəhayət, 2003-cü ildə xalq sizə böyük etimad göstərərək prezident seçmişdi, lakin bu işğalçı rejim növbəti dəfə seçkiləri saxtalaşdıraraq sizin qanuni haqqınızı əlinizdən aldı. Siz öz həyatınız, mübarizəniz, vətənpərvərliyiniz, bacarığınızla millətin böyük sevgisini qazanmısınız. Beynəlxalq aləmdə də nüfuzunuz danılmazdır.
Hörmətli Isa bəy, biz 2005-ci ildə “Azadlıq” bloku, 2010-cu ildə AXCP-Müsavat seçki bloku çərçivəsində, hazırda isə Ictimai Palatanın təsisçiləri və Koordinasiya Şurasının üzvləri olaraq sıx əməkdaşlıq etməkdə davam edirik, ulu öndərlərimiz M.Ə.Rəsulzadə, Ə.Elçibəy ideyalarının davamçıları kimi demokratiya uğrunda savaşda eyni səngərdəyik. Sizin kimi ziyalı, görkəmli siyasi xadimlə yaxın münasibətim olduğuna görə qürur duyuram. Inanıram ki, gələcək fəaliyyətimizlə də vətənimizdə haqq-ədalətin qalib gəlməsi, demokratiyanın bərqərar olması, millətə gerçək xidmət etmək nümunəsini də birgə həyata keçirəcəyik.
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, şərəfli mübarizə yolunuzda yeni uğurlar, sevdiklərinizin əhatəsində firavan günlər arzulayıram. Tanrı sizi qorusun!