Biləsuvarın «xan»ı Mahir Quliyev qəzetimizdə gedən yazılarla bağlı mənbə axtarışına çıxıb
Biləsuvarın icra başçısı Mahir Quliyev rayonda “Azadlıq” qəzetinin satışına qadağa qoyub. Bu barədə qəzetimizə rayondakı mənbələr məlumat verib. Məlumatlarda deyilir ki, Biləsuvar Icra Hakimiyyətinin binasında 2011-ci ilin yekunlarına dair keçirilən iclasda baş verənlər barədə “Azadlıq”da gedən yazıdan bərk hiddətlənib. Bu baxımdan da qəzetin satışına qadağa qoyub. Xatırladaq ki, həmin iclasda Biləsuvarın Prezident Administarsiyasından (PA) kuratoru Vəfadar Quliyev təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla gənclər idman idarəsinin rəisi Xalid Rüstəmovu sərt tənqid edib. Biləsuvarda yüksək səviyyəli təhsildən danışan Balaqardaş Kazımovla Vəfadar Quliyev arasında belə bir dialoq olub:
V.Q: – Ötən il neçə məzun olub?
B.K: – 1800 məzun.
– Onlardan neçəsi attestat ala bilməyib?
– 30 faizi.
– Nə iş görmüsünüz? 30 faiz attestat ala bilməyən rayonda təhsilin səviyyəsindən necə danışmaq olar? Siz gördüyünüz işlərdən yox, problemlərdən danışın.
Xalid Rüstəmova gəlincə Vəfadar Quliyev onun da sözünü kəsərək Yaponiya səfirliyinin maliyyəsi hesabına rayonda tikilən idman zallarına verilən hədiyyələrin satılmasından danışıb: “Nədən bu rüsvayçılıqdan danışmırsınız?! Bunları camaata deyin. Azərbaycanda olan idmana qayğıdan yox, Biləsuvarda hansı işlər görülüb, onlardan söz açın”.
Icglasda iştirak edən Biləsuvarın deputatı Xanhüseyn Kazımlı isə ümumiyyətlə çıxış edə bilməyib. O danışmağa başlayanda iştirakçılar əl çalmaqla onun çıxışına imkan verməyiblər.
Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, Mahir Quliyev Biləsuvarda mənbə axtarışına çıxıb. Icra başçısı həmçinin “Azadlıq”ın ünvanına da sərt ifadələr işlədib.
Mahir Quliyev internet əsrində Biləsuvarda informasiya blokadası yaratmaq cəhdi başadüşüləndir. Ofisiantlıqdan icra başçısı postuna yiyələnən şəxsdən bundan artığını gözləmək olmaz. Mahir Quliyevin “Azadlıq”ın ünvanına sərt ifadələr işlətməsinə və qəzetin satışına qadağa qoymasına gəlincə, icra başçısının diqqətinə çatdırırıq onun ofisantlıqdan hansı yolla, hansı nazirin dəstəyilə icra başçısı olması və bunun üçün hansı universitetdən necə diplom alması barədə qəzetimizdə müfəssəl məlumatlar var. Bu məlumatlar növbəti saylarımızda dərc ediləcək. Mahir Quliyev “Azadlıq”a qarşı qərəzdən əl çəkməyəcəyi təqdirdə isə onunla bağlı başqa ilginc məlumatları da oxucuların diqqətinə çatdıracağıq.