b.esed2

Bəşər Əsədə 2 gün vaxt verdilər

Hillari Klinton: “Əsəd etdiklərinin əvəzini çox ağır ödəyəcək”
 
Suriyada hökm sürən böhran getdikcə dərinləşir. Ötən gün ölkənin müxtəlif yerlərində Bəşər Əsəd rejiminə qarşı növbəti ənənəvi cümə etirazları keçirilib. Hökumət qüvvələri bu dəfə də Əsəd əleyhdarlarını susdurmaq üçün oldu silahdan istifadə edib. Rejimin əmrindəki əsgərlərin açdığı atəş nəticəsində Suriyanın müxtəlif bölgələrində 55 nəfər dünyasını dəyişib. Öldürülənlərin 10-u isə azyaşlı uşaqdır. Müxalif fəallar Bəşər Əsədin ordusunun Həma, Homs, Haseke, Dəraa, Hələb, Deyr əz Zor və İdlib şəhərlərində xüsusi əməliyyatlar keçirdiyini bildirib.

Fevralın 24-də Tunisdə “Suriyanın dostları” qrupunun ilk toplantısı keçirilib. Həmin qrup Qətər və Səudiyyə Ərəbistanının liderlik etdiyi, aralarında ABŞ-ın da olduğu 60-dan çox ölkənin iştirakı ilə yaradılıb. Bir çox mövzuların müzakirə olunduğu konfransda Qətərin xarici işlər naziri şeyx Həmd bin Casiyə əl Tani Suriyaya humanitar yardımların çatdırılması üçün ərəb ölkələrindən ibarət sülhməramlı qüvvələrin göndərilməsini təklif edib. Toplantıda çıxış edən müxaliflərin yaratdığı Suriya Milli Şurasının başçısı Burhan Qalyun isə Bəşər Əsəd rejiminin devrilməsindən sonra hazırda çox az hüquqları tanınan kürdlərə bütün ölkə vətəndaşlarına verilən hüquqlardan yararlanamq imkanı yaradılacağına zəmanət verib.

Konfransın sonunda Suriyadakı vəziyyətin dəhşətli bir hal aldığı vurğulanaraq, humanitar yardımların xalqa çatdırılması üçün Suriya rejiminə və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Sənəddə Bəşər Əsədə bağlı qüvvələrin dinc vətəndaşların yaşadığı bölgələrdə qarşıdurmaları dayandırması üçün 48 saat vaxt qoyulub və bundan sonra həmin bölgələrə humanitar yardımlar göndərilməsi nəzərdə tutulub. Bundan başqa, müxaliflərin yaratdığı Suriya Milli Şurasının “Suriya xalqının legitim təmsilçisi” olaraq tanınmasına da qərar verilib.

Türkiyənin xarici işlə naziri Əhməd Davudoğlu, toplantıdan əvvəl Londonda verdiyi açıqlamasında, rəsmi Ankaranın Suriyayla bağlı heç bir təklifə rədd cavabı verməyəcəyini və bu təkliflərə ən qısa zamanda dəstək göstərəcəyini bildirib.
“Suriyanın dostları”nın toplantısında çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton Bəşər Əsədin ünvanına sərt xəbərdarlıq ünvanlayıb. Dövlət katibi deyib ki, Bəşər Əsəd və Suriya rejimi etdiklərinin cəzasını ən ağır şəkildə ödəməli olacaq: “Bəşər Əsəd və Suriya rejimi törətdiklərinə görə çox ağır cəza alacaq”.

Əsəd rejimi tələblərə mənfi cavab verərsə, səyahət qadağaları və neft idxalının dayandırılması kimi sanksiyalar gündəmə gələ bilər. Bundan əlavə Suriya ilə bağlı maliyyə əməliyyatlarını dayandırmaq, diplomatik əlaqə səviyyəsini aşağı endirmək, bu ölkəyə silah göndərilməsinin qarşısını almaq və var-dövlətinin dondurulması kimi sərt tədbirlər də nəzərdə tutulur.

Tunisdəki toplantının əvvəlində isə BMT-nin keçmiş baş katibi Kofi Annan BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə birgə nümayəndəsi təyin olunub. Annan yeni vəzifədə ilk açıqlaması zamanı Suriyadakı bütün tərəflərə atəşkəs çağırışı edib və problemin sülh yolu ilə həllinə səy göstərəcəyini bildirib.

Konfransda Suriyaya humanitar yardım forumunun təşkili və forumun ilk iclasının martın 5-də Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılıb. “Suriyanın dostları”nın növbəti toplantılarının mart ayında İstanbulda, daha sonra Fransada keçirilməsinə qərar verilib.

Turan