«Azadlıq»ın yazdıqları təsdiqini tapır
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, bugünlərdə Azərbaycanda fəaliyyət göstərən bütün bankların birinci şəxsləri Vergilər Nazirliyinə çağırılıb. Vergilər naziri Fazil Məmmədov bank rəhbərlərininin diqqətinə Ilham Əliyevin xüsusi tapşırığını çatdırıb.
Həmin tapşırıq bankların POS-terminallar alması ilə bağlı olub. Fazil Məmmədov deyib ki, iri banklar 2000-1500, digərləri isə 1000 POS-terminal almalıdır. Ümumilikdə banklar tərəfindən 60 min POS-terminal alınmalı və ticarət obyektləri, xidmət sahələri arasında bölüşdürülməlidir. Həmin məlumatda bildirilirdi ki, əslində məsələnin kökündə biznes maraqları dayanır. Hakimiyyətin yuxarı çevrələrinə yaxın sahibkarlardan biri ölkəyə 60 min POS-terminal gətirib. Hər POS-terminalın qiyməti 470 manatdır. Indi “Eurovision” bəhanəsilə həmin POS-terminalları satmağa çalışırlar.
“Azadlıq”ın bu xəbəri təsdiqini tapmaqdadır. Vergilər nazirinin müşaviri Ilqar Əhmədov məhz bu məlumatdan sonra APA-ya verdiyi müsahibədə bildirib ki, təmsil etdiyi qurum Mərkəzi Bankla birgə POS-terminalların quraşdırılması işini sürətləndirib. Onun sözlərinə görə, Bakıda 11 rayonda ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqi 60 sahə üzrə həyata keçirilir.
Vergilər Nazirliyi ilə Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə bu günə kimi 14 mindən çox POS-terminal qeydiyyata alınıb və quraşdırılıb ki, bunun da 13 mini və ya 92,8 faizi Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür.