…Bu gedişlə, dünyanın bir nömrəli mahnı müsabiqəsi Bakıdan yan keçə bilər. Artıq Bakıda da bunun bir demokratiya tələsi olduğunu anlayıblar.
Tarixdə belə hallar çox olub. Demokratiya və insan haqlarının pozulduğu ölkələrdə nəinki bu tipli yarışmalar, hətta daha geniş miqyaslı tədbirlər də, boykot edilib. 1980-ci ildə Qərb Moskvada keçiriləcək XX yay Olimpiya oyunlarını boykot etməklə, avtoritar rejimlərə açıq şəkildə meydan oxumağa başladı. Ardından SRRI və digər sosialist ölkələri ABŞ-da keçiriləcək növbəti oyunları boykot etdilər. 1992-ci ildə isə Yuqoslaviya millisi futbol üzrə Avropa çempionatına buraxılmadı.
“Avroviziya” musiqi yarışmalarına ev sahibliyi etmək üçün sən demə, bu yarışı qazanmaq yetərli deyilmiş. Bunun üçün demokratik prinsiplərə riayət etməlisən, çünki bu bir azad dünya yarışmasıdır…
Bəzən YAP politoloqları bizi Avropadan ayırmağa çalışırlar, bura Azərbaycandır deyirlər, halbuki unudurlar ki, biz 5 ildən artıqdır ki, Şərqi Avropa məkanına aidik. Avropanın gələcək xəritəsində, biz də varıq, istəsək də, istəməsək də, demokratiya, azad seçkilər, sərbəst toplaşma hüququ bərqərar olunacaq. Demokratiyanın bütün prinsiplərinə riayət edəcəyimiz haqda öhdəlik götürmüşük, protokollara imza atmışıq. Üstündən beş il keçib və buyurun, Azərbaycan iqtidarının zərrə qədər də əməl etmədiyi, hər addımda pozduğu bu ənənələrə görə Avropa hesab sormağa başlayıb.
“Avroviziya” bir “tələ” idimi?
Tələdirsə, Azərbaycan cəmiyyəti bundan heç nə itirməyəcək. Bu tədbirin ölkəmizdə keçirilməyəcəyi təqdirdə, qazandıqlarımız çox şey olacaq. Ən əsası rejim bunu xalqa izah etməkdə “çətinlik” çəkəcək. Ənənəvi olaraq, Avropanın “erməni sevgisi” və müxalifət tənqid ediləcək(!).
Hətta repressiyanın daha da güclənəcəyi ehtimal olunur. Fikrimcə, “Avroviziya”nın keçirilməsi və yaxud əksinə, boykotu Azərbaycan müxalifətinə, sadə vətəndaşlarına yaxşı heç nə vəd etmir. Hər iki halda revanş qaçılmazdı, hətta mən deyərdim ki, boykot daha təhlükəlidir. Belə olan halda iqtidar bunun əvəzini(!) müxalifətdən çıxmağa çalışacaq və növbəti təqib, zorakılıq və hətta həbs dalğasının başlanması qaçılmazdır.
Iqtidar artıq indidən bəyan edir ki, müxalifət bu mahnı müsabiqəsinin keçirilməsini istəmir. Müxalifəti ittiham edən isə iqtidardır, gülməlidir deyilmi?
Müsabiqə baş tutarsa…
Azərbaycanda buna artıq adət etmişik – seçkilər və ondan sonrakı həbs dalğası, yəni qaliblərin mühakiməsi… Bütün hesabatlarda Azərbaycandakı seçkilər tənqid olunur, bir-iki ay sakitlik… və ilk “fürsətdəcə” həbslər.
“Avroviziya” yarışmasını keçirəcək Azərbaycanda biz istəsək də, istəməsək də siyasi bəyanat və çıxışlar qaçılmazdır. Avropadan gələn jurnalistlər yəqin ki, H.Əliyev muzeyləri ilə kifayətlənməyəcəklər. Müsahibə verən siyasilər də olacaq, söz azadlığı və demokratiya tərəfdarlarının aksiyaları da. Mənzil fırıldağı qurbanlarının, evləri sökülən vətəndaşların da “dinc” durmayacağını nəzərə alsaq, xarici jurnalistlərin “mövzudankənar” reportajlar bolluğuna düşəcəklər.
Iqtidarın buna səbir göstərəcəyi, təbii ki, istisnadır. Belə olan halda saxlanılanların yarışdan sonra mühakimə olunacağı qaçılmazdı.
Avroreviziya…
Baxın hələ yarışa xeyli zaman var, amma Qərb mətbuatı nələrdən yazır.
Azərbaycan qalıb bir qıraqda, iqtidarın korrupsiya əməlləri manşetləri bəzəyir. Dubay villalarından tutmuş, özəl lüks təyyarələrin hansı pullara alındığı, məmur övladlarının qlamur həyatı gündəmdən düşmür. Qardaş Türkiyə mətbuatındakı bir köşə yazısındakı “bəy tərifi”ni çıxsaq, iqtidarın susması ittihamların qəbul etməsi anlamına gəlir. Bütün bunlar bizim çoxdan bildiyimiz həqiqətlərdir.
Dünyada adətən, bu cür hallarda ittiham olunan vəzifəli şəxs öncə xalqa açıqlama verir. Keçən il Türkiyənin baş naziri xaricdə mülk sahibi olması iddialarına bir ay boyunca cavab verdi, hətta ürəyi soymayıb dedi ki, “mən bu mülkləri onu tapana hədiyyə edəcəm”.
Bəli, Qərb Azərbaycanda demokratiyanın bərqərar olunmasında israrlıdır. Buna artıq hər kəs hazır olmalıdır. “Avroviziya” isə bu yolda çətin sınaqdır. Qeyd etdiyim kimi, bu yarış keçirilsə də, boykot edilsə də uduzmayan bir tərəf var, o da Azərbaycan xalqıdır. Biz isə, müxalifət olaraq, bu yarış zamanı azad dünya yazarlarının Azərbaycan həqiqətlərini yazmasından dolayı məmnunluq duyacağıq. Bu yarış bizi demokratiyaya bir addım da yaxınlaşdıracaq, nəticələri nə qədər ağır olsa belə…

“Avroviziya” məhbuslarına AZADLIQ! (2013-cü ilin şüarı)
•