Vicdan məhbusuna dayısı ilə görüşməyə icazə verməyiblər

Beynəlxalq ekspertlər Elnur Israfilovla bağlı hadisəni pisləyir

Əfv olunmaq və YAP-a üzv yazılmaq üçün Ilham Əliyevə müraciət etdiyi bildirilən vicdan məhbusu Elnur Israfilovla bağlı yayılan xəbərlərə dünən də aydınlıq gətirmək mümkün olmayıb. E.Israfilovun dayısı Məmməd Ibrahim dünən onunla görüşmək üçün Xələcdəki 5 saylı cəzaçəkmə müəssisəsinə getsə də, görüşə icazə verməyiblər.
Xatırladaq ki, fevralın 21-də internet şəbəkələrində E.Israfilovla bağlı müəmmalı xəbərlər yayılmışdı. Xəbərlərdə bildirilirdi ki, Elnur əfv olunmaq və YAP-a üzv qəbul olunmaq üçün Ilham Əliyevə müraciət edib. Elnurun öz xəttilə yazdığı iddia olunan ərizələr məzmunu baxımından xeyli suallar yaradırdı. Müraciətdə Elnurun adından “yaxşı təhsil almadığı, savadsız olduğu” göstərilsə də, mətndə çox sərrast ifadələrin yer alması əsl müəllifin o olmadığını göstərirdi. Müraciətdə aşağıdakı fikirlər yer almışdı: “Dayım Məmməd Ibrahim tərəfindən Bakı şəhərinin mərkəzi küçəsində ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin törədilməsinə cəlb olunmuşam. O, öz avantürist niyyətlərini həyata keçirmək üçün məni və mənim kimi sadə insanları bu işlərə cəlb etmişdir”.
M.Ibrahim axırıncı dəfə 10 gün əvvəl E.Israfilovla görüşdüyünü bildirir və deyir ki, həmin görüşdə Elnur ona əfv yazmaqla bağlı ən müxtəlif yerlərdən təzyiq və təkliflər gəldiyini deyib. Amma o, bu təkliflərə rədd cavabı verdiyini və sona qədər də mövqeyini qoruyacağını bildirib. Məmməd Ibrahim ehtimal edir ki, əfv ərizəsini Elnurla eyni cəzaçəkmə müəssisəsində saxlanılan qardaşına yazdırıblar.
Bəzi məlumatlara görə isə Elnura əfv ərizəsi yazdırmaq üçün bəzi hüquq müdafiəçilərinin xidmətindən istifadə olunub. Belə bir təcrübə Azərbaycanda bir neçə ildir ki, var. Özünü hüquq müdafiəçisi adlandıran bəzi şəxslər hakimiyyətlə birgə vicdan məhbuslarının iradəsini zorlamaq, onları əqidələrindən döndərmək, əfv ərizələri yazdırmaqla məşğuldur.
Ingiltərəli müstəqil ekspert, Şimali Qafqazda insan haqlarının müdafiəsi ilə məşğul olan Nikolas Port mövzu ilə bağlı “Azadlıq”a bunları deyib: “Əbəttə ki, əgər sizin dediyiniz fakt varsa, bu utanc gətirən bir faktdır. Hüquq müdafiəçisi, əgər özü də siyasi təzyiqlərə məruz qalaraq həbsə atılmış birisinin öz əqidəsindən dönməsinə israr etməsi və bu məslədə hakimiyyətin də rolunun açıq-aydın görünməsi qəbul edilən məqam deyil. Hüqüq müdafiəçisi ümumiyyətlə niyə hakimiyyət tərəfi ilə birgə hərəkət etməlidir, bunu da anlamıram.
O ki qaldı hüquq müdafiəçisinin həbs yerlərində onun sağlamlığına cavabdeh olmasına, amma sizin dediyiniz kimi, əksinə, ona təsir edirlər ki, əqidisini dəyişsin, bu yolverilməzdir. Hüquq müdafiəçisi təkcə məhbusun məhbəsdə müdafiəçisi deyil. Onun ictimai rəydə də əleyhinə hansısa yolverilməz nüanslar ortaya çıxarsa, onu da müdafiə etməlidir. Hətta həmin məhbusun ailəsinin belə, hüquqlarını qorumalıdır. Çox təəssüf edirəm ki, Azərbaycandakı konkret durumla tanış deyiləm. Amma bununla belə, əgər belə bir fakt varsa, yolverilməzdir”.