Müsavat başqanı jurnalistləri başına topladı
Fevralın 23-də Müsavat başqanı İsa Qəmbər partiyanın qərargahında jurnalistlərlə görüş keçirib. İsa Qəmbər bəzi suallara aydınlıq gətirmək üçün belə bir görüşə ehtiyac duyduğunu qeyd edib. Jurnalistlər əvvəlcə Müsavat başqanını 55 illik yubileyi münasibəti təbrik ediblər.
Yubileyini qeyd edib-etməyəcəyi haqda suala cavabında İ.Qəmbər bildirib ki, Xocalı faciəsi ilə bağlı belə bir tədbir keçirmək doğru olmazdı. Buna görə də, partiya Xocalı faciəsinin ildönümündən sonra onunla birgə 60 yaşı tamam olan başqan müavini Gülağa Aslanlına yubiley tədbiri keçirərəcək.
Xocalı faciəsinin 20 illiyinin qeyd edilməsinə gəlincə, Müsavat başqanı partiyanın qərargahında bununla bağlı xüsusi tədbirlərinin keçiriləcəyini qeyd edib. O, İctimai Palatanın faciənin ildönümü günü Xocalı abidəsini ziyarət edəcəyini, daha sonra partiyanın qərargahında xüsusi tədbirin keçiriləcəyini bildirib.
İ.Qəmbər Müsavat başqanı postunda qalıb-qalmayacağı ilə bağlı diskussiyalara da toxunub və bildirib ki, partiyanın qurultayında başqanlıq üçün namizədliyini verməyəcəyi birmənalıdır. O, qeyd edib ki, partiyanın nizamnaməsi eyni şəxsin ard-arda iki dəfədən çox başqan seçilməsini yasaqlayır və buna görə də qarşıdan gələn qurultayda namizədliyini irəli sürməyəcək.
İ.Qəmbər bildirib ki, partiya qurultayını Bakıda keçirmək niyyətindədir. Lakin qurultayı Azərbaycanda mümkün olmasa, xaricdə keçirmək variantı da müzakirə oluna bilər. Daha sonra İ.Qəmbər 2013-cü il prezident seçkilərində iştirakı, İctimai Palatanın fəaliyyəti, vicdan məhbusları ilə bağlı nəzərdə tutulan aksiyaların keçirilməsi kimi suallara cavab verib.
Ramin DEKO


