Hakimiyyət daxilində 2013-cü illə bağlı ziddiyyətlər daha da alovlanır
Hakimiyyət daxilində 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlı ziddiyyətlər getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir. Xüsusilə Ilham Əliyevin “Əl Cəzirə” telekanalına müsahibəsində növbəti prezident seçkisində namizədliyini verib-verməyəcəyi barədə konkret qərarı olmadığını deməsi bu ziddiyyətlərin açıq müstəviyə keçməsinə səbəb olub.
Hakimiyyətdəki Naxçıvan klanı ilə Paşayevlər arasında baş qaldıran bu ziddiyyətlər vaxtaşırı tərəflərin bir-birini açıq hədələməsi ilə də müşahidə olunur. Növbəti belə bir hədə Paşayevlərin cəbhəsindən gəlib.
Deputat Zahid Orucun “Modern.az” saytına verdiyi müsahibədə söylədiyi fikirlər belə deməyə əsas verir. Zahid Oruc həm də Fəzail Ağamalının sədri olduğu AVP-də müavin postunda təmsil olunur. Fəzail Ağamalının isə Naxçıvan klanı ilə problemləri olduğu sirr deyil. Bu klanın “xaç atası” hesab edilən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev barəsində onun verdiyi açıqlamalar hələ yaddan çıxmayıb. Hazırda isə Fəzail Ağamalı nəqliyyat naziri Ziya Məmmədovla yaxınlıq edir. Ziya Məmmədov isə Paşayevlərin çevrəsinə daxil olan fiqur sayılır.
Zahid Oruc həmin müsahibədə Mehriban Əliyevanın 2013-cü ildə namizəd olacağı təqdirdə hakimiyyətdə hansısa qüvvələrin ona qarşı çıxacağı, başqa bir namizədə üstünlük verə biləcəyi barədə ehtimallara belə münasibət bildirib: “Hakimiyyətdə böyük nomenklatur kadr korpusu var. Bu mənada hamının hamını bəyənməsi mümkün deyil. Nə qədər fərqli xarakterlər, psixologiyalar varsa, bir o qədər də fərqli dünyagörüşlər, yanaşmalar olacaq.
Prezidentin iradəsindən kənarda hər hansı qüvvə mövcud deyil. Çox böyük monopolist, oliqarx kimi xarakterizə olunan şəxslər kreslosundan kənarlaşandan sonra görürsünüz ki, onun nə qədər siyasi, ictimai obrazı balacalaşır və demək olar ki, yox olur. Nədəndir? Bəzən vəzifə, kreslo kimisə böyük göstərə bilər, amma ulu öndər hər zaman deyirdi ki, vəzifə insanı böyük etmir, insan vəzifəni böyük edir. Bu, çox mühüm bir yanaşmadır. 2013-cü ilə yönəlik hansısa qrupların başqa bir namizədin üzərində dayanaraq onun qələbəsi üçün xüsusi maliyyə resursu ilə təşkilat qurmaları haqqında söhbətlər kiminsə arzusudur.
Mehriban Əliyevanın Azərbaycanın birinci xanımlığından prezidentliyə gedişi və bunun xalqın iradəsi ilə baş verməsi hər hansı bir qurumun, təşkilatın xüsusi olaraq müqaviməti ilə qarşılanmayacaq”.