Koroğluya heykəl qoyulması hansı üzündən baxsanız, yaxşı hadisədir. Yoxsa, nə qədər eyni adama heykəl qoymaq olar, nə qədər eyni adamın heykəlinin lentini kəsmək olar. Bunların bu ölkədə heykəli qoyulası ikinci adamı tapmalarının özü irəliyə doğru bir addımdır. Qiymətləndirmək lazımdır.
Sadəcə, mən Koroğlunun heykəlinin açılışında möhtərəmin etdiyi çıxışın mahiyyətini anlamaqda çətinlik çəkirəm. Deyir ki, “Koroğlu yaxşı vətəndaşdır”. Mən bilmirəm, məsələn, yunanlar da Herakla “vətəndaş” deyəmi xitab edirlər, bilmək heç önəmli də deyil. Məsələ başqadır. Koroğluya “yaxşı vətəndaş” olduğu üçün heykəl qoyulursa, bu, hansı anlama gəlir? Bu o deməkdirmi ki, bunlar Rəsulzadəni “pis vətəndaş” hesab etdikləri üçün ona heykəl qoymurlar?
Məsələ heç Koroğlunun yaxşı-pis vətəndaş olmasında da deyil. Məsələ orasındadır ki, bu gün Koroğluya heykəl qoyursunuz, amma indi o sağ olsaydı, Ilham Əliyevin polisləri ona “vətəndaş” deyə yox, “əəə” deyə xitab edəcəkdilər.
Yol polisi də heç onun yaxşı vətəndaş olmasına baxmayacaqdı, iki addımdan bir “vətəndaş, sağa çək saxla” deyə zəhləsini tökəcəkdi. Məsələ budur.
Əgər sən bu gün vətəndaşına sahiblənməyi bacarmırsansa, onu səni sevir deyə yaxşı, səni sevmir deyə də pis kateqoriyasına ayırırsansa, artıq sənin Koroğluya münasibətin heç nəyi ifadə etmir. Adamlar sənin Koroğluya münasibətini də bu gün vətəndaşlarına münasibətinlə müqayisə edib nəticə çıxarmaq məcburiyyətindədir.
Koroğlu kasıblardan alıb lukaşenkolara paylayardımı?
Koroğlu varlılardan alıb kasıblara paylayırdı və elə buna görə möhtərəmin təbirincə desək, yaxşı vətəndaş idi. Axı məsələ bu deyil.
Məsələ odur ki, büdcə pullarını kasıblardan alıb lukaşenkolara paylamaq da yaxşı vətəndaşlığın əlamətidirmi? Ya da tutaq ki, kasıbların taksilərini əlindən alıb Ziya Məmmədova verən necə, o da yaxşı vətəndaşdırmı?
Ac, yesir millətin boğazından kəsib bahalı musiqili fontanlara, alman eşşəklərinə, fransız atlarına, holland güllərinə paylamaq da yaxşı vətəndaş əməlidirmi?
Koroğluya heykəl qoymaqda deyil məsələ. Məsələ bu suallara cavab verə bilməkdədir.
Bəs onda 2 aprelçilər niyə pis vətəndaşdır?
Ən əsası, bu gün onlarla insan ölkədəki ədalətsizliklə barışmadığına, hüquqsuzluğa, zülmə qarşı dirəşdiyinə görə şərlənərək, haqsız yerə dəmir barmaqlıqlar ardına atılıb. Indi çıxıb heykəl açılışında “Koroğlu ədalətsizliyə dözməyən, ədalətsizliyə qarşı döyüşən görkəmli şəxsiyyət idi” deyən Ilham Əliyev sözlərilə əməlləri arasında bu ziddiyyəti necə izah edir?
Yoxsa mifoloji qəhrəmanın ədalətsizliyə qarşı döyüşməsi yaxşı, real, günümüzdəki insanların ədalətsizliklə mübarizəsi pisdir? Keçmişdə ədalətsizliklə döyüşənlər “görkəmli şəxsiyyət”dir, amma bu gün ədalətsizliklə vuruşanlar “xırda xuliqan”? Məntiq bu işin harasındadır, cənab Əliyev? Siz hansında səmimisiniz, zati-aliləri, dediklərinizdəmi, etdiklərinizdəmi?
Bu necə olur axı, nə vaxtsa ədalətsizliklə döyüşüb qan da tökən, baş da kəsən, sarayları da uçuran, qarşısına keçənin ağzını-burnunu qıran Koroğluya heykəl düşür, amma bu gün ədalətsizliyə qarşı döyüşəni “maşın, mağaza şüşəsi qırdığına görə” həbsə atırsınız? Bundan sonra siz çıxıb kimi inandıra bilərsiniz ki, ədalətsizliyə dözməyən Koroğlu sağ olsaydı, indi Arif Hacılının yerində o yatmırdı?
Alı kişinin gözlərini kim çıxarmışdı?
Nəhayət, Koroğluya heykəl qoyursunuz, amma yeri gələndə onun atasının gözlərini çıxaran zalımdan da qəddar ola bilərsiniz.
Koroğlu yaxşı, dəyərli vətəndaş Təzəxan bəyin sizin əl işiniz olan bu məşhur şəklini görsə, yəqin dərhal atasını xatırlayar, əvvəlcə cin, sonra da Qıratına minib Allah bilir, nə divan tutardı sizə.

“Ə, Koroğlu, sağa çək saxla!”
•
•