Hakimiyyət qeyri-rəsmi mükafat fondu müəyyənləşdirib, kim bir «etiraf» ərizəsi alsa, onu yaxşı bəxşiş gözləyir
Vicdan məhbusu Elnur Israfilovla bağlı olay cəmiyyətin diqqətindədir. Hakimiyyət “Eurovision” yarışması öncəsi siyasi dustaqları azadlığa buraxmaq məcburiyyətində qalacağını bildiyi üçün əvvəlcədən onlara təzyiq etməklə mövqelərini dəyişməyə vadar edir. Bununla da mesaj vermək istəyir ki, vicdan məhbusları əslində cinayətkardırlar və əməllərindən peşman olublar.
Biz bu oyunun bir başında hakimiyyətin olduğunu bilirik. Onu da bilirik ki, ikinci tərəfdə hakimiyyətin süfrəsinin qırıqlarına göz dikən “hüquq müdafiəçiləri” də var. Hakimiyyət qeyri-rəsmi qaydada mükafat fondu müəyyənləşdirib və kim bir “etiraf” ərizəsi alsa, onu yaxşı bəxşiş gözləyir. Ona görə də vicdan məhbuslarının hüquqlarını müdafiə etməli olanlar indi onları satmaqla məşğuldurlar.
Kimdir bu alverçilər?..
Biz onların adlarını bilirik. Hakimiyyətin siyasi qanadı ilə əlaqəli olaraq apardıqları işlərdən də xəbərimiz var. Adlarını açıqlamağa ona görə ehtiyac duymuruq ki, bütün cəmiyyət onlardan danışır. Hakimiyyətin “əl-üzünü yumaqla” məşğul olan bu insanlar artıq mənəvi qatillərə ortaq olduqlarını etiraf edəcək durumdadırlar. Onlar bilirlər ki, demokratik cəmiyyətdə heç nəyə yaramayacaqlar. Ona görə də bu mutant sistemin bir elementinə çevrilməkdən və imkan var ikən pul qazanmaqdan, sona qədər satılmaqdan, iyrənc işlərə vasitəçilik etməkdən çəkinmirlər.
Elnur Israfilova təzyiq edilibmi?
Biz sıralarımızda olan, olduğunu elan edən, bir gün də olsa, bu rejimə qarşı etiraz edən hər kəsin qədrini bilirik. Bilirik ki, hakimiyyət bu insanların varlığından nə qədər narahatdır. Bu iqtidar üçün heç bir siyasi biliyi, təhsili olmayan Elnur Israfilovun mövqeyini dəyişmək ola bilsin ki, ölüm-dirim məsələsidir. Amma unutmaq olmaz ki, bu cür insana təzyiq etmək də bir vicdan, daha doğrusu, vicdansızlıq məsələsidir. Belə bir prosesdə rol oynamaq, vasitəçilik etmək isə daha böyük vicdansızlıqdır.
Elnur Israfilova fiziki təzyiq olmasa da, mənəvi təzyiqlər mütləq olub. Çünki hakim partiyanın üzvləri bu iqtidarı tərk edərkən, türməyə saldıqları, həyat şəraiti ağır olan bir gənc onu niyə seçsin ki?! Sadəcə, onun psixoloji durumundan yararlanacaq qədər miskin bir hakimiyyət tərəfindən idarə olunması bu xalq üçün təhqir olmaqda davam edir.
Nə etməli?
Sadəcə, bu rejimin ətəyində qidalanan “hüquq müdafiəçiləri”ni ictimai-siyasi proseslərdən uzaq tutmaq, onların bizim mübarizəmiz üzərindən varlanmasına və bizi “satmasına” meydan verməmək gərəkdir. Biz bilməliyik ki, bu mübarizədə məğlubiyyət fiziki ölüm deyil, mənəvi ölümdür. Biz bu mənəviyyat dəllallarına Heydərizmin uçmuş divarlarını bərpa etmək imkanı verməməliyik.
Seymur Həzi