Ilham Əliyev “gözəl vətəndaş”ın kim olduğunu bilirmiş…

Güman edirdim ki, Ilham Əliyevin “gözəl vətəndaş” haqqında anlayışı tamam fərqlidir – hər halda, onun “Xalq artisti” fəxri adı verdikləri sırasında olan bəzi şəxslərə görə rəyim formalaşmışdı. Amma sən demə, adam bilirmiş ki, “gözəl vətəndaş” nə deməkdir. “Vətənpərvərlik hisslərini gücləndirmək” üçün “Ehtiyat fondu”ndan ayırdığı 5 milyon manat vəsait hesabına və şəxsi göstərişilə ərsəyə gələn “Koroğlu” abidəsinin açılışındakı nitqində möhtərəmimiz bunu etiraf da elədi: “Koroğlu kasıbların tərəfindəydi, ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi”.
Bəs, ədalətsizliyə qarşı vuruşmağın ləyaqətli addım olduğunu bilən Ilham Əliyev nə düşünür? Fikirləşmir ki, insanlara rüşvət yolu ilə torpaq satıb, onların ev tikməsinə, yurd-yuva salmasına şərait yaratdıqdan sonra “Bura Neft Şirkətinin ərazisidir” deyib, vətəndaşların ev-eşiyini başına uçurmaq, Bakının göbəyindən minlərlə adamı sürgün elətdirib, “Qış bulvarı” saldırmaq ədalətsizlikdir?
Fikirləşmir ki, sahibkarları zavodlara, fabriklərə investisiya qoymağa həvəsləndirəndən sonra onları tutub türməyə soxmaq və halal əmlaklarını zorla əllərindən almaq, ölkə vətəndaşlarına işləməyə imkan verməmək, bütün sahələri monopoliyaya almaq allahsızlıqdır?
Fikirləşmir ki, “sərbəst toplaşmaq haqqında” Azərbaycan Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan hüququndan bəhrələnib dinc aksiya keçirən insanları şərləmək, “ictimai asayişi pozmaq” adıyla həbsə atmaq, fəal gənclərin cibinə narkotik qoydurmaq, onları “narkoman” çıxarmaq, təhsil aldıqları ali məktəblərdən qovdurmaq, talelərini məhv etmək ədalətsizlikdir?
Fikirləşmir ki, ölkənin ümumxalq malı olan təbii sərvətlərini ata malı kimi basıb yemək, bu millətin gələcəyini sümürmək, haramı – rüşvətxorluğu Azərbaycanda idarəetmə sisteminə çevirmək, öz övladının adına xaricdə milyonlarla dəyəri olan villalar almaq qarşılığında öz vətəndaşlarının səfil və sərgərdan vəziyyətdə yaşaması üçün əlindən gələni beş qaba çəkmək allahsızlıqdır?
Fikirləşmir ki, aylarla ət üzünə həsrət qalan yüz minlərlə “gözəl vətəndaş” olduğu halda, bu xalqın dərisini soymağa şərait yaratdığı harınlaşmış məmur balalarının bir milyona ayı kəsdirib yeməsi, ərəb şeyxlərinin milyonluq avtomobillərini alıb Bakıya gətirməsi, nazirlərinin saxladığı köpək sürüsünü yedirtmək üçün hər gün 60 qoyun kəsdirməsi, qızıldan fəvvarəsi olan dəbdəbəli villalarında delfin bəsləməsi, balina saxlaması ədalətsizlikdir?
Fikirləşmir ki, xalqın bu boyda sərvətini süni adalar bəhanəsilə Xəzər dənizinə, ildə bir dəfə sürüşəcək-sürüşməyəcək deyə, Şahdağın ətəklərinə tökmək allahsızlıqdır?
Fikirləşmir ki, zillət içində yaşayan millətin gözü qarşısında körpülərin divarındakı, binaların fasadındakı mərmərləri, yollardakı işıq dirəklərini ildə bir dəfə dəyişmək, yenicə salınmış yolları, tikililəri 3 aydan bir “əsaslı təmirə” saxlamaq ədalətsizlikdir?
Fikirləşmir ki, insanları satın almaq, tərif deməyən ləyaqətli şəxsləri sıradan çıxarmaq, siyasi opponentlərin məhvi üçün müxtəlif üsullara əl atmaq, dövlətin təhlükəsizliyinə cavabdeh qurumları vətəndaşların şərlənməsinə cəlb etmək, məddahları ətrafına yığmaq, onlara yaşıl işıq yandırmaq allahsızlıqdır?
Yoxsa, bu boyda ədalətsizliklərə etiraz edən, kasıbların tərəfini tutan “gözəl vətəndaşların” tükəndiyini, ölkənin yalnız həmzələrdən ibarət olduğunu düşünür?
Yanlış düşüncədir, çünki “Koroğlunu”  – ədalətsizliyə qarşı vuruşan insanı xalq və zaman yetişdirir. Əgər Yezid varsa, Həmzə meydan sulayırsa, Həsən paşanın ədalətsizliyi ölkəni başına alıbsa, Koroğlu niyə olmamalıdır?
Yeri gəlmişkən: xalqının “vətənpərvərlik hisslərini gücləndirmək və tarixini yaşatmaq üçün” liviyalıların Italiyaya qarşı mübarizəsindən bəhs edən məşhur “Ömər Muxtar” filmini də Müəmmər Qəzzafi öz “ehtiyat fondu” hesabına şəxsi sifarişlə çəkdirmişdi…