Gənclər mitinq hazırlığından danışdı

“Gözləyirik ki, 2005-ci ilin noyabrından sonra məhdudlaşdırılmış sərbəst toplaşma azadlığı bərpa olunacaq”

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-nə planlaşdırılan mitinqlə bağlı mətbuat konfransı keçirdi.  Qeyd edək ki, fevral ayının 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmasına baxmayaraq,  hələ heç bir reaksiya yoxdur.
GHMK-nin idarə heyətinin üzvü Samir Əsədli bildirdi ki, müraciətə cavab verilməməsinə baxmayaraq, hazırlıq işləri gedir: “Ümid edirik ki, mitinqlə bağlı müraciətimizə müsbət cavab veriləcək. Cavabın gecikməsinə baxmayaraq, işlərimizi davam etdiririk. GHMK fevralın 25-də saat 15:00-da VHP-nin akt zalında 4 mart mitinqinə hazırlıq, mitinqin tələbləri və sərbəst toplaşmaq azadlığının durumu ilə bağlı forum keçirəcək. Forumda  gənclərlə yanaşı hüquq müdafiəçiləri, yazarlar iştirak edəcək”.
“Nida” vətəndaş hərəkatı idarə heyəti üzvü Turqut Qəmbər bildirdi ki, martın 4-də razılaşdırılmış aksiya üçün üç yer təklif olunub. Icra hakimiyyəti başqa hansı yeri təklif etsə, oranı nəzərdən keçirib cavab veriləcək.
AXCP Gənlər Komitəsinin sədri Əbülfəz Qurbanlı dedi ki, mətbuat konfransının məqsədi 4 mart mitinqi, hökumətin bu mitinqə münasibəti ilə bağlı yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır: ”Biz aksiya keçirməkdə israrlıyıq. Məqsədimiz siyasi məhbusların azadlığa çıxması, Qarabağ problemi və  rüşvətsiz təhsil məsələsinin gənclər arasında geniş müzakirəsini keçirməkdir. Bizim gözləntimiz var ki, 2005-ci ilin noyabrından sonra məhdudlaşdırılmış sərbəst toplaşma azadlığı bərpa olunacaq. Düşünürk ki, “Eurovision” ərəfəsində  bu problemin həlli hökumətin də maraqlarına uyğundur. Bizə təklif olunan yerlər vətəndaşların iştirak imkanına uyğun olmalıdır”.
Müsavat Gənlər  Ttəşkilatının sədr müavini Səxavət Soltanlı müraciətə cavab verilməməsinin hakimiyyətin ziyanına işlədiyini qeyd etdi: “Biz üç  tələb irəli sürmüşük ki, bunlar aktual problemlərdir.  Bizim əsas məqsədimiz razılaşdırılmış aksiya keçirməkdir.  Yazılı şəkildə müraciət etdik ki, əvvəlcədən görüşək, ortaq məxrəcə gələk. Onlar gec cavab verməklə bizim hazırlıq işimizi yubadmaq istəyirlər. Amma biz hazırlığı tam şəkildə aparırıq. Hamını aksiyada fəal iştiraka dəvət edirik”.
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov qeyd etdi ki, “Eurovision”  ərəfəsində sərbəst toplaşmağa imkan yaradılacağını düşünürlər. Çünki ölkənin baş naziri Avropa Yayım Birliyi qarşısında bununla bağlı öhdəlik götürüb.
“Müsbət Dəyişiklik” gənclər hərəkatından Rəşad Həsənov mitinqin formatı barədə danışdı: “Mtinq razılaşdırılmış olduğu üçün gənclər həvəslə iştirak edəcək. Müraciətdə göstərilən tələblərdən kənara çıxılmayacaq. Mitinqdə rəsmi çıxışlardan sonra konsert olacaq. Konsertdə tar-kaman, eləcə də rock musiqisi ifa olunacaq”.

İslam Şıxəli