Beynəlxalq təşkilatlar Anar Bayramlının müdafiəsinə qalxdı

Jurnalistə qarşı ittihamın qurama olduğu və həbsin kökündə İranla pisləşən münasibətlərin dayandığı elan edildi

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi İranın “Səhər” televiziyası və “Fars” agentliyinin əməkdaşı jurnalist Anar Bayramlının Bakıda həbs olunması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Jurnalistləri Müdafiə Komitəsi Bayramlıya qarşı ittihamların qurama olmasına əmindir və Azərbaycan hakimiyyətini onu dərhal azad etməyə çağırır.

Polis Anar Bayramlını cibindən heroin tapılması ittihamı ilə həbs edib. Jurnalist ittihamı rədd edir və bildirir ki, heroini onun cibinə qoyublar.
Saxlanılandan bir gün sonra məhkəmə onun barəsində narkotik maddə daşıma və polisə müqavimət ittihamı ilə iki aylıq həbs-qətimkan tədbiri seçib.
Jurnalistləri Müdafiə Komitəsinin direktor müavini Robert Mahoney deyib: “Anar Bayramlıya qarşı ittihamlar saxtadır. O dərhal azad olunmalıdır”.

“Azərbaycan hakimiyyəti İrandakı metodlardan istifadə edir”

Anar Bayramlı ilə bağlı «Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı da bəyanat yayıb. “Turan”ın məlumatına görə, təşkilat Bakıda İran mediası üçün çalışan Anar Bayramlının və sürücü Ramil Dadaşovun həbsindən narahatlığını bildirib.
«Azərbaycan hakimiyyəti mətbuatın boğulması üçün İrandakı metodlardan istifadə etməyə başlayıb. Şübhəsiz ki, milli təhlükəsizlik təmin edilməlidir, lakin bu, paranoyaya çevrilməməli, yerli və xarici KİV-in bağlanmasına, hakimiyyəti tənqid edən şəxslərin susdurulmasına səbəb olmamalıdır» – deyə bəyanatda bildirilir.

Təşkilat tələb edir ki, Bayramlı və Dadaşov dərhal zaminə buraxılsın, istintaq düzgün və şəffaf aparılsın. “Narkotik maddə saxlanmasına dair ittiham ondan xəbər verir ki, istintaq düzgün istiqamətdə aparılmayıb», – deyə bəyanatda vurğulanır.
Təşkilat əlavə edir ki, Azərbaycanda onlarla islamçının həbsi bir-birini qeyri-dost münasibətdə ittiham edən Bakı və Tehran arasında münasibətlərin kəskinləşməsi ilə üst-üstə düşüb. Bu fonda hər iki ölkədə jurnalistlər əziyyət çəkir. Belə ki, İranda da «antihökumət fəaliyyəti»nə görə bir neçə tanınmış jurnalist həbs edilib. Onların arasında Azərbaycan dilində çıxan “Yarpaq” qəzetinin müxbiri Səid Mətinpur da var.