Azərbaycan iqtidarının hərəkətləri göstərir ki, o, çıxış yolu tapa bilmir. Odla suyun arasında qalıb. Bir tərəfdən ağalıq və zənginlik mənbəyi olan hakimiyyət hərisliyindən dönə bilmirlər, digər tərəfdən tarixin tələblərinə cavab vermək istəmirlər. Ölkəni yaxşıya doğru dəyişməkdən ibarət olan ikinci yol nəyisə qazanmaqdırsa, nəyisə də itirməkdir. Bunu edə bilmirlər. Əvəzində, əyri əməllərini davam etdirirlər. Gün-gündən də daha çox qanunsuzluq edir, daha çox cinayətlərə əl qatırlar…
Gənc siyasi məhbus Elnur Isrəfilovun həbsxanada ərizə yazıb YAP-a keçməsi göstərdi ki, bizim hakimiyyət doğrudan da çıxış yolu tapmır və köhnə yolu ilə getməkdə davam edir. Ictimai fəallarından SMDT rəhbəri Anar Məmmədli bu olaya gözəl izah verdi. Anar bəy deyir ki, məhbus təzyiqlərin, hədələrin, psixoloji və mənəvi basqıların nəticəsində həmin addımı atdığı üçün bu hadisə əsl işgəncə olayıdır.
Doğrudan da, insan niyə türmədə YAP-a keçir? Azadlıqda bunu etməyə ona nə mane olurdu?
Üstəlik, həbsin ilk günlərində AXCP-yə keçdiyini bəyan edən adam ölkəmizdəki analoqu olmayan inkişafı yalnız həbs müddəti uzandıqca görə bildiyi üçün hakim partiyaya keçdi? Bəs nə dəyişdi, görəsən?
Bu sualların cavabı yoxdur. Çünki onlar sual deyil. Onlar sual kimi səslənən ritorik cavablardır. Gün kimi aydındır ki, gənc vətəndaşı günahsız həbsə ataraq, məcburiyyət və ya hansısa vəd qarşısında hakim partiyaya keçiriblər. Yəqin ona azadlığını vəd ediblər. Həm də aldıqları azadlığını.
Bəli, Anar Məmmədli düz deyir, bu, işgəncədir. Vətəndaşa qarşı cinayətdir – günahsız adamı həbs edib, ona eləmədiyi cinayətə görə peşman olduğunu dedirtdirmək və YAP-a keçirtmək.
Yaxşı ki, kitab ili elan etmədi…
Istəyirsiniz gülün, istəyirsiniz, kədərlənin. Azərbaycanda son 4-5 il ərzində turizm şirkətlərinin sayı 2 dəfə azalıb. Bunu APA-ya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Həm də sevinərək…
Həmin nazir deyib ki, 2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 idisə, 2006-cı ildə 240-a, 2007-ci ildə isə 255-ə çatıb: “Ölkənin turizm bazarında rəqabət güclənib ki, rəqabətə davam gətirə bilməyən şirkətlər fəaliyyətini dayandırıb. Belə ki, artıq 2008-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 230-a, 2009-cu ildə isə 218-ə enib”.
Hazırda Azərbaycandakı turizm şirkətlərinin ümumi sayının daha da azalıb 178-ə bərabər olduğunu deyən nazirin sözlərinə görə, bu vəziyyət onu göstərir ki, ölkənin turizm məkanı formalaşır.
Yəqin bu qeyri-adi uğura və iqtisadi məntiqə bütün dünya heyran qalacaq. Amma dünya bizə gülməsə yaxşıdır. Axı bu nə deməkdir? Şirkətlərin sayı azalırsa, deməli, inkişaf var? Bu haradan çıxdı? Bəs turistlərin sayı necə, dəyişib? Əgər turistlərin sayı artsaydı, belə böyük rəqabət olardımı? Şirkətlər bağlanardımı? Belə çıxır ki, az sayda turist var və bunun üstündə də şirkətlər bir-birini qırıb. Kimin arxası güclüdür, o da “sağ qalıb”…
Bu sektorda inkişafın olduğunu tamam başqa göstəricilərlə əsaslandırılmalıdır. Nazirin məntiqindən isə belə çıxır ki, tezliklə bizim ölkədə cəmi 1 turist şirkəti qalsa, bizim turizm sektoru ən yüksək inkişaf həddinə çatar. Maraqlı məntiqdir. Onsuz da hamı bir ələ işləyir…
Amma yaxşı ki, 2011-ci ildə “turizm ili” elan edən Ilham Əliyev 2012-ci ili “idman ili” elan edib. Biz istəyirdik ki, kitab ili olsun. Amma turizm ilində turizm şirkətləri azalırsa, kitab ilində də kitablar azalardı. Yaxşı ki, kitab ili elan etmədilər. Kitablar yaxşı qurtuldu…

Adamı tutub YAP-a keçirtmək
•