Mətləb Mütəllimli: «Bazarda konkret qiymət olur, bu qiymətə uyğun da alver gedir. Ancaq hərracda kim çox verir, o udur»
«Nə Ziya Bünyadovun, nə Elmar Hüseynovun, nə də Rafiq Tağının qətlinin üstü indiki iqtidarın dövründə açılacaq»
Son illərdə cinayət faktlarının artması, eyni zamanda cinayətlərin açılma faizinin aşağı düşməsi artıq rəsmi statistikada da əksini tapır. Xüsusi diqqət çəkən isə dələduzluq faktlarının artmasıdır. Vəziyyətin bu həddə çatmasının səbəbi nədir? Vaxtilə Milli Məclisin deputat istintaq komissiyasının üzvü olan, baş prokurorun keçmiş müavini Mətləb Mütəllimli ilə söhbətimiz də bu mövzu ətrafında oldu.
– Bir müddət qabaq ötən ilin nəticələrini açıqlayan baş prokuror 2011-ci ildə 18 qətlin üstünün açılmadığını bildirmişdi. Bir qayda olaraq səs-küylü qətlərin üstü açılmır. Bu nə ilə bağlıdır?
– Açılmayan cinayət işlərini şərti olaraq iki qrupa bölmək olar. Biri ümumi qaydada törədilmiş və açılmamış cinayət işləridir. Biri də sifarişli törədilmiş, cəmiyyətdə böyük rezonans doğurmuş cinayət işləridir. Ümumi götürəndə açılmamış cinayətlər bizim hüquq-mühafizə orqanları üçün böyük bəladır. Bu cinayətlərin bir qismi səriştəsizlik və qeyri-peşəkarlıqdan açılmır. Bir qismi də siyasi sifarişli olduğuna görə onu açmağa cəsarət etmirlər. Burda birinci növbədə fikir vermək lazımdır ki, bunlar nəyi əsas gətirib bu cinayətləri açmaq istəmirlər. Hər dəfə deyirlər ki, istintaq gedir və istintaq sirrini açmamaq üçün biz bunu hərtərəfli demirik. Ancaq istintaq nə qədər gedər? Bu yaxınlarda Ziya Bunyadovun qətlinin 15 ili tamam oldu. Martda jurnalist Elmar Hüseynovun qətlinin 7 ili tamam olacaq. Ola bilsin kiminsə boynuna zorla qoyub cinayət işini guya açırlar. Ancaq faktiki olaraq cəmiyyətdə görünür ki, əslində bu cinayətləri törədənlər, sifariş verənlər məsuliyyətə cəlb olunmur. Ona görə biz elə fikirləşmirik ki, bunlar yalnız sifarişli, səs-küylü cinayətləri aça bilmir. Ümumi qaydada törədilmiş və açılmamış cinayətlər də az deyil. Belə cinayətlərin açılma faizi də getdikcə azalır. 2009-cu ildə cinayət işlərinin açılma faizi 88,3 faiz olubsa, bu rəqəm özü də şübhə doğurur, 2010-cu ildə bu, 86,4 faiz olub. Respublika Prokurorluğunda işlədiyim dövrdə aydınlaşdırdıq ki, 600-ə qədər açılmamış ölüm işləri var. Rəhbərliklə məsləhətləşib peşəkar prokurorluq əməkdaşlarından ibarət xüsusi qrup yaratdıq. Bu qrupun əsas vəzifəsi açılmamış cinayətlərin istintaq materiallarını təkrar araşdırmaq və o işləri açmaq idi. Təəssüf ki, biz orda çox işləyə bilmədik və bu iş davam etdirilmədi. Ona görə də hesab edirəm ki, Respublika Prokurorluğu 2011-ci ilin rəqəmlərini hələ tam açmayıb. Amma bir neçə fakt gətirib bu sahədə vəziyyətin ürəkaçan olmadığını bir daha göstərmək istəyirəm. Bakı şəhər prokurorunun məlumatına əsasən, ötən il paytaxtda 11 min 316 cinayət hadisəsi baş verib. Onların da 27 faizi açılmayıb. Rayonlar üzrə bu rəqəmlər daha acınacaqlıdır. Səbail rayon polis idarəsinin rəisi ötən ilin yekunları ilə bağlı bildirib ki, ağır və xüsusi ağır cinayətlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Bununla bərabər açılma faizləri azalıb. Açılma faizi 2010-cu ilin 72,6 faizi ilə müqayisədə keçən il 46,8 faiz olub. Belə cinayətlərin vaxtında üstünün açılmaması, əlbəttə, hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyinin nəticəsizidir. Vaxtilə Ziya Bunyadovun qətlinin üstü açılsaydı, bu, ondan sonrakı hadisələrə təsirini göstərə bilərdi.
“Vaxt keçdikcə açılmayan cinayət işlərinin açılma şansı aşağı düşür”
– Ziya Bunyadovun qətlinin üstündən 15 il, Elmar Hüseynovun qətlindən 7 il, Neft Akademiyasında baş verənlərin üstündən 3 il keçir. Ortada olan faktlar nə vaxtsa həqiqətin üzə çıxması üçün yetərlidirmi?
– Vaxt keçdikcə açılmayan cinayət işlərinin açılma şansı aşağı düşür. Amma bir məsələ də var. Cəmiyyətdə birmənalı olaraq belə fikir var ki, nə Ziya Bünyadovun, nə Elmar Hüseynovun, nə də Rafiq Tağının qətlinin üstü indiki iqtidarın dövründə açılacaq. Ola bilsin ki, bu iqtidar dəyişəndən sonra bu məsələlər qaldırıla, açıla bilər. Çünki burda elə məsələlər var ki, onlara diqqətlə yanaşanda görürsən indiki iqtidar, hüquq-mühafizə orqanları bu məsələlərdə o qədər də maraqlı deyillər. Konkret götürək jurnalist Elmar Hüseynovun qətlini. Hüquq-mühafizə orqanları, prokurorluq məsuliyyətdən yayınmaq üçün elan edirlər ki, terrorçular Gürcüstan vətəndaşı olduğuna görə Gürcüstan konstitusiyası onların verilməsini qadağan edir. Bizim konstitusiyada belə maddə var ki, Azərbaycan öz vətəndaşlarını başqa ölkələrə vermir. Amma Gürcüstan konstitusiyasında yazılıb ki, əgər beynəlxalq müqavilələrdə nəzərdə tutulmayıbsa, onda Gürcüstan vətəndaşlarının verilməsinə yol verilmir. Indiki halda Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxslər, Neft Akademiyasındakı terrorda şübhəli bilinən Gürcüstan vətəndaşlarının verilməsi heç də Gürcüstanın konstitusiyası ilə bağlı deyil. Azərbaycanın özünün Gürcüstanla bağladığı müqavilənin əsasında bunlar verilmir. Baxmayaraq ki, onlar Gürcüstan vətəndaşıdır, müqavilə buna mane olur, amma yenə çıxış yolları var. Nə üçün Azərbaycan hüquq-mühafizə orqanları MDB-yə üzv ölkələrin arasında bağlanmış konvensiyaya uyğun olaraq hərəkət etmir. Bunlar bütün sənədləri göndərməlidirlər Gürcüstan hüquq-mühafizə orqanlarına. Onlar da o şəxslərin məsuliyyətə cəlb olunmasına və istintaqı aparmasına borcludurlar. Çünki konvensiyada öhdəlik götürüblər. Ona görə də sual olunur ki, niyə Azərbaycan hüquq-mühafizə orqanları bu addımı atmır. Sadəcə onlar bu cinayətlərin açılmasında maraqlı deyillər. Görünür, Gürcüstan vətəndaşları ilə bağlı toplanan faktlar o qədər zəifdir ki, onlar Azərbaycanda olduğu kimi Gürcüstanda bu cinayətlərin ört-basdır edilmədiyini bilir. Cinayət obyektiv araşdırılacaq və həmin faktlar sübutunu tapmasa, onda rədd oluna bilər. Bu yaxınlarda hüquq-mühafizə orqanları rəhbərlərinə rəsmi müraciət etdim ki, onlar Gürcüstanla bizim aramızda olan müqavilənin həmin bəndini dəyişsin. Hətta dəyişməsələr belə, MDB ölkələri ilə imzaladığı konvensiyaya görə onlar həmin cinayət işlərini Gürcüstanda aparmağa borcludurlar.
“Hacı Məmmədovun yox, öz təhlükəsizliklərini qoruyurlar”
– 2005-ci ildə həbs olun Hacı Məmmədov barəsində məhkəmə hökmü çıxarılsa da, o hələ də MTN-də saxlanılır. Bunu onun təhlükəsizliyi ilə izah edirlər. Ancaq ondan da yüksək rütbəli məmurlar həbsxanada saxlanılıb. Siz bunu nə ilə izah edərdiniz?
– Təhlükəsizliklə bağlı deyilən fikirlərlə mən də razılaşıram. Amma bunlar əslində özlərinin təhlükəsizlik məsələsini nəzərə alıb onu orda saxlayırlar. Digər tərəfdən, açılmamış cinayət işlərindən söhbət gedəndə, bu məsələlərdə Hacı Məmmədovun da adı hallanır. Akademik Ziya Bunyadovun, Elmar Hüseynovun ölüm işi göstərdi ki, bunlar sadəcə bəhanələr axtarırlar. Hacı Məmmədov da elan etmişdi ki, guya Ziya Bunyadovu onun dəstəsi öldürüb. Sonradan Elmar Hüseynovun qətlində Fərhad Əliyevin sifarişçi olduğunu bildirmişdi. Bunlar təsdiqini tapmadı. Cəmiyyət də bunu qəbul etmədi. Hacı Məmmədovun demədiyi bir çox cinayətlər var ki, bunlar araşdırılmalı, aşkar olunmalı idi. Təəssüf ki, Hacı Məmmədovun cinayət işi obyektiv aparılmadı. Onun nəticəsində bir çox açılmamış işlər bağlı qaldı. Ömürlük həbs cəzasına məhkum olunan şəxs cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir, MTN-də yox. Öz təhlükəsizlikləri baxımından bu addımı atırlar.
“Müstəqil ekspertizanın yaradılmasında israrlıyıq”
– Məlumdur ki, bir çox hallarda şərlənərək həbs olunan insanlara qarşı narkotik ittihamlarından istifadə olunur. Tibbi ekspertlər isə hüquq-mühafizə orqanlarının maraqlarına uyğun rəy çıxarır. Bir müddət əvvəl müstəqil ekspertizanın yaradılması təklifini irəli sürmüşdünüz. Bu iş nə yerdədir və belə bir ekspertizanın yaradılması üçün hansı işlər görülməlidir?
– Soros fondu bu ideyanı dəstəkləmişdi və bununla bağlı müvafiq qərarları da oldu. Amma təəssüf ki, bu günə qədər həmin layihəni dəstəkləmədilər. Bu da onunla əsaslandırıldı ki, guya Soros fondu ümumiyyətlə, Azərbaycanla layihələrin dəstəklənməsini həyata keçirmir. Ona görə bu ideyanın həyata keçməsi üçün digər donorlar axtarırıq. Bu, Azərbaycan üçün çox vacib olan bir məsələdir. Ümid edirəm ki, bu il o ideyanın reallaşması üçün donor tapa biləcəyik. Indiyə qədər şərlənmiş, heç bir günahı olmayan insanlar dövlətin ekspertizalarının əsassız rəyi əsasında müxtəlif müddətlərə azadlıqdan məhrum olunur. Hətta bir sıra hallarda ölüm faktları olur. Onların araşdırılması ortaya tamam fərqli vəziyyəti qoya bilərdi. Ancaq bizim təcrübəmizdə belə hal olmayıb ki, hər hansı hadisə törədilsin və ekspertiza rəy versin ki, həqiqətən burda dövlət qurumlarının, yaxud ayrı-ayrı şəxslərin günahı var. Ona görə də belə bir ekspertizanın yaranması zəruridir. Biz də bu ideyanın həyata keçirilməsində israrlıyıq.
“Prokurorluq sistemində o qədər cinayətlər törədilir…”
– Ötən il hakimiyyət korrupsiyaya qarşı mübarizəyə başladığını elan etdi. Baş prokuror Zakir Qaralov isə bildirdi ki, ilk növbədə özümüzdən başlamalıyıq. Bu tədbirləri necə qiymətləndirirsiniz?
– Ərəb inqilabları başlayan ərəfədə hakimiyyət qorxu hissi keçirdi. Guya korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi ilə belə bir kampaniya elan etdi. Amma bu, çox qısa müddətdə oldu. Ondan sonra yenə əvvəlki vəziyyət davam elədi. Hətta mətbuatda yazıldı ki, məmurlar ölkə başçısına deyiblər ki, biz təmiz işləsək, ölkə dağılar. Onların şəxsi evləri, villaları dağıla bilərdi, şəxsi mənafeləri ziyan çəkə bilərdi. Amma hər halda bu iş başlayanda nəsə hiss olundu. Ancaq yenə də vəziyyət davam edir, əvvəlkindən də artıq rüşvət alınır. Heç bir qorxu olmadan bu addımı atırlar. Bilirlər ki, bu cinayəti törətdiklərinə görə heç bir sorğu-sual olmayacaq. Zakir Qaralov özündən başlasaydı, onda gərək bir çox prokurorluq əməkdaşları könüllü surətdə həbsə gedəydi. Prokurorluq sistemində o qədər cinayətlər törədilir. Bir ölkənin ki, prokurorluğu nağdlaşma işində, büdcənin dağıdılmasında iştirak edirsə, gör indi digər təşkilatlar nə gündə olar. Ona görə o kampaniya formal xarakter daşıyır. Indi əvvəlkindən çox rüşvət alırlar. Elə bir dövlət strukturu tapmaq olmaz ki, deyəsən orda rüşvət, korrupsiya yoxdur. Artıq dövlət səviyyəsində də məlumdur ki, rayonlarda vətəndaşlara sosial yardımlar veriləndə altı ayın pulu bəri başdan alınır. Prokurorluq bunu görmürsə, ya görüb, konkret addım atmırsa, deməli, onların özləri birbaşa iştirakçıdır. Çünki cinayəti bilib ölçü götürməməyin özü də cinayətdir.
– Dələduzluq faktları nəzərəçarpacaq dərəcədə artmaqdadır. Insanlarla razılaşdırılmadan evlər sökülür, tikinti şirkətləri pul alıb evi verməkdən imtina edir. Dələduzluğun artmasının səbəbi nədir?
– Bunun yeganə səbəbi cəzasızlıq mühitidir. Əgər dələduzluq törədilənlərin hər hansı biri haqqında qəti ölçü götürülsəydi, digərləri bundan ibrət dərsi götürərdilər. Təəssüf ki, elə deyil. Bu gün vətəndaşlar qalıb Allahın ümidinə. Hüquq-mühafizə orqanları vətəndaşların mənafeyini fikirləşmir. Məhkəmələr də onun kimi. Məhkəmələrdə elə işlərə baxılır, elə qərarlar çıxarılır ki, buna görə başqa vaxtı hakimi dar ağacından asardılar. Amma onların qorxusu yoxdur. Əvvəl məhkəmələrdə bazar idi, indi hərracdı. Çünki bazarda konkret qiymət olur, bu qiymətə uyğun da alver gedir. Ancaq hərracda kim çox verir, o udur. Yəqin ki, biz bu yaxınlarda beynəlxalq səviyyədə məsələ qaldıracağıq. Bir ucdan Avropa Məhkəməsində Azərbaycana qarşı qərarlar qəbul olunur. Bəs konstitusiyaya, qanunlara uyğun olmayan qərarlar qəbul edən hakimlərlə bağlı niyə ölçü götürülmür. Niyə dövlətə yönəlmiş vəsait həmin hakimlərdən alınmır? Onlar bilərəkdən maddi marağını güdərək qanunsuz qərarlar qəbul edir, hökmlər, qətnamələr çıxarırlar. Cəzasızlıq mühitidir, heç kim heç kimin kitabını oxumur. Bu şəraitdə kim bacarırsa, başqalarını aldadır. Belə olmasaydı, bir mənzil necə 20 nəfərə satıla bilərdi. Arxayındırlar, kimlərinsə haqlarını, pullarını veriblər. Bilirlər ki, heç bir qorxu olmayacaq.
Fizzə Heydərli