Bir vicdan məhbusu azadlıqda

2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi mitinqə görə həbs olunan Müsavat fəalı Elşən Həsənov 2012-ci il fevralın 22-də azadlığa çıxıb.

2011-ci il avqustun 25-də Səbail Rayon Məhkəməsi Elşən Həsənovu 2 il müddətinə azadlıqdan məhrum etmiş, oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 ilə endirmişdi. Elşən Həsənov cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi.

“Media forum” saytına açıqlamasında Elşən Həsənov deyib ki, həbsdən ay yarım tez azad edilməsi cəzaçəkmə müəssisəsi rəisinin göstərişi ilə baş tutub: “Bu, səhhətimdəki problemlərlə əlaqədardır. Hələlik bir neçə gün istirahət etmək fikrindəyəm. Daha sonra yenə öz işimlə məşğul olacam. Yəni əvvəlki kimi siyasi fəaliyyətimi davam etdirəcəm. Həbsdə olarkən heç vaxt düşünməmişəm ki, azadlığa çıxanda başqa işlə məşğul olacam”.

Elşən Həsənov bu müddət ərzində onu müdafiə edən hər bir şəxsə, vəkilinə, silahdaşlarına, jurnalistlərə təşəkkür edib: “Mən tutulanda şəxsiyyət vəsiqəmi də əlimdən almışdılar. Amma indi buraxılanda soruşdum, dedilər bizdə sənin şəxsiyyət vəsiqən yoxdur. Yəni belə bir neçə problemim var hazırda. Bir qədər dincəldikdən və bəzi bu kimi məsələləri yoluna qoyduqdan sonra yenə məni meydanlarda, partiyadaşlarımın yanında görəcəksiniz”.