İran Əliyevi Astarada gözləyir…

Iranın nüvə proqramı ətrafında baş verən gəlişmələr, “The Guardian”ın bu məsələ ilə bağlı çap etdiyi məqalə, Avropa Birliyinə üzv ölkələrin bu il iyulun 1-dən etibarən Irandan neft idxalına qadağa qoyması haqda qərarından qəzəblənmiş Tehranın da öz növbəsində artıq iki aparıcı Avropa ölkəsi – Ingiltərə və Fransaya xam neft ixracını dayandırması, Israilin Azərbaycandakı səfirinin çıxışı, SWIFT-in (BB və MTVC) bəyanat yayaraq, Irana tətbiq olunmuş sanksiyalara qoşulacağını açıqlaması və nəhayət, Iran helikopterinin Azərbaycan sərhədini pozaraq Astaranın lap içərilərinə doğru irəliləyib nümayişkaranə şəkildə obyektlər üzərində uçması artıq məsələnin çox ciddi məqama yetişdiyini göstərir. Belə qənaətə gəlmək olar ki, bu beynəlxalq irəliləmələr müharibə ilə nəticələnməsə belə, dünyanın simasının dəyişiləcəyinə heç şübhə yeri qalmır.
Yuxarıda sadalananlar arasındakı məntiqi bağ artıq prosesin geri dönüşünün olmadığını, eyni zamanda geri sayımın başlandığını göstərir. Söhbət sadəcə neftilə Qərbin diqqət mərkəzində olan hansısa ərəb ölkəsindən yox, təkcə öz mövcudluğu ilə dünya supergüclərinə meydan oxuyan qapalı Iran rejimindən gedir. Artıq çoxdandı ki, dünya bu rejimi öz boğazında kal armud kimi hiss eləyir və onu boğazından çıxarmayana qədər öz yuxularını qarışdıracaq.
Ilk baxışdan yazının əvvəlində sadaladığım faktlara sonuncusunu əlavə etməmək də olardı. Sanki Azərbaycan cəngə çıxan bu superdövlətlər içində son dərəcə önəmsiz təsir bağışlayır. Lakin Iranın Avropanı, Avropanın isə Iranı əsasən neft-qaz məsələləri ilə hədələməsi (Hörmüz boğazının qapadılması təhdidi, artıq iki ölkəyə xam neft ixracını dayandırması) nə qədər olmasa da, Azərbaycanın əhəmiyyətini artırır. Üstəgəl, indi Azərbaycandakı irtica rejiminin də öz qeyri-müəyyən, nala-mıxa vuran “balanslı” xarici siyasət yürütməsi, antidemokratik hakimiyyət, xalqdan tam uzaq düşmə, Orta çağ despotik rejimlərinə, hətta o çağların monarxiya quruluşuna güclü meyl və bunun da nəticəsində gələcəkdə Azərbaycanda baş verəcək qaçılmaz qeyri-sabitlik, xalq iğtişaşları nəticəsində öz etibarlılığı və dayanıqlığını itirəcəyi ehtimalı bu ölkəni Qərbin gözündən salır, onu dünya inqilabları xəritəsinə daxil edir. Bu da, aydın məsələdi ki, Iranın gözündən yayınmır, avtoritar, diktaturaya meylli bir rejimin öz dərisini xilas etmək üçün gələcəkdə Qərblə istənilən, hətta rüsvayçı sövdələşməyə gedəcəyi, Irana qarşı da istənilən əks addımı ata biləcəyi ehtimalını gücləndirir. Bu ehtimala faktlar əlavə eləmək də mümkündü: Irandan yəhudi ictimai xadimlərinə qarşı “tənzimlənən və planlaşdırılan” hansısa terrorun qarşısının anında alınması, Azərbaycan dövlət başçısının Israil prezidenti ilə görüşündə edilən şirin söhbətlər, Nardaranda kütləvi həbslər, Bakıda “Fars News” xəbər agentliyi və “Səhər” kanalıyla əməkdaşlıq edən jurnalist Anar Bayramlının həbsi… Bunlar ehtimalları az qala, gerçəkliyə çevirən elementlərdi və heç bir halda, Iran bunları diqqətdən kənarda saxlamaq fikrində deyil.
Buna görə də, artıq Azərbaycan həm də öz nefti-qazıyla, xüsusən avtoritarlığı ilə ciddi fakta çevrilir, dünya siyasətində nə qədər kiçik, hətta nəzərə çarpmayacaq dərəcədə kiçik halqa mövqeyini qazanır. Bu isə o deməkdir ki, halqa hər bir halda halqadı və onsuz ən azı, bir sürə ötüşmək mümkün deyil.
Bəli, Iran sərhədi pozur. Helikopter, təmiri başa çatmaqda olan və açılışını Ilham Əliyevin edəcəyi gözlənilən xəstəxananın üstündə hərlənir. Adamlar təşvişə düşür, icra başçısı qaçıb xəstəxanadan uzaqlaşır. Bu qaçış boğulan tülkünün məsəlini xatırladır, məsəli onlardan uzaq. Indi Iran gözləyəcək: Ilham Əliyev qırmızı lenti kəsməyə gələcək, ya yox. Halbuki, Iranın özüylə bağlı planın qırmızı lenti artıq çoxdan kəsilib.