“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hazırda Belarusdadır. O, paytaxt Minskdə Belarusun “Azadlıq uğrunda” Hərəkatının lideri Aleksandr Milinkeviçlə görüşüb.
Görüş barədə məlumatı yerli media belə təqdim edib: “Tanınmış jurnalist və dissident Qənimət Zahid Aleksandr Milinkeviçlə Azərbaycan prezidenti İlham Əliyevin oliqarx klanların dəstəyinə, neft gəlirlərini öz aralarında bölüşdürməyə və fərqli düşünənlərə qarşı repressiyaya söykənən avtoritar hakimiyyəti haqqında fikirlərini bölüşüb.
Aleksandr Milinkeviç və Qənimət Zahid söhbət zamanı vətəndaş cəmiyyətinin qurulması üçün müstəqil televiziyanın inkişafının, həmçinin siyasi motivlərlə repressiyaya məruz qalanlarla bağlı həmrəylik nümayiş etdirməyin vacib olduğunu qeyd ediblər.
“Azadlıq” qəzetinin baş redaktoru qeyd edib ki, ərəb dünyasında baş verən inqilablar Azərbaycan cəmiyyətində rejimdən qorxu hissini azaldıb. Qənimət Zahid Əliyevlər klanının cəmiyyətdəki nüfuzunun aşağı olduğunu deyərək, Azərbaycan xalqının tezliklə avtoritar rejimdən xilas olacağına ümidini ifadə edib.
Onun fikrincə, Azərbaycanın hazırkı rəhbərliyi islahatlara getməyəcək və hakimiyyəti xoşluqla təhvil vermək isətməyəcək. Çünki yüksək rütbəli məmurlar xalqın mənafeyinə zidd olan iqtisadi, siyasi və başqa səpkili əməllərinə görə cavab verməli olacaqlarını bilirlər. Beləliklə, Qənimət Zahid düşünür ki, hakim klanı iqtidardan kütləvi etiraz aksiyaları vasitəsilə kənarlaşdırmaq lazım gələcək, bu aksiyalar isə yaxın vaxtlar üçün qaçılmaz görünür”.
İnformasiya şöbəsi