Qədim Azərbaycan şəhəri Örənqala

Beyləqandan 17 kilometr uzaqda…

V-XIII əsrlərdə Azərbaycanda mövcud olmuş qədim şəhərlərdən biri də Örənqaladır. O, Beyləqan şəhərindən 15 kilometr şimal-qərbdə yerləşir. Mil düzündə yerləşən qədim Örənqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə Milli Elmlər Akademiyasının elmi əməkdaşları I.I.Meşşaninovun rəhbərliyi altında başlayıblar. Bu ekspedisiya Örənqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi.
Bu birinci ekspedisiya aydınlaşdırdı ki, erkən dövrlərdə şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir.
Tədqiqatçı Q.M.Əhmədov öz araşdırmalarında şəhər yerinin tutduğu ərazinin nisbətən böyük, mədəni təbəqənin isə daha qalın olduğunu göstərmişdir. O yazır:
“Örənqala şəhər yeri Mil düzündə – Beyləqan rayon mərkəzindən təxminən 17 kilometr şimal-qərbdə yerləşir. O, hər tərəfdən düzənliklə əhatə olunmuşdur. Örənqala şəhər yerinin hazırkı ərazisi təxminən 36 hektardır. Bu sahə yerin adi səthindən 5-6 metr hündür olan təpələrlə, təpələrin ətrafı isə 1-2 metr dərinliyində və 10-15 metr enində xəndəklərlə əhatə olunmuşdur. Şəhərin içərisindəki sahədə müxtəlif dövrlərdə maddi mədəniyyət qalıqlarından əmələ gəlmiş mədəni təbəqənin qalınlığı düzənliyin adi səthindən 3-4 metr və bəzi yerlərdə daha çox yüksəklikdədir. Şəhərin bütün ərazisini düzbucaqlı şəkildə olan uzun təpələr dövrəyə alır”.
Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş, yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdur. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdır. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatına görə, yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından, Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdir. Buna baxmayaraq, Örənqala şəhər yerindən tapılmış Rey keramikasının ayrı-ayrı nümunələri və çoxlu miqdarda mis sikkələr göstərir ki, şəhərin çiçəklənmə dövrü səlcuq və monqol yürüşləri (XII-XIV əsrlər) dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, “monqol işğalları dövrü” dedikdə, Hülakülər dövləti dövrü nəzərdə tutulur. Belə ki, ilk monqol hücumları zamanı şəhər güclü dağıntıya məruz qalmış, uzun zaman dirçələ bilməmişdir.
Ikinci dəfə Örənqalada arxeoloji qazıntı işləri Ə.Ələkbərovun rəhbərliyi altında 1936-cı ildə aparılmışdır. Qazıntıların nəticəsi olaraq, şəhərin təxmini planını cızmaq və bəzi yerlərdə mədəni təbəqələrin xarakteristikasını vermək mümkün olmuşdur.
1936-cı ildə Örənqaladakı qazıntı işləri yeni şəhər yerində deyil, onun kənarında – yaxınlıqdakı təpələrin birində aparılmışdır. Qazıntı işləri aparılan sahədə mədəni təbəqə dağılmamışdı və gözlənilməz nəticə vermişdi. Ə.Ələkbərov 1936-cı il qazıntıları haqqında yazır ki, qazıntı işlərini təpələrdəki ümumi sahəsi 200 metr olan üç meydançada aparmağa başlayıblar. Təpələrdə aparılan qazıntılar göstərdi ki, bu üç meydançada yerləşən mədəni təbəqələr oxşardır. Hər bir meydançada birinci yarım metr dərinlikdən kərpic qarışıq torpaq qatı, bunun ardınca isə divarları müxtəlif ölçülü kərpiclərlə hörülmüş tikilinin qalıqları üzə çıxmışdı. Ikinci və üçüncü təbəqələrdən eyni ölçülü kərpiclərlə daha ustalıqla hörülmüş tikinti qalığı aşkar edilmişdir.
Birinci dörd təbəqədə aşkar edilmiş evlərin bünövrəsi yaxşı qalmışdır. Kərpicdən arakəsmə divarları olan, kiçik otaqlardan, mətbəx və təndirlərdən ibarət olan tikili daxili planına görə, feodal şəhərləri üçün xarakterikdir.
Ə.Ələkbərov tikinti materialları və bina qalıqlarından başqa buradan çoxlu miqdarda keramika nümunələri tapıldığını qeyd edir.
Arxeoloji qazıntılar gizli sirləri açır
Şəhər yerinin yuxarı hissəsində də xeyli keramika aşkar edilmişdir. Lakin keramikanın müxtəlifliyini diqqətlə təhlil edən Ə.Ələkbərov bu keramika nümunələrinin ayrı-ayrı mədəni təbəqələrə məxsus olduğunu qeyd edir. Ikinci və üçüncü təbəqələrə aid keramika iri, kobud rəsmlərlə bəzədilmiş, ala-bəzək qamma, məsələn, bənövşəyi və tünd yaşıl rənglərdən ibarət, çox da təkmilləşmiş formada olan qalın divarlı gil qablardan ibarətdir. Tapılan keramika nümunələri arasında Rey tipli qabların ayrı-ayrı parçaları da vardır ki, Ələkbərov bu qabların buraya tikinti işləri zamanı aşağı təbəqələrdən qarışdığını yazır.
Ə.Ələkbərov qazıntılar zamanı 160-170 santimetrdən 250 santimetrədək dərinlikdən gildən hazırlanmış qəndilin ayrı-ayrı parçalarının iki topasını aşkarladıqlarını yazır və göstərir ki, bu keramika yığnağı (trizna) evin içində deyil, onun xaricində – çoxlu inşaat zibilinin içərisində tapılmışdır. Bu, onu göstərir ki, tapılmış keramika parçaları daha alt təbəqələrə aiddir. Lakin bu alt təbəqələr hələ qazılmamışdır. Bu təbəqədən həmçinin Kufi yazılı inşaat bəzəyinin və basma naxışlı keramikanın ayrı-ayrı parçaları da üzə çıxarılmışdır. Təbəqənin yuxarı hissəsindən isə Eldənizlərə (XII əsrin sonu -XIII əsrin əvvəlinə) aid xeyli miqdarda mis pullar tapılmışdır. Müəllif göstərir ki, Rey tipli keramika bir qədər erkən dövrə aiddir.
Ə.Ələkbərov aşkar edilmiş Rey tipli keramika fraqmentlərinin fövqəladə müxtəlifliyini, işlənmə texnikasına görə zənginliyini və onların nəbati naxışlarla bəzədildiyini göstərmişdir. Bundan başqa üzərində insan, quş və mifik heyvan şəkli olan qablar da aşkar edilmişdi. Qabların birinin daxili hissəsində oturmuş qadın şəkli çəkilmişdir. Qabların xarici hissəsinə isə ərəb yazılarına oxşar bəzəklər vurulmuşdur. Lakin fraqmentlərin hamısı əldə olunmadığından bu yazıları oxuyub aydınlaşdırmaq mümkün olmamışdı. Bu təbəqədən qırmızı gildən hazırlanmış və basma naxışlarla bəzədilmiş qab da tapılmışdır. Qabın üzərində yüksək ustalıqla ağac və heyvan rəsmləri çəkilmişdir. Belə qabların parçaları xeyli miqdarda şəhər yerinin yuxarı hissəsində tapılmışdı. Bu qabların üzərindəki rəsmlər əsasən həndəsi naxışlar və itin dovşanı qovması səhnəsindən ibarətdir.
Yuxarı təbəqələrdən tapılmış üçüncü tip keramika bir qədər kobud hazırlanmışdır. Bu tip gil qabların üzərində ənənəvi qrifon rəsmi var və qabın alt hissəsinə basılmış möhür isə görünür dulus emalatxanalarına aiddir. Möhürləri nəzərdən keçirərkən onların arasında təkrara da rast gəlmək mümkündür. Eyni möhürə malik qabların daxili hissəsinin omamentikasında və rənglərin seçimində ümumi cəhətlər vardır. Ə.Ələkbərov qeyd etmişdir ki, qabların möhürlərini nəzərdən keçirməklə onların harada istehsal olunduqlarını aydınlaşdırmaq olar.
Qeyd edək ki, hələ I.I.Meşşaninovun Örənqalaya olan birinci ekspedisiyası zamanı müəyyən olunmuşdur ki, aşkar edilən gil qablar elə yerli istehsalın məhsuludur. Beləliklə, Örənqala şəhər yerinə olan ikinci ekspedisiyanın nəticələri belə deməyə imkan verir ki, üçüncü şəhər hesab edilən yer Örənqalanın şəhərkənarı sənətkarlıq məhəlləsidir. Ə.Ələkbərov qazıntı zamanı tapılan bol keramika məmulatının da məhz bu sənətkarlıq məhəlləsində istehsal olunduğu mülahizəsini irəli sürmüşdür.
Ekspedisiya qədim şəhər yerindən şərqə tərəf 200 metr aralıda olan təpələrdən birində kəşfiyyat xarakterli qazıntı işləri də aparmışdır. Burada Örənqala şəhər yerindəki üçüncü təbəqədə aşkar edilmiş yaşayış kompleksinə oxşar daha bir yaşayış kompleksi tədqiq edilmişdir. Məlumdur ki, şəhərin xaricində aparılan bundan əvvəlki qazıntılar zamanı məqbərə qalıqları da tapılmışdı.
Ə.Ələkbərov bu fakta əsasən, qəbiristanlığın şəhər yerinin xaricində mövcud olması fikrini irəli sürmüşdü. O, Örənqala şəhər yeri ətrafındakı tikililər haqqında yazır ki, şəhər yalnız qala divarları ilə hüdudlanmır, bunlarla yanaşı şəhərin kənarında ayrı-ayrı qəsəbələr də yerləşmişdi.
Şəhərin adı ilə bağlı fərqli fikirlər
Ə.Ələkbərov qazıntı sahəsində feodallara və varlı şəhərlilərə aid ev qalıqlarını da tədqiq etmişdi. Alim bunlardan başqa, aşkar edilən kiçik həcmli evlərin isə sənətkarlara məxsus olması mülahizəsini irəli sürmüşdür.
Ə.Ələkbərovun Örənqala şəhər yerində apardığı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qazıntı sahəsinin müxtəlif təbəqələrindən əldə edilən maddi mədəniyyət qalıqlarının əsas hissəsi keramika nümunələrindən ibarətdir. Qeyd edilməlidir ki, keramika istehsalı feodal Azərbaycanında sənətkarlığın əsas sahələrindən biri olmuşdur. Ə.Ələkbərovun apardığı arxeoloji qazıntılar və onların nəticələri böyük marağa səbəb olmuş və Örənqalanın fundamental tədqiqinə yol açmışdır.
Örənqalada üçüncü arxeoloji qazıntını I.M.Cəfərzadənin rəhbərliyilə 1951-ci ilin yanvar ayında Milli Elmlər Akademiyasının Tarix Institutunun təşkil etdiyi ekspedisiya aparmışdır. Bu qazıntılar zamanı Kiçik şəhərin şimal-qərb xəndəyi Böyük şəhərin şimal-şərq divarını üzdə deyil, dərindən kəsdiyi müəyyənləşdirilmiş və həmin divarın ilk dəfə saman qarışıq çiy kərpicdən, sonra isə möhrədən tikildiyi aydınlaşdırılmışdır.
1957-ci ilin yazından Örənqalada qazıntı işləri A.L.Yakobson və N.V.Minkeviç-Mustafayeva tərəfindən aparılmışdır. Qazıntı sahəsi 15 metrlik ərazini əhatə edirdi. Ekspedisiya əldə edilən keramika məmulatının öyrənilməsini davam etdirərək qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bizim eranın V-VI əsrlərinə aid olduğunu müəyyən etmişdi.
Örənqala şəhər yerinin cənub-qərb tərəfindəki qazıntılar orta əsr Azərbaycan şəhəri Beyləqanda dulus istehsalı ilə bağlı yeni faktlar aşkar etmişdi. Belə ki, 0,2-1,0 metr dərinlikdə külli miqdarda şirli və sadə keramika qalıqları aşkarlanmış, sadə keramikaya xas olan dar boğazlı və dörd lüləkli küp qırıqları, fincan, çıraq, nimçə, üzərində yarpaq şəkilli möhürü olan qapaq və s. əldə edilmişdi.
1958-ci ildə V.P.Fomenko tərəfindən Örənqalada məqbərə qalıqları üzə çıxarılmışdı. Məqbərənin kvadrat planda olan kürsülüyünün özülü və ağ rənglə suvanmış otağın döşəməsinin qalıqları salamat qalmışdır.
Beyləqanın qala darvazasını tapmaq məqsədilə 1962-1967-ci illərdə burada qazıntı işləri aparılmışdır. Qala darvazası Örənqalanın “Böyük şəhər” adlanan hissəsinin şimal-qərb qala divarlarının təxminən ortasında yerləşir. Qazıntılardan aydın olmuşdur ki, darvazanın şimal-şərq bürcü orta hissədə 28×6 sm. ölçüdə çiy kərpiclərlə hörülmüşdür.
Örənqala şəhərinin adına gəlincə, Ə.Ələkbərov Paytakaran, Beyləqan və Bilaqamın eyni şəhərin adı olduğunu ehtimal edir. O qeyd edir ki, fars müəlliflərinə görə, Örənqala şəhər yerinin altında Bilaqan gizlənir. Bunu vaxtilə Azərbaycan tarixçisi A.Bakıxanov da təsdiq etmişdi. Bundan başqa, digər fars müəlliflərinin mülahizələrinə görə, Teymur Mil düzündə Örənqala görünüşdə Bilaqan divarları hördürmüşdür.
Ə.Ələkbərov Örənqala adının etimologiyasının “Uran qalası” olduğunu ehtimal etmiş və göstərmişdir ki, bu qədim söz Aran adının transformasiya olunması nəticəsində yarana bilər. Paytakaran adı da həmçinin, Aran sözünün transformasiyası nəticəsində yaranmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir