Təkcə zalın tikintisinə 100 milyondan çox nəzərdə tutulub; ümumi xərc 400 milyona yaxınlaşır
…Tərtərin Qaynaq kəndində ailələr içməyə, yuyunmağa, mal-qaraya su gətirmək üçün evlərindən gündə bir neçə dəfə xeyli uzağa getməli olurlar. Kənddə hamının qapısında yağış suyu yığmaq üçün iri çəlləklər var. Bu suyu toyuq-cücəyə, mal-qaraya verirlər, bəzən elə qaynadıb özləri də içirlər. Azərbaycanda su deyib yanan onlarla belə kənd var. “Azərsu” mütəxəssislərinin mətbuata verdiyi məlumata görə, 1300 kəndin vəziyyəti ağır, 196 kəndinki isə kritik həddədir. Həmin 196 kəndin su dərdinə çarə qılmaq üçün 30 milyon manat lazımdır.
Bəlkə də onlar bu il susuzluqdan qurtulacaqdılar. Əgər “Eurovision” olmasaydı…
Tərtər kimi 15-dən artıq rayonun su təchizatına və kanalizasiya sisteminin yenidən qurulmasına ayrılmış vəsait Bakıda keçiriləcək “Eurovison” mahnı yarışması üçün tikilən Idman-Konsert Kompleksinə yönəldilib.
Nazirlər Kabinetinin sərəncamı ilə müsabiqənin keçiriləcəyi sarayın tikilməsi üçün bu rayonların su və kanalizasiya büdcəsindən 57 milyon manat kəsilib.
105 milyonluq Büllur Zal
Rəsmi sənədlərdə bu bina Idman-Konsert Kompleksi adlansa da, “Eurovision” təşkilatçıları ona “Cristal Hall” və ya “Bakı Büllur Zalı” deyirlər. Bu zal 58 milyon manata başa gəlməli idi. Amma bu zalın tikintisinə əlavə 46 milyon 900 min manat ayrılıb. Beləliklə, metal konstruksiyalı Idman-Konsert Kompleksi Azərbaycana təxminən 105 milyon manata başa gəlir.
Hərçənd həm sifarişçi – Dövlət Əmlak Komitəsi, həm də onu tikən alman şirkəti – “Alpine Bau Deutchland AG” ümumi xərcin məbləğini gizli saxlamaq istəyir. Şirkətin kommersiya direktoru Rolf Herr qısaca deyir: “Dövlət Əmlak Komitəsinə gedin”.
Əmlak Komitəsi və Maliyyə Nazirliyi isə sorğuları cavabsız qoydu.
Polşadakı stadionla Büllur Zalın fərqi
Son illərdə “Alpine Bau Deutchland” Polşada futbol üzrə Avropa Çempionatının keçiriləcəyi stadionu da tikib.
Rolf Herr deyir ki, onların Polşada 2-3 il vaxtları olub: “Futbol stadionunun ölçüləri də fərqlidir, 60-80 min tamaşaçıya hesablanıb. Bu bina isə 22-25 min tamaşaçı üçün nəzərdə tutulub. Isitmə, soyutma sistemi də qururuq. Bu layihələri müqayisə etmək olmaz. Polşadakı stadionun 70-80 faizi betondan ibarət idi. Beton bloklar Polşada istehsal olunurdu, burda isə hər şey Avropadan gətirilir.
Dam orda da metal konstruksiyadan ibarət idi. Amma burdakı layihə dizayn baxımdan daha çətindir. Burda tavan bağlanır. Polşada isə stadionun tavanı tam örtülü deyil. Bakıdakı binanın damının konstruksiyası Polşadakı stadionla müqayisədə çox çətindir”.
Rolf Herr deyir ki, bina uzunömrülüdür, amma o, rəsmi olaraq binaya neçə il zəmanət verdiklərini söyləmir: “Tutalım, maşın almısınız. Ona yaxşı baxmasanız 2 ilə dağılacaq. Amma yaxşı baxsanız, 20-30 il xidmət edə bilər”.
“Əgər layihə təcili olmasaydı, nə qədər vaxta tikilərdi? Nə qədər dayanaqlı olardı? Daha ucuzmu olardı?” suallarına isə Rolf Herrin cavabı belə olub: “Bunu deyə bilmərəm”.
Camaat evini bir ilə güclə təmir edir…
Bir ilə tikilən binanın keyfiyyətilə bağlı suala cavab olaraq memar Elçin Əliyev deyir camaat mənzilini 1 ilə güclə təmir edir: “Onlar bu boyda layihə gerçəkləşdirirlər. Hər şey ola bilər. Bəlkə də 100 fəhlənin yerinə 100 min fəhlə gətirsələr 2 aya tikmək olar. Amma düzü, tələskənlik olan yerdə problemlər də qaçılmazdır. Tutaq ki, özül qoyulanda betonun quruması üçün vaxt lazımdır. Amma bunu məşhur bir şirkət inşa edirsə, yəqin bunları nəzərə alıb”.
Elçin Əliyev əlavə edir ki, tikintinin yaxşı olması üçün hazırlıq dövrü də mühümdür: “Hansısa binanı 1 ilə tikmək üçün azı 1 il də hazırlıq işləri aparılmalıdır. Tikmək axırıncı mərhələdir. Belə bir binanı 2 ilə də tikmək olar, bəlkə 1 ilə də. Hər şey asılıdır şirkətin texniki imkanlarından, resurslardan. Bəlkə orada 10 minlərlə adam işləyir, onda tez tikmək olar…”
Idman-Konsert Kompleksinin tikintisi ilə bağlı sərəncam ötən il avqustun 8-də verilib. Oktyabrın 20-də isə maliyyə mənbəyi ilə bağlı başqa sərəncam verilib. Deməli, inşaatçıların 1 ildən daha az vaxtları olub.
109 milyonluq yol
“Cristal Hall”un tikildiyi ərazidə – Dövlət Bayrağı Meydanı yaxınlığında yol da salınır. Daha doğrusu, Bayıldan Bayraq Meydanına qədər 3 kilometrlik avtomobil yolu əsaslı təmir olunur və yenidən qurulur. Həmin ərazidə 3 yeraltı keçid də tikilir. Bunun üçünsə ilkin olaraq 65 milyon manat ayrılıb.
Bu məbləğə “Bayraq Meydanı” ərazisində yolun avtomobil yolunun genişləndirilməsilə əlaqədar su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması daxil deyil. Bunun üçün də 12 milyon manatdan artıq vəsait ayırıb.
Tikintini aparan “Azvirt” şirkəti belə bahalı yolun texniki göstəriciləri haqda susub sifarişçi “Azəryolservis” ASC-ni nişan verir. Şirkətdən bircə onu deyiblər ki, nəzərdə tutulmayan xərclərə görə, yolun qiyməti arta bilər.
1 kilometri 37 milyon manata başa gələn yol
“Azvirt”lə danışandan az sonra məlum olub ki, fevralın 6-da Nazirlər Kabineti yolun tikintisinə əlavə 20 milyon manat ayırıb. Hökumət həmçinin yolun çəkilişi zamanı tikinti altına düşən obyektlərin köçürülməsinə də əlavə 12 milyon 300 min manat ayırıb.
Beləliklə, bu yolun 1 kilometri az qala, 36,4 milyon manata başa gəlir. Halbuki, Dünya Bankı 2 zolaqlı yolun çəkilişinə və ya təmirinə təxminən 1,2-2 milyon dollar, 4 zolaqlı yolun tikintisinə 4-7 milyon dollar xərcləyir. Dünya Bankından verilən məlumata görə, Azərbaycanda indiyədək 300 kilometr yol çəkiblər və buna 950 milyon dollar xərclənib.
3 kilometrlik yol niyə 109,3 milyon manat civarında dəyərləndirilib? “Azəryolservis”ə göndərilən suallara cavab veriləcəyi bildirilsə də, bu, vəd olaraq qaldı.
Amma “Eurovision” ərəfəsində infrastruktur üçün nəzərdə tutulan xərclər bununla bitmir. Müsabiqənin keçirmək üçün hökumətin “B” variantı da var idi. Bu, Tofiq Bəhramov adına stadiondur ki, onun da təmir və bərpasına 40 milyon manat ayrılıb. Ötən ilin payızında isə stadionun maddi-texniki bazasının yaxşılaşdırılmasına, təmir və bərpasına təxminən 30 milyon manat ayrılmışdı.
Korrupsiya, yoxsa heyrətləndirmək həvəsi?
Iqtisadçı Natiq Cəfərli hökumətin “Eurovision” müsabiqəsində bədxərc olduğunu düşünür: “Belə səxavətlə böyük pulların ayrılmasının səbəbləri müxtəlifdir. Birincisi, nəzarətsiz, qeyri-şəffaf xərclənən pullar korrupsiya mənbəyinə çevrilir. Ikincisi, hakimiyyət öz düşüncəsinə və dünya görüşünə görə, bu yarışmaya qatılanları, beynəlxalq KIV-i meqa layihələrlə, vizual görüntü ilə heyrətə salmaq istəyir”.
“Eurovision”a başqa ölkələrdə çəkilən xərclər
2004-cü ildə “Eurovision”a ev sahibliyi edən qonşu Türkiyə təxminən 55 milyon manat xərcləyib. Istanbul Böyük Şəhər bələdiyyəsindən verilən məlumata görə, onlar yarışma keçirilən binada – Abdi Ipəkçi Idman Salonunda təmir işləri aparıblar, parkları qaydaya salıblar, bəzi yerlərdə ağac əkiblər, əlavə zibil qutuları gətiriblər. 24 saatlıq iş rejiminə görə təmizlik işçilərinin sayını artırıblar. Meydan və qala divarlarında işıqlandırılma sistemi qurulub. Abdi Ipəkçi Idman Salonu yerləşən ərazidə 35 səyyar tualet quraşdırılıb və bir çox başqa işlər görülüb. Bu məbləğin içində həm də yarışma üçün birbaşa xərclər də nəzərdə tutulub.
1 kilometri 37 milyon manata başa gələn yolun tikintisində çalışan fəhlə Elşad Səfərov isə bu milyonlardan gündəlik 15 manat alır. 30-35 yaşlı, ailəsini hələ də öz ocağının başına yığa bilməyən Elşad Səfərov deyir ki, qarlı-çovğunlu gündə belə, işdən qalmırlar. Gündə 10-11 saat işləyiblər ki, yolu vaxtında təhvil versinlər.
“Azadlıq” radiosu